"Müsavat Partiyası hakimiyyətyönlü olacaq"

Gültəkin Hacıbəyli: “Bundan ən çox itirən Müsavat olacaq”

Milli Şura üzvü Gültəkin Hacıbəyli Müsavat Partiyasının qurumdan çıxmasına münasibət bildirib. O, “Azadlıq” qəzetinə açıqlamasında Müsavatın Milli Şuraya münasibətinin ədalətli olmadığını və bu addımdan ən çox o partiyanın özünün zərbə alacağını deyib: “Müsavat partiyası mövcud olan 2 ən böyük müxalifət partiyasından biridir, böyük tarixi keçmişi, töhfələri var və bunu danmaq olmaz. Ancaq indiki halda Müsavatın addımını ədalətli qəbul etmirəm. Milli Şura yarananda Müsavat onun bəyannaməsinə Qafqazdan rus qoşunlarının çıxmasına qədər absurd tələblərin salınmasını irəli sürürdü. Amma həmin vaxt Müsavat başqanı Lənkərana səfər edə bilmirdi. Sonra Rüstəm İbrahimbəyovun qurumda təmsilçiliyinə qarşı çıxdılar və bu bəhanə aradan qalxdı. Daha sonra Müsavat Rüstəm bəyin fəxri sədrliyinə də etiraz etdi və buna görə qurumdan ayrılacaqlarını bildirdi. Rüstəm bəy bu bəhanəni də kəsdi və fəxri sədrlikdən imtina etdi. İndi isə heç bir ciddi arqument göstərmədən Milli Şuradakı fəaliyyətlərini dayandırdılar.

Araşdırsaq görərik ki, Milli Şuranın dağılması ilə bağlı proqnozlar hər zaman Müsavata yaxın çevrələrdən qaynaqlanıb. Milli Şuranın missiyası deyildiyi kimi, prezident seçkiləri ilə yekunlaşmır və onun missiyasının bitdiyini söyləmək gerçəkliyi təhrif etmək deməkdir. Mən Müsavatdakı dostlarımızı səmimi olmağa dəvət edirəm və inidiyə qədər olan arqumentləri ciddi qəbul etmirəm. Bu qərar ictimai fikirdə Milli Şuraya qarşı fərqli yanaşmalara səbəb olacaq. Ancaq bundan ən çox itirən Müsavat partiyası olacaq”.

“Müsavat Partiyası mütləq gedəcəkdi. Milli Şura yaranarkən bu partiyanın sərgilədiyi ikili münasibət, vahid namizəd məsələsini yubadaraq qurumu seytnota salmaları, Rüstəm İbrahimbəyovun fəxri sədrliyi ilə bağlı məntiqə və siyasi etikaya sığmayan mövqeləri onların qurumun fəaliyyətində maraqlı olmadıqlarını göstərirdi”. Bunu isə APA-ya açıqlamasında El Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib.

E. Quliyev bildirib ki, Milli Şura məsələsində Müsavat Partiyasının mövqeyi ilə hakimiyyətin mövqeyi üst-üstə düşdüyü üçün partiya qurumdan çıxmağı ləngidib: “İndi isə onlara lazımi yerdən mesaj gəlib. Belə getsə, ya Müsavat Partiyası haqqında keçmiş zamanda danışacağıq, ya da bu partiya hakimiyyətyönlü olacaq. Yəni Müsavat Partiyası parlamentdə də təmsil olunacaq, qərargahları da olacaq. Ancaq bu partiyanın 1918-ci ildə yaranmış Müsavat Partiyası ilə bağlılığı olmayacaq”.

“El” Hərəkatının Milli Şuranı tərk etməyi planlaşdırmadığını deyən E. Quliyev sözlərinə görə, kənardan görünən mənzərə budur ki, müxalif düşərgədə vəziyyət çox pisdir, bu vəziyyətdən çıxmaq üçün yeganə nərdivan isə ancaq Milli Şuradır: “Nə “El” Hərəkatının, nə AXCP-nin, nə də digər qüvvələrin Milli Şuranın parçalamasına yol vermək olar. Bu zərbəni dəf edib, daha sıx, sağlam cərgə ilə qabağa getməliyik. Milli Şuranın öhdəsinə götürdüyü missiya yerinə yetirilməyib. Cəmiyyət deyir ki, ya bir yerdə olmalısınız, ya da sizinlə vidalaşacağıq”.

O, Müsavat Partiyasının atdığı son addımdan sonra “El” Hərəkatının Müsavat Partiyasının təklif etdiyi əməkdaşlıq sazişinə cavabının da artıq bəlli olduğunu dilə gətirib: ““El” Hərəkatının Müsavat Partiyası ilə əməkdaşlığa cavabı “yox” olacaq”.

Qeyd edək ki, "Yeni Musavat" “El” Hərəkatının Milli Şuranı tərk etməyə hazırlaşdığına dair dezinformasiya yaymışdı. Belə yerdə deyirlər "cəhənnəmə gedən özünə yoldaş axtarar." Sıravi müsavatçıların ciyinləri üzərində mandat alveri gedir. Musavat da bu günə düşərmiş!

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar