“Pul ödəməklə cinayətlərdən can qurtarmaq...” - İlyas İsmayılov

“Şəxsin ləyaqət və şərəfinin maddi ekvivalenti, ölçüsü yoxdur və ola da bilməz”

Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov parlamentin bugünkü iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı çıxış edib. AzPolitika.info partiyanın mətbuat xidmətinı istinadla həmin çıxışı təqdim edir:

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) və 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələrinə təklif olunan dəyişiklikləri – yəni bu maddələrin sanksiyasından cərimə cəzasının (beş yüz manatdan min manatadək) çıxarılmasını tamamilə düzgün sayıram. Belə ki, cəzanın tərbiyəvi əhəmiyyəti tələb edir ki, o, ilk növbədə ictimai hüquq düşüncəsini təmin etsin və bunun üçün mütləq cəza ədalətli olmalı, başqa sözlə, cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətmiş şəxsin təqsirinə uyğun olmalı və mümkün qədər cinayətin təbiətindən doğmalıdır. Şəxsin ləyaqət və şərəfinin maddi ekvivalenti, ölçüsü yoxdur və ola da bilməz. Odur ki, yuxarıda qeyd etdiyimiz cinayətlərə görə cərimə cəzası qətiyyən ictimai hüquq düşüncəsinin təmini baxımından yararlı deyildir: cinayətkarın hüquqi düşüncəsində də “pul ödəməklə cinayətlərdən can qurtarmaq, ədalət mühakiməsini satın almaq olar” təsəvvürü yarada bilər.

Qeyd edilən cinayətləri törədən şəxslər zərərçəkmişlərin şərəf və ləyaqətinə qəsd edərək onların cəmiyyətdə, yaşadıqları və işlədikləri mühitdə nüfuzlarına ləkə vurur, başqalarının onların əxlaqi keyfiyyətlərinə inamını sarsıdır və beləliklə də onlara mənəvi sarsıntı yaşadırlar. Mənəvi əzabdan başqa bu zərərçəkmişlərə bəzən fiziki ziyan da yetirilir. Zənnimcə, cərimə cəzası zərəçəkmişin təhqir olunmuş ləyaqət hissini daha da dərinləşdirir və onda cinayətkarın cəzasız qalması təsəvvürü yaradır.

Göstərilən maddələrin sanksiyalarında cinayət hüququnun maddi ödəniş ilə yanaşı əmək kollektivlərinin nəzarətini, tərbiyə-təsir vasitələrini özündə birləşdirən islah işləri kimi daha effektli vasitənin də nəzərdə tutulması cərimə cəzasını mənasız edir. Özü də bu cəza növünün tətbiqində maddi ödənişin şərtləri elədir ki, onun ağırlığı cinayətkarın ailəsinə daha az təsir edir və zərərçəkmişdə və onun yaşadığı və işlədiyi mühitdə təqsirkarın pulla canını qurtardığı təsəvvürü yaratmır.

152-ci, 153-cü, 171-ci maddələrə əlavə olunan 152.2, 152.3, 171.2.3 bəndlərini də düzgün sayıram. Bir gözəl deyim var – tərbiyəçinin özü tərbiyəli olmalıdır. Bu o deməkdir ki, göstərilən maddələrdə nəzərdə tutulan əməlləri yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə məsuliyyət daha da ağır olmalıdır. Göstərilən bəndlərin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək (171.2.3 bənddə 8 ilədək) müddətə azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur. Bu sanksiyalara, ancaq bir iradım var. Düşünürəm ki, göstərilən maddələrdə nəzərdə tutulan cinayətkar şəxslər bütün hallarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməlidirlər. Odur ki, maddələrin sanksiyalarında “və ya edilməməklə” sözləri çıxarılmalıdır.

Nəhayət, 152-ci maddədə mənim anlamadığım bir qeyd var. Orada deyilir: “Bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.”

CM-in 20.1-ci maddəsinə görə cinayət törədənədək 16 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. 20.2 maddədə sadalanan cinayətlərə görə isə 14 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Qanunda belə dəqiq göstərişlər olduğu halda göstərilən qeydin heç bir əhəmiyyəti yoxdur.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar