Dövlət, hökumət, nazir... rəiyyət və bir şüşə araq

Cibuti kədlisinin «siyasi söhbəti»

Mirzə AĞ

Cibuti haqqında qısa arayış: Bu Şərqi Afrika dövləti ekvatordan 3,5 santimetr şimali-şərqdə yerləşir. Şərq tərəfdən sahillərini Ədən körfəzinin suları yuyur (bizim Xəzər kimi). Paytaxtı - Cibuti şəhəridir (bizim Bakı kimi). Əhalisi ərəb və fransız dillərində danışır (biz rus, ərəb, ingilis dillərində alayarımçıq danışdığımız kimi). Rəvayətə görə (qədim Şumer rəvayəti «Enuma Eliş»), bizim əcdadlarımız bu yerlərə Cibuti elindən gəliblər. Rəvayəti tam halında növbəti yazıda «nağıl eliyəcəm»...

Bir gün, bir cibutili rəiyyət tanıdığı dövlət nazirlərindən biri ilə söhbət eləyir. Maraqlı olduğu üçün söhbəti hörmətli oxucularımızın diqqətinə çatdırmağı özümə borc bildim. Di, aldı görək, nə dedi:

- Atamoğlan baba, sən nazir adamsan, nəçənniklə-pristavla oturub-durursan, padşah yanında sözün keçir, olarmı ki, bəzi mətləbləri soruşum səndən?

- Olar, bala - əlbəttə olar...

- Dövləti nə üçün yaradırlar?

- Yaradırlar ki, dövlət də özünün hökumətini (nazirlər yığnağını) yaratsın.

- Bəs, hökuməti nə üçün yaradırlar?

- Yaradırlar ki, o da nazirliklərini yaratsın.

- Bəs nazirlikləri?

- Yaradırlar ki, başına başqan - nazir təyin eləsinlər...

- Nazirlər nəyə lazımdır?

- Birincisi, lazımdır ki, başına müavinləri toplasın. İkincisi, lazımdır ki, ölkədə bir fəaliyyət istiqamətini nəzarət altına alıb, talan-qarətlə məşğul olsun.

- Bəs, nazir müavinləri nəyə lazımdır?

- Ora-bura buyurmaq, lazım gəldikdə isə «qurbanlıq keçi»qismində güdaza vermək üçün. Talanmış sərvətdən də bir qədər pay ayırırlar ki, onlar da «genəlib fors eləsinlər».

- Bəs, əhali nə üçündür?

- Nə axmaq sualdır?! Əlbəttə ki, işləyib, hökuməti yedirtmək üçün.

- Bəs, əhali nə vaxt vətəndaş olur?

- Dövlət olanda.

- Anlamadım, baba...

- Heç anlamağın lazım da deyil. Sənə nə var ki?! Öl yerində, burnunu hər yerə soxma, uşaqsan bala...

- Bəs, neyləyim, baba?

- Canına azar elə!

- Niyə?

- Çünki sən köləsən!

- Bəs, niyə köləyəm?

- Çünki mən nazirəm (nazir müaviniyəm)...

- Anlamadım, baba.

- Anlamaq üçün baş və içində ağıl gərəkdir.

- Bəs, mənim başım?

- İçi boşdur.

- Yaxşı ki, boşdur, baba.  Dolu osaydı, fikirləşib qanardım ki, müftəxor bir nazir (müavini) nə üçün mənim ağam olmalıdır? Və onu götürüb çırpardım yerə - tikə-tikə olardı! İnsanların da canı parazitin birindən qurtarardı...

- Sən yaxşı oğlana oxşayırsan, gəl, belə eliyək - sənə bir şüşə araq alım, apar iç - kef elə. Sonra mənzil də düzəldərəm. Amma sən, heç fikirləşib eləmə bala, uşaqsan hələ...

- Nə yaxşı, al.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar