Yanan binanın təmiri qanunu pozan deputata tapşırılıb

Nazim Məmmədov: “Ağalar Vəliyevin Milli Məclis üzvü olaraq ASC-yə rəhbərlik etməsi qanunların kobud şəkildə pozulmasıdır”

Xəbər verdiyimiz kimi Binəqədi rayonunda yanan binanın təmiri “Azəraqrartikinti” ASC-yə həvalə olunub. ASC-nin rəhbəri, Milli Məclisin deputatı Ağalar Vəliyev “Yeni Müsavat”ın suallarını cavablandırarkən maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, deputat gəlir gətirən ASC-nin təsisçisidir. Deputatın özü bu fəaliyyətinin qanunsuz olmadığını deyir. Bəs qanun nə deyir?

Bu və digər məsələlərlə bağlı musavat.com-un suallarla sabiq deputat, iqtisadçı ekspert Nazim Məmmədovun cavabı belə olub: "Deputat İlyas İsmayılov dəfələrlə Milli Məclis üzvlərinin statusu ilə bir araya sığmayan fəaliyyət göstərmələri məsələsini qaldırıb. Deputat fəaliyyəti haqda qanuna, konstitusiyaya zidd olan fəaliyyətlə deputatın məşğul olması qanunsuzdur. Bu gün Milli Məclisdə 40 nəfər deputat var ki, müxtəlif institutların direktoru, universitet rektoru, dövlət şirkətlərinin rəhbəri, ASC sədri vəzifələrini daşıyırlar. Bu adamlar bizneslərinin başında duraraq qanunu pozurlar. Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının yekun protokolunu təsdiq etdikdən sonra qanunvericiliyin tələbinə görə kommersiya fəaliyyəti göstərən, digər ödənişli vəzifələr daşıyan şəxslər həmin vəzifədən azad olunmaları haqda əmrin surətini Mərkəzi Seçki Komissiyasına, Konstitusiya Məhkəməsinə təqdim etməlidirlər. Bu, onların üzərinə qanunun qoyduğu öhdəlikdir”.

N.Məmmədov 2005-ci ildə deputat seçildikdən sonra qanuna müvafiq olaraq “Ataxan Dəmir Sənaye” MMC-nin təsisçiliyindən ailə üzvünün xeyrinə imtina edib və bu haqda əmrin surətini müvafiq qurumlara təqdim edib: “5 il ərzində müəssisələrimin həndəvərinə belə getmədim. Fəaliyyətim deputat ofisi ilə bağlı oldu. Güman etmirəm ki, bu gün Milli Məclisdə oturan 40 deputat qanunu bilmir. MSK, Konstitusiya Məhkəməsi, deputat etikasına nəzarət edən komissiya, Milli Məclis rəhbərliyi bu məsələyə dırnaqarası baxır. Beləliklə, nümunə olmalı şəxslər qanununun müddəalarını pozurlar, çox pis nümunə göstərirlər. Yanan bina ilə bağlı deputatın jurnalistlərin qarşısına çıxıb binanın qiymətləndirməsindən, ora keçirilən baxışdan danışması birbaşa biznes fəaliyyəti ilə məşğul olmasının sübutudur”.

Binadakı faciədən sonra məlum oldu ki, poliuretan məhsuluna Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AzTEST mərkəzi sertifikat verib. Məhsul “Dərnəgül Boru Zavodu”nun laboratoriyasında sınaqdan keçirilib. Bu halda iş icraçısının suçu nə dərəcədədir?

N.Məmmədov deyir ki, iş icraçısının həbsi onun üçün gözlənilməz olub: “Məncə, digər insanları hədəfdən yayındırmaq məqsədilə iş icraçısının həbsi reallaşdı və cənab prezidentə bu haqda raport verildi. Əslində istintaq aparılmalı və əgər istintaq zamanı müəyyən olunsa ki, iş icraçısı bilərəkdən keyfiyyətsiz materialdan istifadə edib, bu halda onun həbsi ədalət prinsiplərinə söykənərdi. Axı həmin sertifikatı verən dövlət qurumudur, iş icraçısı deyil. Bu sertifikatın saxta olması haqda da ortada fakt yoxdur. Əgər saxtadırsa, bunu ortaya qoymalıdırlar. Saxta deyilsə, bunun izahatı verilməlidir. Bilinməlidir ki, həmin materiala rəy hansı əsaslarla verilib, kim verib? İstintaq bu məsələdən başlamalı idi. O sertifikatı verən adamlar istintaqa cəlb olunmalıdır, nəinki iş icraçısı”.

Deputat Ağalar Vəliyev qəzetimizə müsahibəsində deyib ki, icraçı sifarişçiyə sertifikat təqdim etməlidir ki, bu material yanğına davamlıdır. Heç bir icra başçısının laboratoriyası yoxdur ki, icraçının təqdim etdiyi sertifikata inanmasın. Sual yaranır - məgər iş icraçısının laboratoriyası var?

N.Məmmədov bu suala belə cavab verdi: “İş icraçısı istehsalçıdan alır. İstehsalçıya da həmin malın keyfiyyətli olması haqda sertifikatı dövlət qurumu verirsə, iş icraçısının məsuliyyətindən söhbət gedə bilməz. Məgər siz mağazadan aldığınız malın keyfiyyətli və ya keyfiyyətsiz olmasını evinizdə quraşdırdığınız laboratoriyada yoxlayırsınız? Əlbəttə ki, yox! Çünki malların keyfiyyətli olmasını təsdiqləyən, bundan sonra satışa çıxarılmasına icazə verən dövlət qurumu var. Keyfiyyətsiz mal bazara çıxıbsa, buna dövlət qurumu sertifikat veribsə, iş icraçısının məsuliyyəti sadəcə yoxdur. Çünki həmin malın adi gözlə keyfiyyətli və ya keyfiyyətsiz, oda davamlı və ya əksinə olmasını müəyyən etmək vəzifəsi iş icraçısının, istehlakçının vəzifəsi deyil!”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar