Ramiz Mehdiyevin kitabının təqdimatı keçirildi

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Nadir şah Əfşar. Diplomatik yazışmalar” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, kitabda ilk dəfə akademik Ramiz Mehdiyev Nadir şah Əfşarın türk-oğuz mənşəli hökmdar olduğunu ortaya qoyub. O deyib ki, kitabda Nadir şah Əfşar tək hərbi sərkərdə yox, iqtisadi, miqrasiya və digər sahələrdə islahatlar həyata keçirən dövlət xadimi kimi təqdim olunur: “Kitabda Nadir şah Əfşarın müxtəlif ölkələrlə diplomatik yazışmaları, diplomatiya sahəsində məharətindən bəhs edilir. Bu kitab Azərbaycan dövlətçiliyinin öyrənilməsi üçün əhəmiyyətlidir”.

Prezident Administrasiyasının əməkdaşı Eldar Əmirov qeyd edib ki, indiyə qədər Nadir şah Əfşarın diplomatik yazışmaları Azərbaycan dilində mövcud olmayıb, bu kitab bu sahədə boşluğu da aradan qaldıracaq: “Bu tədqiqat Nadir şah Əfşar haqqında həqiqətlərin ortaya çıxmasına zəmin yaradacaq. Azərbaycan müstəqillik əldə etdikdən sonra Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar və digərləri haqqında stereotipləri dağıtmaq zəruri idi. Bu insanların Azərbaycan dövlətçiliyi ilə bağlı xidmətlərini kiçiltmək cəhdləri var, onları İran şahlar kimi təqdim etməyə çalışırlar. Araşdırmalar aparmaq üçün ilkin mənbələrin yazıldığı dili bilmək lazımdır, yoxsa dəyərli əsər ortaya qoymaq mümkün deyil. Azərbaycan mənbəşünaslığında böyük boşluqlar var. AMEA-da böyük mütəxəssislər var, inanıram ki, bu sahədə daha böyük tədqiqatlar aparılacaq”.

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov internet məkanında Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələmək meyllərinin müşahidə olunduğunu, bəzi telekanallarda tarixi şəxsiyyətlərdə qüsur axtarışının aparıldığını vurğulayıb: “Erməni tarixçiləri də tarixi şəxsiyyətlərimizi ləkələməyə çalışırlar. Akademik Ramiz Mehdiyev Nadir şah Əfşarın Azərbaycanın dövlət xadimi olduğunu ortaya qoyub. Nadir şah Səfəvilər imperiyasının sərhədlərini bərpa edib, o cümlədən Hindistanı da bu imperiyadan asılı vəziyyətə asılıb. Tarixdə 3 hökmdar – Makedoniyalı İsgəndər, Əmir Teymur və Nadir şah Əfşar Hindistanı asılı vəziyyətə sala bilib. Müxtəlif tayfaların hərbi müqavimətini qıraraq mərkəzi hakimiyyəti gücləndirmək vacib idi, kənar qüvvələr məzhəb ayrılığından istifadə edərək bu qarşıdurmanı gücləndirməyə çalışıblar. Ancaq Nadir şah Əfşar məzhəb ayrı-seçkiliyində rol oynayan mollaları, din xadimlərini ciddi cəzalandırmaqla məzhəb ayrı-seçkiliyinə son qoymağa çalışıb. Bir məsələni də nəzərə almaq laxımdır ki, bugünkü İran və digər torpaqları Azərbaycan hökmdarları idarə edib. Bizim kiməsə qarşı torpaq iddiamız yoxdur, ancaq tariximizdən niyə imtina etməliyik?..”

AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib ki, İran tarixşünaslığında Nadir şah Əfşar barədə 23 kitab və monoqrafiya dərc olunub: “Müasir İran tarixşünaslığında Nadir şah Əfşarla bağlı yeni tədqiqatlar aparılmaqdadır. İran tarixşünaslığında Nadir şah Əfşara iki baxış var. Birincisi, İran dövlətçiliyini xilas edən xilaskar kimi əfsanələşdirilir, ikinci baxışda isə ömrünün sonlarında tətbiq etdiyi sərt cəzalara görə pislənir. Türk birliyi ideyasının daşıyıcısı olan Nadir şah Əfşar Azərbaycan dövlətçilik tarixində mühüm rol oynayıb. Tarix boyu Nadir şah Əfşar imperiyası İran imperiyası kimi təqdim olunur, Nadir şahın mənsubiyyəti inkar olunmasa da, İran dövlətçiliyinə xidmət etdiyi vurğulanır. İranda islam inqilabından sonra bu ölkədə azərbaycanlılar Nadir şah Əfşar və onun mübarizəsi barədə həqiqətlərlə bağlı elmi məqalələr, araşdırmalarla çıxış edirlər. Nadir şah Əfşar əsrlər boyu islam aləmini parçalayan sünni-şiə məzhəbi ilə bağlı məsələnin həllinə də çalışıb”.

AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı Nadir şah Əfşarın Şərqin Napoleonu kimi də tanındığını qeyd edib: “Nadir şah Əfşar ölkənin ərazisini genişləndirib. Həmin dövrdə Avropa ölkələrində güclü donanma vardı. Nadir şah Əfşar özündən əvvəlki hökmdarların da baxışlarından yararlanaraq hərbi donanma yaradıb. Digər tərəfdən, Nadir şah islamda radikalizm və parçalanmanın qarşısını almaq istiqamətində fəaliyyət göstərib. O, maarifləndirməni də bu istiqamətdə mühüm sayıb”.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru müavini, filologiya elmləri doktoru Paşa Kərimov sovet stereotipi ilə hazırlanmış əsərlərlə Azərbaycan tarixini yazmağın mümkün olmadığını bildirib.

AMEA prezidenti Akif Əlizadə isə Ramiz Mehdiyevin dövlətçiliklə yanaşı, elmi fəaliyyətə də geniş yer ayırdığına diqqət çəkib: “Azərbaycan tarixi ilə bağlı akademik Ramiz Mehdiyevin seriya əsərləri bir proqram kimi qəbul olunmalı, Tarix İnstitutunda təhlil edilərək istiqamətlər üzrə şaxələndirilməli, bu istiqamətlər tədqiq olunmalıdır. Mən rus sektorunda oxumuşam, Nadir şah Əfşar barədə heç nə tədris olunmurdu. Ancaq bizim tariximiz çox zəngin bir tarixdir. Akademiya adından akademik Ramiz Mehdiyevə təşəkkür edirik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar