XİN-DƏN SƏFİR VƏ KONSULLARA QADAĞA - Sosial şəbəkələri tərk edirlər 

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov özünün "Facebook" sosial şəbəkəsindəki profilini bağlamaq qərarına gəlib.

Səfir qərarını belə izah edib: “Ölkəmizlə bağlı əlamətdar hadisələr, həmçinin Ermənistanın torpaqlarımızı işğal etməsi faktı, Xocalı soyqırımı və bu kimi digər məslələri işıqlandırmaq məqsədilə 2009-cu ildən Facebook-da şəxsi profil səhifəsi açmışam. Yuxarıda qeyd edilən məslələrin sosial şəbəkələrdə yayılması və daha geniş təbliğ olunması məqsədilə Facebook-da göndərilən bütün dostluq təkliflərini qəbul etmişəm. 

Daşqın ŞİKAROV 

Təəssüflər olsun ki, qəbul etdiyim dostların bəziləri zaman-zaman məni müxtəlif xöşagəlməz rəsmlərə tağ ediblər, “inbox”a arzuolunmaz mesajlar göndəriblər. Son vaxtlar isə bu kimi hadisələr daha da intensivləşib və bu səbəbdən də 10.05.2015-ci il tarixindən etibarən Facebook səhifəmi bağlamaq qərarına gəldim”(Modern.az).

Strateq.az-ın xəbərinə görə isə, səfirin "Facebook"dan getməsi qeyd etdiyi səbəblərdən yaranmayıb. Daha dəqiqi, əldə etdiyimiz bir xəbər bu açıqlamanı təkzib edir. Belə ki, Azərbaycanın Avropa Şurası, ardınca da Avropa İttifaqındakı səfiri olmuş, hazırda isə İslam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən səfir Arif Məmmədovla bağlı yaranan qalmaqaldan sonra Azərbaycan Xarici İşlər Nazirliyindən bütün səfir və konsullara sosial şəbəkələrlə bağlı qəti tapşırıq və qadağalar verilib:

Arif MƏMMƏDOV

"Diplomatik korpuslarda fəaliyyət göstərən bütün şəxslərə, o cümlədən səfir və konsullara sosial şəbəkələrdən uzaq durmaq tapşırılıb. Ən yaxşı halda isə diplomatik fəaliyyətlərindən kənar statuslar yazmaq və kiminsə statusuna şərh yazmaq qadağası qoyulub. Bəzi səfirlər və konsullarımız bu xəbərdarlıqdan sonra tədbirli davranmaq əvəzinə, çıxış yolunu sosial şəbəkələrdən birdəfəlik uzaqlaşmaqda görüblər. Görünür, onlar adlarının hansısa yazı və statuslara tağ edilməsindən və buna görə işlərini itirməkdən qorxurlar. Bu isə həm də onu göstərir ki, Arif Məmmədovun üsyankar çıxışlarından sonra XİN-də ciddi narahatlıq da var...".

Mənbə Daşqın Şikarovun yuxarıdakı açıqlamasında yer alan səbəblərdən deyil, məhz bu tapşırıq və qadağadan sonra "Facebook"dakı profilini bağladığına daha çox inanır: "Mənim bildiyimə görə, Daşqın Şikarov "Facebook"da kifayət qədər fəal olub.  Və bu üzdən onun qəfil gedişi normal qarşılanmadı. Təbii ki, peşəkar diplomat kimi, o, "Facebook"dan gedişinin səbəbini yuxarıda qeyd olunan açıqlamadakı kimi etməliydi. Ancaq razılaşaq ki, onun niyə 10 gün əvvəl deyil, məhz Arif Məmmədovla bağlı qalmaqalın qızışdığı bir ərəfədə profilini qəfil bağlaması, ortaya ciddi suallar çıxarmaqla bərabər,  həm də XİN-nin məlum qadağasının ciddi olduğunu təsdiq edir..."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar