Səfirlik qalmaqala aydınlıq gətirdi

Azərbaycanın Fransadakı səfirliyi Parisdə erməni diasporunun Dağlıq Qarabağa dair təşkil etdiyi tədbirdə baş vermiş qalmaqala aydınlıq gətirib.

Səfirliyin mətbuat katibliyindən APA-nın Avropa müxbirinə bildirilib ki, Azərbaycan-Fransa münasibətləri inkişaf edir, iki ölkə arasında təhsil, elm, mədəniyyət, iqtisadiyyat, kənd təsərrüfatı, energetika sahəsində bir çox saziş və müqavilə imzalanıb: “Azərbaycan Fransa ilə siyasi sahədə də əməkdaşlığa böyük önəm verir. Aparılan məqsədyönlü işlər nəticəsində, ölkəmizə dost olan və bizi dəstəkləyən siyasətçilər, elm xadimləri, jurnalistlər və adi vətəndaşların sayı get-gedə artır. Mətbuat nümayəndələri ilə təşkil olunan görüşlər nəticəsində fransız mətbuat orqanlarında Azərbaycanın mövqeyi daha çox eşidilir. Bu da 600 000 erməni icmasını ciddi narahat edir. Ənənəvi olaraq, güclü siyasi təsirə malik olan erməni icması ölkəmizlə aparılan siyasi və mətbuat müharibəsində mövqelərini itirir. Əvvəllər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə fransız siyasətçilər və mətbuat orqanları sırf erməni mövqelərini əks etdirirdisə, indi vəziyyət dəyişilməyə doğru gedir, erməni mövqeyi ilə yanaşı, bizim mövqeyə də xüsusi diqqət yetirilir. Qeyd etmək lazımdır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu dəfələrlə qeyd edib”.

Qurumdan bildirilib ki, bir neçə il əvvəl, bir neçə fransız turizm şirkəti Azərbaycanın işğal olunmuş ərazilərinə turlar təşkil edirdisə, səfirliyin müdaxiləsindən sonra həmin şirkətlərin sayı sıfıra enib: “İlin əvvəlindən Azərbaycan tərəfi Paris şəhərinin 5-ci meriyasında 3 tədbir təşkil etmişdi. Tədbirlərin uğurla keçməsi diqqətsiz qalmır. Erməni icmasının nümayəndəsi, Parisin 5-ci rayonunun mer müavini Flora Kalustyan Dağlıq Qarabağa dair elmi konfrans keçirmək qərarına gəlib. Özünü tarixçi sayan riyaziyyat müəllimi Klod Mutafyan tərəfindən aparılan konfrans mayın 19-da təşkil olunmuşdu. Biz səfirlik olaraq, təbii ki, tədbirə dəvət olunmuruq, lakin dostlar ora dəvətnamənin alınmasında bizə yardımçı oldular. Azərbaycanın Fransadakı səfirliyin əməkdaşları, Fransanın Azərbaycan Dostları Cəmiyyəti, Azərbaycan Evi və digər fəal həmvətənlilərimiz tədbirə qatıldılar. Ermənilər həmişəki kimi, heç bir ciddi mənbəyə əsaslanmayan, fotoşop hesabına düzəldilmiş "erməni xəritələri" ilə Dağlıq Qarabağın tarixi erməni ərazisi olduğunu sübut etməyə çalışıblar. Ancaq biz belə cəfəngiyatları cavabsız qoymuruq. Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı faktlarla çıxış edərək bu iddiaların yalan olduğunu sübuta yetirib. Ermənilər əks arqument gətirmək əvəzinə, diplomatları fitə basıb, qışqır-bağır hesabına Azərbaycan tərəfini susdurmağa çalışaraq, zalı nümayişkəranə şəkildə tərk etməyə başlayıblar. Bildirmək istəyirik ki, səfirlik ölkəmiz və münaqişə haqqında Fransa ictimaiyyətinə həqiqətlərin çatdırılması məqsədilə apardığı məqsədyönlü işdən əlavə, Fransada çoxsaylı erməni icmasının, təşkilat və qurumların fəaliyyətini daim yaxından izləyir. Hər hansı təxribat və yaxud, ölkəmizi mənfi imicdə göstərmək cəhdləri olduğu təqdirdə, dərhal tədbir görür”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar