Daş olan ağladı

Bu gün eşitdim ölümünü... Dünya yoxluğunla boş göründü Əlövsət Osmanlı, səni itirmək, səni torpağa qoymaq, səndən ayrılıb yaşamaq dərdimi daşlara dedim, daş olan ağladı; ağaclara dedim, ağac olan ağladı; quşlara dedim, quş olanÿağladı; çəkəmmədim bu yükü, Əlövsət müəllim, dünya gözümdən düşdü, hər şey adiləşdi, öldü gözümdə, dünyanın yaraşığı səniydinmi, ay Allah bəndəsi, ay Allah adamı...

Kaş səni tanımayaydım, kaş səni sevməyəydim, kaş sənə bu qədər bağlanıb ünsiyyət etməyəydim. Niyə tanıdım səni, arxadaş, niyə bildim ki, bu nimdaş dünyanın Əlövsət Osmanlı kimi bir incisi varıymış, niyə axtardın məni, niyə gəzib-tapdın, niyə dünya boyda iç sevgini mənə yolladın, bir kəlməmə, bir zəngimə az qalırdın hər şeyi qurban verəsən...

Mərhum dostumuz Aşıq Nazim Əsədoğlunun kitabı nəşrə hazırlananda gördün çox ağrı keçirdirəm, bərk əsəbiləşmişəm, bir zəngə, bir saata hər şeyi düzüb-qoşub, “arxayın ol, sən deyən kimi olacax” dedin, “çıxıb xaricə gedirəm, gələn kimi əlaqə quracam səninlə” dedin, sən gələnə qədər bütün işlər görüldü, vətənə dönən kimi “Həmidlə (yaxın qohumu, dostu Həmid Ormanlı) əlaqə qurmuşam, bilirəm hər işiniz uğurlu alınıb” dedin.

Dedim, səsini eşitdim, ay dədə, sevindim, vətəndəmisən?

- Hə, dünən gəlmişəm.

- Səfərin necə keçdi, dədə?

- Əla. Dünyanın nə qədər cənnət guşəsi var, gəzdim, gördüm.

Səsin gəldi torpağım-daşım güldü, səsin gəldi can verən ruhuma can gəldi, ürəyim açıldı, bəlkə nə qədər danışıb dərdləşdik. Bu dünyada beş-üç dostumdan biriydin ki, saatlarla danışmaqdan doymurdum, çünki ruh adamıydın, könül adamıydın, ağırtaxtalı, salğarlı-sanballı kişiydin, hər şeyin yerini bilən, hər şeyi göydə tutan arifiydin, aqiliydin, müdrikiydin, bir sözlə, bütün dəyərlərinlə mənim özümüydün.

Bu gün özümü itirdim, sən ölkədən getdin, bir eldən getdin, bilmirəm, heç nə gözümdə deyil, sən məndən getdin, məndən getdin... Heç kim könlümü ovudammaz, gəlim torpağını öpüm, gəlim daşını öpüm, bəlkə torpağın üzü soyuqdu deyirlər, səndən soyuyam, səndən dönəm, səni unudam, ey Tanrının sevgili bəndəsi, ölümü də sənə mələklər sayaq verdi, bəlkə dözəmmədin bu dünyanın naqisliklərinə? Hardan dözəsən, ay Allah adamı, bu dünyanın, bu insanların təpkilərinə, naqisliklərinə dözmək sən kimi incə ruh adamınınmı işidi, Allahın verdiyi bir ömür payını belə çirkinlikləri yaşamaq zorunda qaldın, amma şərəflə kişi ömrü yaşadın... Özündən sonra minlərlə miras qoyduğun yaxşılıqların, əməllərin qaldı insanlara...

Ölümün məni bu qədər yandıranda gör Amerikanın küçələrində kimsəsiz, pulsuz qalan, cibindəki son manatınacan verdiyin, vətənə anasının yanına yola saldığın, tanımadığın bir azərbaycanlı tələbəni necə yandırır... Sən varsan mənimçün, sən yaşayırsan, sən mənim içimdə öləmməzsən... “Öldü” kəlməsini heç kim deməsin mənə, heç kim, sən mənim içimdəsən, könlümdəsən, ey Allahın sevib-seçdiyi bəndəsi...

Yerin mələklərin qucağı olsun, arxadaş...

Çiçək Məmmədova, şairə-jurnalist(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar