Azərbaycanın lider (lidersizlik) problemi- TƏHLİL

 

Xalq lider axtarışındadır, LİDER! Xalq lidersizlikdən əziyyət çəkir, LİDERSİZLİKDƏN!

Əbülfəz Elçibəydən və Heydər Əliyevdən sonra millət yetim qalıb. İndi bu xalqı nə Elçibəy kimi sevən yoxdur, nə də Heydər Əliyev kimi idarə etməyi bacaran yoxdur. Hər iki cəbhədə boşluq yaranıb. YAP funksionerlərinin “Layiqli davamçı” adlandırdıqları İlham Əliyev ictimai şüurda “Heydər Əliyevin oğlu” statusunu möhkəmləndirməkdən artığını bacarmadı. Bundan sonraya da ümid yox artıq. Müxalifətçilərin “Rəsulzadə irsinin varisi” adlandırdığı Elçibəyin “layiqli davamçısı” statusuna iddia edənlərin sayı isə hələ də müəyyən olunmayıb. Beləliklə də, uzun illərdən sonra müstəqilliyinə qovuşan Azərbaycan xalqı ən yeni tarixinin ən məsuliyyətli dövründə lidersizlik (lider) problemi ilə üz-üzə qalıb. Xalq lider axtarışındadır, LİDER! Xalq lidersizlikdən əziyyət çəkir, LİDERSİZLİKDƏN!

Müxalifətin “birləşmək” taktikası

Hər seçkidən qabaq müttəfiq axtarışına çıxmaq, hər seçkidən sonra isə müttəfiqi dəyişmək müxalifət düşərgəsində adət halını alıb. 20 ildir eyni vəziyyət davam edir. Seçkidən qabaq əsas aparıcı partiyalarımız seçkiyə bir neçə ay qalmış gecikmiş vəziyyətdə bir-birinə qovuşurlar, seçkidən sonra isə qazanılmış “uğurları” bölüşdürə bilməyib qarşılıqlı ittihamlar irəli sürərək bir-birindən 180 dərəcə üz döndərirlər. Hər dəfə də söz verirlər ki, bundan sonra heç bir birlikdən söhbət gedə bilməz. Və hər partiya yorğanı üstünə çəkərək deyir: “Əsas aparıcı partiya bizim partiyadır, bizim partiyanın sədri də nömrə 1-dir. İndi baxarsınız, biz təkbaşına inqilab edəcəyik, gələn seçkilərdə YAP hakimiyyəti bizə təslim edəcək. Qalan partiyaları isə oyundan kənar vəziyyətə salacağıq”. Amma seçkiyə az müddət qalmış yenə bir yerə toplaşıb yeni ad altında birləşirlər.

Bəlkə də bu siyasi müxalifət liderlərimizin seçkilər arası boşluğu doldurmaq üçün və ya öz fəaliyyətlərini (fəaliyyətsizliklərini) doğrultmağa yönəlmiş “uğurlu” taktiki gedişləridir!?

Bu baxımdan 2013-cü ilin prezident seçkiləri də istisna olmadı. 2010-cu ilin Parlament seçkilərindən sonrakı dövrdə təqribən 2 il ərzində İctimai Palata formatında birgə fəaliyyət göstərən aparıcı müxalifət qüvvələri, prezident seçkilərinə bu formatda qatılmağı məqsədə uyğun saymayaraq, Rüstəm İbrahimbəyov tərəfindən ictimai müzakirəyə çıxarılan “Milli Şura” ideyasını qəbul etmək məcburiyyətində qaldılar.

Milli Şura problemləri

Milli Şuranın 7 aylıq tarixçəsi hamımıza bəllidir. Bu formatın üstünlükləri, MŞ-nın uğurları haqqında da danışmaq istəmirəm.

Mətbuatda işıq üzü görən materiallar əsasında apardığım araşdırmaların yekunlarına görə hamını daha çox narahat edən məsələlər, - əsas hədəfdən xeyli uzaqda qalmağın və Milli Şura formatında əməkdaşlığın qarşıdurma ilə nəticənməsinin səbəbləri və indiki durum barədə bəzi fikirlərimi bölüşmək istəyirəm.

- 1-ci səbəb: “Milli Şura” ideyasının müəllifi bütün problemlərə öz prizmasından baxmaqla yanaşı, həm təşəbbüsü ələ almaq, həm də əsas söz sahibi olmaqda iddialı görünürdü. Mübahisələr narazılığa yol açırdı;

- 2-ci səbəb: ictimai şüura təsirin gücünü artırmaq məqsədilə ortaya atılan “maksimum geniş format” uğrunda çalışmalar. Burada məsələ daha mürəkkəb idi. Söhbət təkcə 20 il ərzində bir-birini həzm etməyən siyasi liderlərin bir araya gələ bilməməsindən getmirdi. Ən böyük problem bu illər ərzində fəaliyyətinə, sayına, tərkibinə, tanınma səviyyəsinə görə ölkə QHT-lərindən heç də çox fərqlənməyən, amma Musavat və AXCP ilə bərabər təmsilçilik hüququ əldə etmək arzusunda olan partiyaları, yenidən aktiv siyasətə qayıdaraq İsa Qəmbər və Əli Kərimli ilə eyni statusa malik olmaq istəyən tanınmış siyasi fiqurları razı sala bilən əməkdaşlıq formatının tapılması, buna uyğun strukturların formalaşdırılması ilə bağlı idi;

- 3-cü səbəb, Rüstəm İbrahimbəyovun ölkəyə qayıtması mümkün olmadı və onun ikili vətəndaşlıq probleminin həll olunmasına start verilməsi gecikdirildi. Bir çox digər problemlərin də məhz bu amillə bağlı olduğu qənaətindəyəm. Rüstəm İbrahimbəyovun Bakıya qayıdışının vaxtının özü tərəfindən tez-tez dəyişdirilməsi onun Milli Şuranın işinə ümumiyyətlə qeyri-müəyyən yanaşmasından, demokratik düşərgədə cərəyan edən proseslərə 2-ci dərəcəli iş kimi baxmasından xəbər verirdi. İkili vətəndaşlıq probleminin ləğv edilməsi üçün Rusiya hökumətinə avqust ayında müraciət etməsi, bu müraciətin gecikməsinin səbəbinin onun vahid namizəd kimi təsdiq olunmasının gecikdirilməsi ilə bağlı olduğunun bildirilməsi faktı ümumiyyətlə aranı qarışdırdı. Əgər Milli Şuranın yaradılması irəliyə doğru bir addım idisə, bu faktın açıqlanması ictimai şüurda geriyə atılmış iki addım effektini verdi;

- 4-cü səbəb, MŞ-nın təsisçisi rolunda çıxış Musavat partiyası gedişatda ortaya çıxan problemlərlə bağlı fərqli müstəvidən çıxış etirdi. Bu taktikanı partiya rəhbərliyi problemlərin həllinə daha məsuliyyətli yanaşmaq, səhvlərdən qaçmaq, hər kəsin yerini və vəzifələrini düzgün müəyyən etməyə çalışmaq kimi təqdim etməsi cəhdləri hədəfə çatmadı. Faktiki əzəli Musavat tərəfdarlarını çıxmaq şərti ilə dəyişikliyin böyük birlikdən keçməsinə inanan və Rüstəm İbrahimbəyov fenomeninə ümid bağlayan əksəriyyət başda İsa Qəmbər olmaqla Müsavat funksionerlərini suçlayırdılar. Tərəflərin arqumentləri üzərində dayanmaq istəmirəm. Burada həqiqət axtarmağın mənazız olduğu qənaətindəyəm. Və məsələ təkcə məlumat qıtlığında və ya faktlar bolluğunda deyil. İstənilən məlumatı istənilən səmtə yönəltməyi, istənilən faktı istənilən cür yozmağı hər kəs bacarır. Amma subyektiv fikrim ondan ibarətdir ki, Müsavat partiyasının sona qədər dəyişməyən bu mövqeyi (taktikası) seçicilərin dəyişikliyə inamını və ya partiya tərəfdarlarının sayını artırmaqla nəticələnmədi.

- 5-ci səbəb ictimai şüurda Demokratik Qüvvələrin hərəkətverici qüvvəsi hesab edilən müxalifət partiyalarının Milli Şura və İctimai Palata arasında “çırpınması” idi. Bu addım ictimai şüurda Musavat partiyasının və AXCP-nin, İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Zəfər Quliyev və İP üzvü olan digər partiya və şəxslərin özlərinin də Milli Şuraya inanması, dəyişikliyə ümid etməməsi effektini verirdi. Milli Şura və İctimai Palata arasında “çırpınma” sıravi vətəndaşlara “bir əldə iki qarpız” atalar sözünü xatırladırdı. Digər tərəfdən Milli Şura və İctimai Palata arasında “çırpınma” YAP hakimiyyətinin “balanslaşdırılmış siyasət taktikasına” bənzəyirdi. Bu da öz növbəsində Demokratik Qüvvələrin Milli Şurasında cəmləşən qüvvələrin səmimiliyinə, ardıcıl siaysət yürüdə biləcəyinə, seçkidən sonra stabilliyi təmin etmək imkanlarına şübhələrin artmasına rəvac verirdi.

Əlbəttə, bir az daha xırdalıqlara gedib başqa səbəbləri də ortaya çıxartmaq mümkündür. Məsələn, MŞ-nın əsas təsisçiləri və aparıcı siyası fiqurlar arasında ictimaiyətdən gizli saxlanılan hansısa sövdələşmənin mövcudluğunu iddia edənlər də var və bunu samballı arqumentlərlə əsaslandıra bilirlər. Amma mənim qənaətimə görə MŞ-da yaşanan problemlərin kökündə əsasən yuxarıda göstərilən səbəblər dururdu.

İndi nə baş verir?

2013-cü ilin prezident seçkiləri zamanı Demokratik Qüvvələrin nail olduğu nəticələr ortadadır. Heç kim, hətta hakimiyyət nümayəndələri də bu nailiyyətləri inkar etmir. 20 il ərzində görünməyən nailiyyətlər və yenə də qarşıdurma! Məntiq bu nailiyyətlərdən yapışıb irəliyə doğru getməli olduğumuz deyir!

Təəssüf ki, Demokratik Qüvvələrin koalisiya şəklində hərəkət etməsi üçün bu da yetərli olmadı.

Yerli və hətta xarici analitiklərin fikirlərinə görə bu gözlənilən idi. Müxtəlif versiyalar irəli sürülür, hərə bir cür yozur, hər kəs öz arqumentlərini gətirir. Qarşılıqlı ittihamlar davam edir. İş isə yerindən tərpənmir.

Qarşılıqlı ittihamları əsaslandırmaq naminə ictimaiyətə açıqlanan arqumentlərin kifayət qədər tərəfdarları olduğu kimi əlehdarları da az deyil. Bu şəkildə mübahisələri 2018-ci ilə qədər davam etdirmək də olar. Movcud durum davam etsə heç kim zəmanət vermir ki, bu belə də olmayacaq!?

Görünən odur ki, qurumda başıpozuqluğa meyil artmaqdadır.

Bəs səbəb nədir?

Mənə görə səbəb dəyişməyib. Əsas səbab lider (lidersizlik) problemidir. Xalq lider axtarışındadır, LİDER! Xalq lidersizlikdən əziyyət çəkir, LİDERSİZLİKDƏN!

Hamının qəbul etdiyi LİDER! Arxasınca hər birimizin gedəcəyi LİDER! Demokratiya uğrunda çarpışan, milli maraqlar naminə öz partiya maraqlarından və iddialarından imtina edən bütün müxalif qüvvələri birləşdirməyi bacaran LİDER! Demokratik dəyərlər və milli hədəflər uğrunda canınından keçməyə hazır olan LİDER! Xlaqın güvəndiyi LİDER!

Tarix boyu bütün mübarizələrə rəhbərlik edən şəxsiyyətlər olub. Zülmət qaranlıqda insanlar məşəl işığına istiqamətlənməyi adət ediblər. Və bu adət bütün xalqlar üçün eynidir. Başqa cür ifadə etsək çətin durumda lider arxasınca getmək ümumibəşəri dəyərdir.

Hesab edirəm ki, 2013-cü ilin prezident seçkilərində Azərbaycan xalqının qazandığı ən böyük nailiyyət Cəmil Həsənli məfkurəsinin (fenomeninin) kəşf edilməsi oldu!

Cəmil Həsənli - yeni mərhələ üçün Yeni Milli Lider! Cəmil Həsənli - Liderlərin LİDERİ!

Görəsən ünlü siyasi liderlərimiz də çoxluğun tərafdar olduğu bu çağırışı qəbul etməyə hazırdılarmı?

Çevrəsinin qəbul etmədiyi LİDERİ millət sevməz!

Nə etməli?

Amma vəziyyət elə kritik də deyil. Hər şeyi məmləkətdəki mövcud vəziyyət diqtə edir. Vəziyyət isə belədir ki, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti dəyişiklik arzusu ilə nəfəs alır. O da bəlli bir həqiqətdir ki, uzun illərdir ki, xalq təkcə hökuməti dəyişmək deyil, həm də dövlətin gələcəyinə görə məsuliyyəti üzərinə götürüb stabilliyi qoruyub saxlamağı, anarxiyaya çevrilmiş məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluqla effektiv mübarizə aparıb sosial rifahı təmin etməyi bacara biləcək qüvvənin axtarışındadır.

Kim nə qədər çalışsa da xalqı aldatmaq mümkün olmayacaq. Bunu arxada qalan 20 illik mübarizə təcrübəsi də təsdiqləyir. Cəmiyyətimiz heç də bəzilərinin düşündüyü kimi savadsız deyil. Bəziləri elə düşünürlər ki, xalqı aldadıb öz arxalarınca istədikləri istiqamətdə apara biləcəklər. “Xalqın gözü tərəzidir”. Nəqədərki siyasi liderlər və siyasi qüvvələr xalqı öz istıdikləri səmtə aparmaq istəyəcəklər, uğursuzluğa düçar olacaqlar! Və nə qədər ki, xalqın arzuladığı səmtə getməyəcəklər, xalqı yanlarında görməyəcəklər!

“Birlik - hamı bir yerdədir” məhfumunun UĞURU şərtləndirən ən əsas amil olduğu çoxluğun qəbul etdiyi və inandığı fenomendir. Sonuncu prezident seçkiləri zamanı “Birlik” amili ictimai rəyə, seçici elektoratına, beynəlxalq təşkilatların rəyinə müsbət təsir göstərməklə yanaşı, iqtidar düşərgəsini də lazımınca silkələdi.

Amma “birlik - hamı bir yerdədir” dedikdə heç də “açıq qapı” prinsipi ilə “YAP-dan başqa hamı gəlsin bir yerdə olaq” kimi başa düşülməməlidir. Aydındır ki, avtoritarizmə son qoyulması uğrunda real mübarizə aparan, Azərbaycanın demokratik və hüquqi dövlət yoluna qaytarılması naminə öz partiya maraqlarından və fərdi iddialarından imtina edən müxalif qüvvələrin birliyindən söhbət gedir.

Milli Müqavimət Hərakatı formatında fəaliyyət göstərmədən vəziyyəti dəyişmək mümkün olmayacaq. Bunu hər birimiz dərk edirik. Bu ideyanı qəbul edən və bu amala xidmət edən irili, xırdalı bütün qüvvələrin yumruq kimi birləşməsi zamanadır! Qıraxda yeyib ortada gəzən “nüfuzluların” xidmətindən və maskalanmış qüvvələrlə əməkdaşlıqdan imtina etmək lazımdır. Bunu vəziyyət özü diqtə edir! Xalq Demokratik Qüvvələrdən bunu gözləyir!

20 illik mübarizə mərhələsində qazanılan uğurlardan biri də demokratik düşərgənin daxilində “təmizləmə” (“təmizlənmə”) proseslərinin aparılmasıdır.

Milli Şura formatında əmakdaşlıq bu prosesin davam etdirilməsinin zəruriliyini bir daha ortaya qoydu. Məhz bu baxımdan MŞ-nın tərkibinə yenidən baxılması təkliflərini dəstəkləyirəm. Təsisçilər öz qarşılıqlı faydalı əməkdaşlıqları bazasında özlərinin birliyinə xələl gətirməyən bir format təklif etməlidir. Və elə bir format seçilməlidir ki, prosesə qatılmaq istəyən digərləri məhz həmin şərtlər çərçivəsində prosesə qoşula bilsin. Yoxsa təkcə təşkilatlanma üçün bir ömür yetməz. Hər kəsin əzbər bildiyi aksiom!

Siyasətdən getmiş və vaxtı ilə Vətənimizə və xalqa xidmət göstərmiş ictimai-siyasi xadimlərin xidmətlərindən də istifadə edilməsinin əleyhinə deyiləm. Amma onların da öz “fəxri” yerləri olmalıdır. Say çoxluğunu nəzərə alıb belə ağsaqqal və xalq arasında populyarlığını qoruyub saxlamış ictimai-siyasi xadimlərimizdən ibarət köməkçi Məşvərət Şurası da yaradıla bilər. Amma aparıcı mövqelərdə, görünən yerlərdə, ön sıralarda yeni simaların, perspektivli gənclərin və daha çox bü günümüz üçün populyar olan ictimai-siyasi xadimlərimizin qərar tutmasına şərait yaradılmalıdır. Bu da çox vacib məqamlardan biridir.

Qəti surətdə bu gün heç QHT kimi fəaliyyət göstərməyib, amma partiya adına iddia edən “liderlərdən”, “sədrlərdən”, “öncüllərdən” imtina etmək lazımdır. Bütün bunlar Demokrat Qüvvələrin nüfuzuna yalnız xələl gətirir. Ona görə də MŞ-ya qəbul məsələlərinə son dərəcə diqqətlə yanaşılmalıdır. Burada utanmağın, çəkinməyin, tərəfkeşliyin yeri yox.

Rəsul Quliyev kimi tanınmış imkanlı insanlarımızın da proseslərə dəstək vermək arzusu nəzərə alınmalıdır. Doğrudur, R.Quliyev artıq partiya liderliyindən imtina edib və MŞ üzvü də deyil, amma demokratik proseslərə dəstək verməkdə çox iddialı görünür. Niyə biz bu iddiaya görə onu qınamalıyıq? Bəlkə də qınamaq əvəzinə mətbuat vasitəsi ilə Rəsul müəllimə açıq müraciət etmək və Milli Şuraya təmənnasız maliyyə dəstəyi verməyi xahiş etmək daha düzgün olardı!? Axı nə üçün belə maliyyə dəstəyi vermək üçün o hökmən MŞ üzvü olmalıdır?

Xülasə, ümumi mübarizə meydanında hər kəsə uyğun mövqe verilməli, hərə öz yerində əyləşdirilməlidir. Bu qaydaya tabe olmayanların yeri səngərin əks tərəfindədir. Buna nail olmadan bu mübarizəyə rəhbərlik edən qurumda nizam-intizamı təmin etmək mümkün olmayacaq. Başıpozuqluq bizi məğlubiyyətə aparır!

Mənə görə, 20 il ərzində müxalifət düşərgəsində həllini tapmayan əsas məsələlərdən biri də arxada qalan mübarizə mərhələsində buraxılmş səhvlərin vaxtında dəf edilməməsi ilə bağlıdır.

Bu baxımdan yuxarıda göstərilən və göstərilməyən digər problemlər öyrənilməli, araşdırılmalı, təhlil edilməli və buraxılan səhvləri nəzərə alaraq yeni mübarizə mərhələsi üçün Demokratik Qüvvələrin Milli Şurasının tərkibində, nizamnaməsində, strukturunda, fəaliyyət proqramında və s. islahatlar aparıb xalqın gözlədiyi qətiyyətlə və inamlı addımlarla yolumuza davam etməliyik. Özünə güvənən qüvvələrin gücünə xalq da inanar!

Düşünürəm ki, “Milli Şura”nın sədri öz qərarı ilə daxildə gedən proseslərin, siyasi partiyalar arasında baş verən mübahisələrin, arxada qalan mərhələdə buraxılan səhvlərin öyrənilməsi və aradan qaldırılmasına dair təkliflərin hazırlanması üçün xüsusi komissiya (bu Etika komissiyasının və NTK bazasında da ola bilər) yaratmalıdır.

Ümumiyyətlə, MŞ daxilində nizam-intizamı gücləndirmək məqsədilə legitimliyi hamı tərəfindən qəbul olunan və yalnız Sədrə tabe olan xüsusi bir komissiyanın yaradılmasının tərəfdarıyam.

Milli Şura tərkibində səmərəli əməkdaşlıq gələcəkdə Musavatçılıq ideologiyasını dəstəkləyən qüvvələrin təmərküzləşməsinə (inteqrasiyasına, birləşməsinə) də yol açır. Bəs görəsən niyə bizim “Rəsulzadə-Elçibəy yolu” ilə addımlayan siyasi qüvvələrimiz bu şansdan imtina edir? Düşünürəm ki, bu sualın cavabını həmin qüvvələrə rəhbərlik edən siyasi liderlərimiz hamıdan yaxşı bilir!

Gənc siyasi liderlərə və inkişafda olan hərəkatlara müraciət

Bir sıra tənqidçilərdən tez-tez eşidirik ki, “Bu müxalifət siyasi səhnədən getməyincə heç nəyi dəyişmək mümkün olmayacaq. Onlar xalqın etimadını itiriblər...” Özünü yeni siyasi qüvvə kimi təqdim edən “REAL” hərakatının İdarə Heyətinin üzvü Natiq Cəfərli Milli Şura ideyasının müəllifi və ilk sədri Rüstəm İbrahimbəyovu “2013-cü ilin ən pis siyasətçisi” adlandırıb. İlk baxışdan avtoritarizmdən cana doymuş müəllifi və onun iddiasını bölüşənlərin bu cəlbedici iradları obyektiv görünür. Amma Milli Şura fəaliyyətə başladıqdan sonra ölkədə baş verən dəyişiklikləri təhlil edəndə bunun əksi ortaya çıxır. Və biz “2013-cü ilin ən uğurlu siyasətçisi Rüstəm İbrahimbəyovdur” deyənlərin də fikirlərinə diqqət yetirmək məcburiyyətində qalırıq.

Ümumiyyətlə, “hər şeyi sıfırdan başlamaq lazımdır”, “7-dən 77-yə hamı dəyişməlidir”, “ənənəvi müxalifət getməsə...”, “yeni qüvvələr gəlməsə...” və sair bu kimi pessimizmə yol açan fikirlərlə bağlı başqa yanaşmalar da var. Mənim yanaşmam isə belədir:

Ənənəvi müxalifət hakimiyyətə gəlməyənədək ölkədəki vəziyyətə təsir göstərə biləcək yeni qüvvələrin ortaya çıxması istisnadır. Çünki, rəqabətə dözümlü yeni qüvvələrin ortaya çıxması üçün real şərait ictimai şüurda “ölkənin siyasi müxalifəti” kimi qəbul olunan qüvvələrin hakimiyyətə gəlməsindən sonra yarana bilər. Sosiologiya elminin qanuna uyğunluqlarına görə bu aksiomdur.

Hörmətli gənc siyasətçilər və yeni siyasi qüvvə təmsilçiləri, gəlin unutmayaq ki, ən-ənəvi müxalifətin real narazı elektoratı var, strukturlaşıb, ziyalılar, ağsaqqallar, nüfuzlu ictimai xadimlər, vətəndaş cəmiyyətinin demokratik kəsimi ilə işləməkdə və onları öz tərəfdaşına çevirməkdə uğurlu təcrübə toplayıb, gəncləri öz sıralarına cəlb edə bilir, “pis” də olsa idarə olunurlar və artıq sistem işləyir.

Başqa cür ifadə etsək, çoxlarının bəyənmədiyi ənənəvi müxalifət real qüvvədir. 20 il ərzində bu real qüvvəni dağıtmaq, sındırmaq, əqidəsindən döndərmək, “məhv etmək”, “yandırıb külə dündərmək” siyasəti heç bir nəticə vermədi. Hakimiyyəti zorla əlində saxlayan qüvvələr artıq bunun fərqindədirlər.

2013-cü ildə İlham Əliyevi 3-cü dəfə prezident kürsüsündə saxlamağa nail olmaq “YAP qruplaşmasına” milyardlar hesabına başa gəldi. Əslində, bu faktın özü də “bəyənmədiyimiz” ənənəvi müxalifətin bazasında formalaşmış “Demokratik Qüvvələrin Milli Şurası”nın real gücünün göstəricilərindən biridir.

Onu da unutmaq lazım deyil ki, Azərbaycan çox da böyük əhali sayına malik olan dövlət deyil. Bəzi müstəqil ekspertlərə görə ölkədə daimi yaşayan əhalinin sayı 5-6 milyondan çox olmaz. Onların da yarısından çoxu qocalar və uşaqlardı. Təqribi hesablamalara görə səsvermə hüququ olan əhalinin yalnız 10-15 faizi siyasi partiyalara üzv olurlar ki, onların da böyük bir hissəsi iqtidarda olan YAP-a üzv yazılıblar. YAP üzvlərinin də özlərindən 3-4 dəfə çox qohum-əqrabası var. YAP üzvü olmayan əhalinin müəllimlər və həkimlər kimi oxmuş hissəsi də YAP təəssübkeşlərinə çevriliblər. Bütün dövlət və özəl müəssisələrdə (təşkilatlarda) çalışanlar, qeyri-rəsmi formada hardansa az-maz gəlir əldə edə bilənlər də nəzarət altındadırlar və rəsmi qaydada YAP-dan başqa heç bir siyasi qüvvıni, hətta Yaşıllar Partiyasını da dəstəkləyə bilməzlər. Siyahını davam etdirməkda olar. Düşünürəm ki, fikirimi izah etmək üçün yetərlidir. Narazı elektoratın əsas aktiv hissəsi də ənənəvi müxalifət partiyalarının üzvləridir və onları nə kasıbçılıq, nə hədə, nə qorxu, nədə ki, zindan belə 20 ildir ki, əqidısindən döndərə bilmir. Bəli, mən 100 ildir ki, “Musavatçılıq” ideyasını nəsildən nəsilə ötürən ailələr də tanıyıram və onalr təkcə adına görə Musavat partiyasını qoyub başqa siyasi partiyalara və hərakatlara qoşulmazlar.

Bir sözlə, hamımıza bəllidir ki, vəziyyətə ciddi təsir etmək gücündə olan yeni siyasi qüvvələrin formalaşması üçün heç olmasa say tərkibinə görə samballı ehtiyat elektorat bazasına ehtiyac var. Çox təəssüüf ki, Azərbaycan xalqının belə asudə ehtiyat elektorat bazası yoxdur. Və 2103-cü il boyu gedən proseslər də bir daha bunu sübuta yetirdi. Heç də sonuncu rol oynamayan başqa bir məsələ: yeni siyasi qüvvələr kimi fəaliyyətə başlayan gənclər də öz işlərini cəmiyyətdə və siyasi sistemdə yeri və elektoratı artıq bəlli olan Rəsulzadə ideyaları, ya da “Heydərizm” üzərində qurmağa çalışırlar!?

Aydındır ki, bu gedişlə daha 20 il gözləmək zərurəti yarana bilər. Buna isə səbr yetməz.

Amma ənənəvi müxalifətə dəstək verib Azərbaycanın demokratik və hüquqi dövlət yoluna qaytarılmasını təmin etdikdən sonra vəziyyət kökündən dəyişəcək. Çünki, yeni hakimiyyətə yeni müxalif qüvvələrin ortaya çıxması labüd olacaq. Sosiologiya elminin qanuna uyğunluqlarına görə bu da aksiomdur. Bəlli səbəblərdən hakimiyyət dəyişikliyindən dərhal sonrakı mərhələdə YAP bu rolu icra edə bilməyəcək. Məhz bu zaman gənc siyasi liderlərin və inkişafda olan hərəkatların həm məkan, həm də elektorat imkanları genişlənəcək.

Bununla belə nəticəyə gəlmək olar ki, avtoritarizmdən demokratiyaya keçid mərhələsində gənc siyasətçilər və yeni siyasi qüvvə adına iddiaçılar da ən-ənəvi müxalifətlə, indiki şəraitə uyğun ifadə ilə desək “Demokratik Qüvvələrin Milli Şurası” ilə sıx əməkdaşlıqdan qaçmamalıdırlar. Əksinə, Milli Şuranın yanında olub ideyalarının reallaşdırılması üçün münbit şəraitin yaranmasını tezləşdirən proseslərə dəstək verməlidirlər.

Yeri gəlmişkən, gənc siyasi liderlərə və inkişafda olan hərəkatlara müraciəti “ağ atlı qəhraman” nağılının təsiri altında olan passiv narazı elekotarata da yönəltmək istəyirəm. Yuxarıda gətirilən arqumentlərlə tanış olmaq heç də ziyana deyil, hötmətli seçicilər. Yetər! Bəhanələrə son qoyun! Və ən nəhayət,

Başqasına ümid yoxdur, uca xalqım!

Başqasını böyütməyə gücün yetmir, ulu xalqım!

Başqasını gözləməyə zaman da yox, müdrik xalqım!

Olan budur!

Ya olana bel bağlayıb, rəzalətdən təkər-təkər azad ol!

Ya yalandan usanmayıb təkrar-təkrar xəyanətə düçar ol!

Yaşar Cəfərli, “Milli Şüra”nın üzvü

03 yanvar 2013-cü il(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar