“Dostluq” parkı nə üçün hədəf götürüldü? - “Mesaj onların sahiblərinə idi”

Mehman Əliyev: “Bu məsələ bir nəfərə aiddir”

Son günlərin əsas müzakirə mövzularından biri də Səbayel rayonu ərazisində yerləşən “Dostluq” parkında aparılan söküntü işləri oldu. Binəqədidə baş verən yanğın hadisəsindən sonra ölkə başçısının həmin ərazinin məmurlar tərəfindən zəbt edildiyini açıqlaması geniş müzakirələrə yol açdı. 

Zəbt olunmuş ərazidə milyonlarla qiymətə başa gələn villalar tikilib. Aparılan araşdırmalar zamanı həmin villaların kimə məxsus olduğu üzə çıxmayıb. Prezidentin məlum çıxışından sonra villaların sahibləri yoxa çıxdılar. Maraqlıdır ki, həmin villaların kimə məxsus olmasından nə Bakı merinin, nə də, Səbayel Rayon İcra Hakimiyyətinin xəbəri olub. 5-10 milyonluq villaların kasıblara məxsus olması düşüncəsi sadəcə gülüş doğurar.

Hazırda Azərbaycanda bu tipli yerlərin çox olduğu danılmaz faktdır. Bu zaman ortaya bir sual çıxır. Niyə məhz “Dostluq” parkı hədəf götürüldü? Bəzi ekspertlər hesab edirlər ki, bu yolla yüksək rütbəli məmurların bəzilərinə xəbərdarlıq edilir.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, villaların sökülməsi ilə bağlı verilən göstəriş bir nəfərə aiddir: “Mənim xəbərim olmasa da, onlar yaxşı bilirlər ki, villaların sahibləri kimlərdir. Sadəcə əsas məsələ odur ki, bir villa söküldü. Ona görə hesab edirəm ki, bu məsələ bir nəfərə aiddir. Hamıya aid edilmədiyi ortadadır. Açığı o bir nəfərin kimliyini bilmirəm. Onu araşdırmaq lazımdır ki, sökülən villanın sahibi kimdir. Bir nəfər görə, bu məsələ gündəmə gəldi. Başqalarını düşünmək ehtiyacı görmürəm”.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bu villaların yüksək rütbəli məmurlara aid olduğunu qeyd etdi: “Bu suala cavab vermək çox çətindir. Bizdə olan məlumata görə, həmin villalar iri məmurlara aiddir. Görünür, mesaj onların sahiblərinə idi. Bir də həmin ərazinin satışının arxasında duran məqamlar da ola bilər. Məncə, bu hücum deyil, xəbərdarlıqdır. Ölkədə elə bir şərait yaranıb ki, heç kəs toxunulmaz ola bilməz. Gələcək haqqında fikir söyləmək çox çətindir. Azərbaycanda baş verənlərin çoxu qanundan kənardır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin kredit borcu olanları həbs etməsi, məsələlərin hüququ müstəvidə həlli deyil. Belə şəraitdə hər şey mümkündür. Proqnoz vermək olmur. Hədəfə götürmək üçün belə bir addımın atılmasını düşünmürəm. Çünki bəyanat verildi ki, bu villalar sökülsün. Sonradan məlum oldu ki, cəmi bir villa söküldü. Bu, dövlət başçısının sözlərinin insanların gözündə çəkisinin aşağı olmasına işarə ola bilər. Nə üçün sökülmədiyini deyə bilmərəm. Bir villaya görə bəyanat vermək, sonra bir villanın sökülməsi düşünürəm ki, başqa təəssüratlar yaradardı. Məncə, belə fikirlər yaratdı da”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar