"Putindən istefa yox, rasionallıq istəyirik..."

ABŞ vitse-prezidenti Joe Biden Rusiya prezidenti Vladimir Putini tənqid atəşinə tutaraq, Ukraynaya silah tədarük etmək məsələsinin hələ də Ağ Ev tərəfindən nəzərdən keçirildiyini bildirib. Eyni zamanda o, Vaşinqtonun Rusiyada hakimiyyət dəyişikliyinə çalışmadığını qeyd edib.

Çərşənbə günü Vaşinqtonda Buckingham İnstitutunda çıxış edən Biden Rusiya prezidentini Ukraynaya dair “sərt təcavüzə” görə tənqid edib və Vladimir Putinin “öz evində aqressiv repressiyalar” üçün məsuliyyət daşıdığını bildirib.

Joe Biden bu nitqlə prezident Barak Obamanın Bavariyaya, Ukraynanın vəziyyəti müzakirə olunacağı gözlənilən, Böyük Yeddilərin sammitinə səfəri ərəfəsində çıxış edib.

ABŞ Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən nazir Ashton Carter və Birləşmiş Qərargah Rəisləri Komitəsinin başçısı general Martin Dempsey, Ukraynaya silah tədarükünü başlamağa çağırıblar.

Lakin, bir çox Avropa ölkələrinin bu kimi təşəbbüsə mənfi münasibətini nəzərə alaraq, prezident Obama hələlik bunu etməkdən imtina edir.

Miflər və xəyallar

Biden deyib ki, Rusiyanın Ukraynaya dair münasibəti dünya nizamını ciddi nəticələrlə təhdid edir.

“Çin və bir çox başqa ölkələr dünya birliyinin reaksiyasını diqqətlə izləyirlər”, - ABŞ vitse-prezidenti deyib.

Biden-in sözlərinə görə, Ukraynanın şərqində 6 mindən çox insan həyatını aparmış münaqişə Qərb və NATO üçün bir sınaq olub. O əlavə edib ki, prezident Putin, ümid edərək ki, özü hazırkı Ukrayna hökumətindən daha çox hakimiyyətdə qalar və onun müttəfiqlərini qorxudar, “bütün Avropa üzrə mövcud nizami qaydanın əleyhinə çıxış edən istər ifratçı sağ, istər ifratçı sol partiyaları maliyyələşdirərək” Qərb ölkələri siyasi dairələrinin dəstəyini almaq istəyir.

Rusiya prezidentinin fərqli düşünənlərə və geylərə dair siyasətini səciyyələndirən Biden deyib ki, “Putinin öz dünya görünüşü ilə Avropa xalqlarına, lap elə Rusiya xalqına təklif edəsi bir şey yoxdur, mifdən və illüziyadan başqa”.

Joe Biden eyni zamanda ABŞ və Rusiyanın İranın nüvə proqramı üzrə danışıqlarda tərəfdaşlar qaldığını qeyd edib və deyib ki, ABŞ Putinə Ukrayna böhranını zəiflətmək naminə “geriləmə yolu” təklif etməkdə davam edir.

“Biz onu aşağılamaq istəmirik, - Biden deyib. – Biz rejim dəyişikliyinə nail olmaq istəmirik. Biz Rusiya daxilində fundamental dəyişikliyə nail olmaq istəmirik. Biz istəyirik ki, o, bizim nöqteyi-nəzərimizdən özünü rasional aparsın”.

Biden qeyd edib ki, prezident Putini rasional insan hesab edir və güman edir ki, Rusiya prezidenti Ukraynada maksimum mümkün olana nail olmağa çalışar. ABŞ vitse-prezidenti Avropa ölkələrini Rusiya üzərinə qoyulan sanksiyaları uzatmağa çağırıb və Amerika sanksiyalarının ləğv edilməyəcəyini vəd edib.

İslahatlar

Ukraynaya toxunan Joe Biden deyib ki, Kiyev hökuməti bundan sonra da Birləşmiş Ştatların dəstəyindən faydalanmaq istəyirsə, bütün səviyyələrdə korrupsiyanı araşdırıb ləğv etməli, eləcə də siyasi islahatlar etməlidir.

ABŞ hökuməti artıq Ukraynaya 470 milyon dollar məbləğində iqtisadi yardım təqdim edib və hər birinin bir milyard dollar təşkil edən iki kredit qarantiyası imzalayıb.

Daha bir milyard dollarlıq kredit zəmanəti bu ilin sonuna vəd edilib, lakin bu Ukraynada islahatlar prosesindən asılıdır.

“Nə qədər ki Ukrayna liderləri islahatlar layihəsinə sadiq qalır, ABŞ onlarla çiyin-çiyinə duracaq”, - ABŞ vitse-prezidenti deyib. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar