"OYUNLAR ZOLAĞI" İLƏ BAĞLI TAPMACANIN CAVABI - Video

Mayın 29-dan başlayaraq Bakıda sürücülərin ən çox danışdığı mövzu «Oyunlar zolağı» ilə bağlıdır. Artıq Bakıda elə bir sürücü tapılmaz ki, gün ərzində həmin zolağa məcburən ən azı bir dəfə daxil olmasın. Səbəbi sadədir; elə yollar var ki, «Oyunlar zolağı»na daxil olmadan hərəkət etmək mümkün deyil. Yoxsa, ya uçmalısan, ya da yolun kənarında dayanan taksilərin, avtobusların və parazit sürücülərin maşınının üstündən keçməlisən. Bu mənzərəni yol polisi də görür, bu ideyanı ortaya atan Nəqliyyat Nazirliyi də.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin açıqladığı rəsmi rəqəmlər dəhşətlidir. Bir günün 10 saatı ərzində 500 sürücünün zolağa daxil olmağa görə cərimələnməsi, elektron protokol tərtib edilməsi ağlasığmaz bir şeydir.

Başa düşürük, ölkəmizdə çox mühüm bir idman yarışı keçirilir. Avropa Oyunlarının təhlükəsiz və rahat, ən yüksək səviyyədə keçirilməsini istəməyən çox az adam tapılar. Vətənini, millətini, dövlətini sevən hər kəs istəyir ki, bu yarışlar normal şəkildə keçsin, heç bir problem olmasın. Amma gəlin başımızı qaldırıb ətrafa da baxaq. Görəcəyik ki, əslində, heç bir problem yoxdur. Problemi sadəcə, özümüz özümüzə yaradırıq.

Sizlərə bir video təqdim edirik. Baxın görək bu yolda «Oyunlar zolağı»na çıxmadan necə hərəkət etmək olar? Bəlkə, əlaqədar təşkilatlar zənn edir ki, biz hamımız «avtoş»uq və o zolağa girməmək üçün maşını ikitəkər qaldırıb keçə bilərik?

Yol polislərinin özlərinin də maşınları var. Gəlsinlər görək, bu videodakı yoldan, Azneft meydanından üzü Bayıla tərəf necə gedə bilərər ki, «Oyunlar zolağı»na daxil olmasınlır? Bunu əvvəlcə özləri etsinlər, bəlkə bu işdə bir kəramət var, biz də bilək…

Əslində, yollara o sarı zolağın çəkilməsi, o zolağa girişi qadağan edən yol nişanının qoyulmasının özü də mübahisəli məsələdir. Hüquqşünas Ərşad Hüseynovun bu məsələyə dair ayrıca şərhi olacaq. Lakin mən gördüklərimi və bildiklərimi sürücülərin diqqətinə çatdırıram ki, doğrudan da «Oyunlar zolağı»na daxil olan maşınların hamısını kameralar çəkir. Yəni, kamerada görünür ki, bu qədər maşın qayda pozur. Lakin zolağa eyni vaxtda o qədər maşın daxil olur ki, kameralara baxan yol polisləri də çaş-baş qalıblar. Çünki əgər doğrudan da bu zolağa daxil olmaq qanuni şəkildə qadağandırsa, heç vaxt bu qədər kütləvi qayda pozuntusu olmayıb və zolağa daxil olan bütün sürücüləri cərimələmək, şəklini çəkib ünvana cərimə protokolu göndərmək faktiki olaraq mümkün deyil. Bunu etmək üçün ən azı bugünkü gündə 500-dən çox yol polisi lazımdır. Bakıda isə elə cəmisi 500 yol polisi var. Onların da hamısını kamera başına qoymaq faktiki olaraq mümkün deyil. Belə demək mümkünsə, bu gün zolağa daxil olan sürücülər bəxtəbəxt hərəkət edirlər. Yol polisləri çatdırıb kimi kamerada tuta bilsə, onun da şəklini çəkib protokol yazırlar. Amma söhbət həqiqi qanun pozuntusundan gedirsə, bu, belə olmamalıdır.

Təhlükəsizlik üçün hər şey etmək olar. Amma alternativ variantlar da olmalıdır. Ziya Bünyadov prospektində elə hissələr var ki, iki zolaqdan ibarətdir. Onun da biri ilə ağır tonnajlı yük maşını hərəkət edir, sürət də saatda 30-40 km. Digər zolaq da «Oyunlar zolağı» kimi işarələnib və kameralar çəkir. Millət nə etməlidir hömətli əlaqədar təşkilatların başbilənləri? Siz bu şəhərdə yaşamırsınız bəlkə? Yoxsa sizin buraxılış vərəqəniz var deyə başqalarını düşünə bilmirsiniz? İki zolaqlı yolda bir zolağı yük maşınları, taksilər, avtobuslar tutursa, sürücülər nə etməlidir? Azneft meydanında insanlar bir zolağın ümidinə qalarsa, tıxacın bir ucunun harada olacağını təsəvvür edirsiniz?

Bir zolağı bağlayırsınızsa, digər zolağın boş saxlanılmasını da təmin etməlisiniz. Yollara və yollardakı təhlükəsizliyə nəzarət edən qurumlar yaxşı bilirlər ki, bu iş onların birbaşa vəzifəsidir. Alternativ variant mütləq olmalıdır. Sizin yerinizə kimsə gedib Azneft meydanından Bayıla gedən yolun sağında maşın park edən intizamsız sürücülərə deyəsi deyil ki, burada maşın saxlamayın. Normal adam orada maşın saxlamaz. Anormal adama da baş qoşmaq bizlik deyil. Düşüb ya döyəcək, ya söyəcək, ya da bıçaqlayıb gedəcək. Ən yaxşısını yol polisi etməlidir. Lazımdırsa, könüllüləri işə cəlb edib yollardakı bu problemi həll etmək lazımdır. Çünki indi yaranan problem Avropa Oyunları vaxtı daha qabarıq görünəcək. Ona görə ki, hər işin arxasınca getmək üçün yoldan istifadə etmək lazım olacaq. Yolda problem yaranacaqsa, bu, bütün sahələrə sirayət edəcək. Odur ki, birinci növbədə yollarımızı qaydaya salmalıyıq. Daha doğrusu, yollarımızdakı hərəkət mexanizmi düzgün tənzimlənməlidir. Bu gün hləəlik nə Avropa Oyunları keçirilir, nə də xaricdən gələn kütləvi qonaq var. Amma yollarımızda özümüz özümüzə elə problemlər yaratmışıq ki, piyadalar, sərnişinlər, sürücülər yol polisinə, nəqliyyatçılara düşmən kimi baxır. Bunun günahı onlarda deyil, sizdədir. Çünki ən bəsit metodları tətbiq etməklə insanların haqlı narazalığını üzə çıxarırsınız.

Bu gün «Oyunlar zolağı» ilə bağlı ən böyük narazılıqlar Ziya Bünyadov, Atataürk prospektlərində və Azneft meydanında özünü göstərdi. Bizim gördüyümüz bunlar oldu. Qalanını siz özünüz də yaxşı görürsünüz. Çox xahiş edirik ki, DYP rəhbərliyi cərimə yazmazdan əvvəl təqdim etdiyimiz bu videoya diqqətlə baxsın. Yəqin ki, əlavə şərhə ehtiyac qalmaz və bir-birimizi başa düşmüş olarıq…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar