"Bu, Müsavat Partiyasının siyasi kursunun dəyişməsi deməkdir"- AXCP

"Müsavat rəhbərliyi bəhanə gətirərək hakimiyyət tərəfindən verilən qərarı həyata keçirdi»

"Hakimiyyətlə siyasi biznes münasibətlərində, separatçı əlaqələrdə olan qüvvələrin Milli Şurada olmaması Milli Şuranın daha səmərələi fəaliyyət göstərməsinə imkan yaradacaq»

Artıq bəlli olduğu kimi Müsavat Partiyası Milli Şuranı tərk etmək barədə qərar verib. Müsavat başqanı İsa Qəmbər də bu təsdiqləyib. Müsavatın bu qərarına AXCP-dən də reaksiya gəlib. «Azadlıq»ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat Partiyasının bu qərarından təəssüf hissi keçirdiklərini bildirib.

F.Qəhrəmanlının sözlərinə görə, bir müddət bundan öncə Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədriliyini və başqa ölkənin vətəndaşı olması əsas götürülərək Milli Şurada qalıb qalmamasını müzakirəyə çıxarmışdı. Rüstəm bəyin fəxri sədrlikdən istefa verməsindən sonra Müsavat Partiyasının belə bir qərar qəbul etməsi onu göstərdi ki, əslində bütün bunlar bəhanə idi və əvvəlcədən belə bir qərar var imiş. Bundan sonra Milli Şuranın güya seçki bloku olması ilə bağlı növbəti bəhanə ortaya atılaraq belə bir qərar qəbul olundu: «Bu bir daha onu göstərdi ki, əvvəlcədən belə bir qərar var imiş və bu qərarın həyata keçirilməsi üçün müvafiq bəhanələr axtarırdılar. Bu, Müsavat Partiyasının artıq siyasi kursunun dəyişməsi deməkdir. Çünki Milli Şura bügunki rejimə qarşı mübarizə aparan demokratik qüvvələrin ən uğurlu birliyi, koalisiyası idi. Milli Şuranın hədəfləri, siyasi kursu, fəaliyyəti, rəhbərliyi ilə bağlı ortada hər hansı ziddiyyətlərin olmadığı, Müsavat Partiyasının bu qurumu tərk etməsi üçün hər hansı əsas və səbəb olmadığı bir şəraitdə Müsavatın belə bir qərar qəbul etməsi onu göstərir ki, partiya siyasi kursunu dəyişir. Partiya rəhbərliyində olan şəxslər özəl, korporativ maraqlarına görə Milli Şuradan çıxmaqla partiyanın siyasi kursunu dəyişməklə bağlı qərar verdilər. Bu o deməkdir ki, görünür 2015-ci ildə keçiriləcək parlament seçkilərində Müsavat rəhbərliyinə hakimiyyət tərəfindən bir neçə mandat vəd olunub və bunun müqabilində onların qarşısında Milli Şuranı tərk etmək şərti qoyulub. Bu gün Müsavat Partiyası bəhanə gətirərək həmin qərarı həyata keçirdi».

F.Qəhrəmanlının fikrincə, bu təkcə Azərbaycan cəmiyyətində deyil, Müsavat Partiyasının daxilində də narazılıqlara, partiya rəhbərliyinə qarşı etimadsızlıqlara yol açacaq. Sıravi müsavatçılar, illərini mübarizəyə sərf etmiş insanlar partiya rəhbərliyinin siyasi biznesində alət olmaq istəməyəcək. Onlar öz etirazlarını, etimadsızlıqlarını partiya rəhbərliyinə bildirəcəklər. Tezliklə Müsavat cəmiyyətin etinadsızlığını, ictimai qınağını da öz üzərində hiss edəcək.

F.Qəhrəmanlı Müsavatın bu qərarının Milli Şuranın fəaliyyətinə hər hansı formada təsir göstərməyəcəyini də qeyd etdi. Çünki Müsavat partiyası son addımları ilə, səhvləri ilə özünü elə bir vəziyyətə salmışdı, nüfuzu o qədər aşağı düşmüşdü ki, AXCP daxil olmaqla bir neçə partiyaya təklif etdiyi əməkdaşlıq, müttəfiqlik sazişi ən müxtəlif təşkilatlar tərəfindən rədd olundu, qəbul olunmadı: «Müsavat Partiyasının Milli Şuradakı fəaliyyəti Milli Şuranı gözdən salmağa, Milli Şuraya qarşı əks-təbliğat kampaniyası aparmağa yönəlmişdi. İndi Milli Şuranın daxilində intriqa yaradan, etimadsızlıq mühiti yaratmağa çalışan, Milli Şura ilə bağlı əks-təbliğat aparan, onu gözdən salmağa çalışan bir təşkilatın Milli Şuradan kənarlaşması qurumun həm təşkilatlanmasına, həm daha dərin inteqrasiya etməsinə, daha səmərəli fəaliyyəti göstərməsinə və enerjisini qarşıya qoyduğu məqsədlərin gerçəkləşdirilməsinə sərf etməyə imkan yaradacaq. Müsavatın həm ictimai çəkisinin cəmiyyətdə aşağı düşməsi, bu partiyaya etimadsızlığın olması, eyni zamanda bu partiyanın Milli Şura daxilində yaratdığı problemlərə görə bu qurumdan kənarlaşması Milli Şuraya hər hansı mənfi təsir göstərməyəcək. Əksinə, cəmiyyətdə Milli Şuraya müəyyən mənada etimadı da gücləndirəcək. Çünki hakimiyyətlə siyasi biznes münasibətlərində, separatçı əlaqələrdə olan, hakimiyyətin vədləri ilə fəaliyyət göstərən qüvvələrin Milli Şurada olmaması Milli Şuranın daha səmərələi fəaliyyət göstərməsinə imkan yaradacaq».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar