Xarici İşlər Nazirliyi rəsmisinin “like” açıqlaması

Etibar Əliyev

Fəlsəfə doktoru

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı (İƏT) yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovun sosial şəbəkədə Bakıda yanmış bina ilə bağlı məmurları tənqid edən statusu qalmaqal doğurub.

Ortaya çoxlu suallar çıxır. Görəsən Arif Məmmədovu bu işə vadar edən nə olub? Arif Məmmədov kimin adamıdır? Bizdə adətən adamlar narazı salınanda danışırlar. Ümumiyyətlə, ölkəmizlə bağlı fikirlərə münasibəti həmişə birinci Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərlərindən eşitmişik. Sonra deputatlar, deputat olmaq istəyənlər, siyasətlə məşğul olanlar məsələnin şərh ediblər. Bir qayda olaraq, Xarici İşlər Nazirliyinin sözçüləri yalnız hadisə baş vərəndən sonra üzə çıxırlar. Bu yanğın baş verəndən sonra Fövqəladə Hallar Nazirliyinin yanğını söndürməyə başlamasına bənzəyir. Amma FHN yanğından əvvəl monitorinq və yoxlamalar aparmış olsa, yanğının qarşısı bəri başdan alınmış olar. Arif Məmmədovla da Bakıda yanmış binadan əvvəl ölçü götürülməli idi. Ola bilməz ki, belə bir adam məlum olaydan əvvəl fikirlərində xətaya yol verməmiş olsun.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev son günlər İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovun bəyanatı fonunda yaranmış situasiya ilə bağlı mövqeyini açıqlayıb. Mövqedən görünən mövqesizlik ondan ibarətdir ki, sən demə bizm bu gənc sözçümüz Arif Məmmədovun yaşayış binasında yanğınla əlaqədar yazdığı statusunu “like” edibmiş:

“Texniki parametrlər baxımdan facebook sosial şəbəkəsində hər hansı statusun “like” edilməsi bu fikrin bilavasitə qəbul və ya təsdiq edilməsi mənasını daşımasa da, daha çox “gördüm, oxudum və ya tanış oldum” demək olsa da, onun sosial şəbəkələrdə yaşayış binasında yanğın ilə əlaqədar yazdığı statusunun “like” edilməsi ilə əlaqədar yaranmış anlaşılmazlığa görə üzrxahlığımı bildirirəm. Bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin rəhbərliyi tərəfindən lazımı ölçü götürülmüş və tədbirlər görülmüşdür. Hər bir Azərbaycan vətəndaşı kimi ilk Avropa Oyunları kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsindən fəxr hissi duyuram və ailə üzvlərimlə birlikdə bu tarixi hadisənin canlı şahidi olmağımızı gözləyirik. Bir daha bildirirəm ki, harada olmağımızdan və çalışmağımızdan asılı olmayaraq, əqidə, amal və əməlimlə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hər bir Əmrinə müntəzirəm".

Görünür ki, gənc Hikmət Hacıyev işlədiyi müddətdə diplomatiyanın əlifbasını da öyrənə bilməyib. “Like” etməyi bir yana qalsın, insanları çaşdırmaq üçün bu sözə yeni tərif verməyə çalışır. Sən demə “like” “gördüm, oxudum, və ya tanış oldum” demək imiş. Deməli “görürsən, oxuyursan, tanış olursan” - bu olur “like”. Bərəkallah!

Gənc yazır ki, bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin rəhbərliyi tərəfindən lazımı ölçü götürülmüş və tədbirlər görülmüşdür. Yəqin ki, XİN rəhbərliyi Hikmət Hacıyevə “gördüyünə, oxuduğuna və tanış olduğuna görə” töhmət verib. Hikmət icad etdiyi yeni təriflə XİN rəhbərliyini çaşdırıb, əks təqdirdə o, “Əmək Qanunları Məcəllə”sinin 70 “ç” maddəsi ilə işdən çıxarılardı. XİN bu işdə gərək DİN-nin təcrübəsindən istifadə etsin. H. Hacıyevin başqa “gördüyü, oxuduğu və tanış oduğu” işlər araşdırılmalıdır. Hikmət Hacıyevi bu “like” məsələsi o qədər çaşdırıb ki, özünə bəraət qazandırmaq üçün Avropa oyunlarını dəstəkləyib. Yəqin ki, o, Avropa Oyunları ilə bağlı statusları da “görüb, oxuyub, tanış olub”, yəni “like” edib.

Rasim Musabəyov Arif Məmmədovu müdafiə edib?

Azərbaycanın əleyhinə başından yekə qələt yapan Arif Məmmədovun əməllərinə Rasim Musabəyovun açıqlaması da şübhə doğurur. Rasim müəllim deyib:

“Düşünürəm ki, bu cür məsələlər şişirdilməməlidir. Bu, Azərbaycanın diplomatik imicinə xələl gətirir. Ehtiyac yarananda Xarici İşlər Nazirliyi inzibati qaydada tədbirlər həyata keçirir. Diplomatlar bu cür məsələlərdə ehtiyatlı olmalıdır. Ancaq məsələni bu cür şişirtməyi də media üçün məqbul hesab etmirəm. Düzdür, sadə adam, deputat xalq adından istədiyini danışa bilər, amma diplomat daha dəqiq və ehtiyatlı olmalıdır. Halbuki, məsələni mediada bu cür şişirtməyə də ehtiyac yoxdur”.

Buradan açıq-aşkar hiss olunur ki, müdrik siyasətşünasımız Arif Məmmədovun tərəfini saxlayır. Rasim müəllim bu müsahibəsində deyir ki, deputat xalqın adından istədiyini danışa bilər, amma diplomat daha dəqiq və ehtiyatlı olmalıdır. Heç hənanın yeridir? Heç deputat da xalqın adından istədiyini danışa bilməz. Xalqın qutuya saldığı bir neçə min büllet deputata bu ixtiyarı vermir. Görəsən, Rasim Musabəyov məsələnin mediada şişirdilməsinə niyə ehtiyac görmür? Yuxarıdakı ifadələri məncə Rasim Musabəyov müdriklik xatirinə işlətməyib. Belə situasiyalarda Rasim müəllim Elşən Musayevdən də kəskin danışardı. Bütün bunlar bir yana, siyasətşünas - “əlkimyaçı” məsələni şişirtməkdə medianı qınayır. Əslində media Musabəyovdan müsahibə götürməklə məsələni şişirtməyib, ona aydınlıq gətirib. Deməli, Arif Məmmədovu “like” edənlərlə yanaşı, dəstəkləyənlər də varmış.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar