BAŞ NAZİRLİK UĞRUNDA MÜBARİZƏDƏ ŞOK – İki rəqib “əzildi”, birinin şansı “parladı”

2015-in ilk 5 ayında Azərbaycanı "çalxalayan" hadisələr və onların hakimiyyət daxilindəki ƏN ƏSAS mübarizəyə təsiri - TƏHLİL

Hakimiyyət iyerarxiyasında sambalı və iddialı kimliyi ilə seçilən maliyyə naziri Samir Şərifovun yaxın ətrafı sevinc içərisindədir. Bizə verilən məlumata görə, cənab Şərifov və onun “hakimiyyət komandasında” uzun zamandır içində olduqları bir mübarizənin – Baş Nazir postu uğrunda amansız yarışın müsbət finala yaxınlaşdığı haqda inam və əminlik yaranıb. Onlar hesab edirlər ki, bu mübarizədə, indi heç vaxt olmadığı qədər qələbəyə daha çox yaxındılar və bu şansı əldə buraxmaq olmaz. Necə deyərlər, O gün bu gündür!

Bəs nə baş verir – Samir Şərofov həqiqətənmi illərdir hakimiyyət daxilində gah alovlanan, gah da səngiyən ƏSAS MÜBARİZƏNİN – Baş Nazirlik uğrunda marafonun finişinə daha çox yaxın olan tərəfdir? Belədirsə, səbəb nədir?

Əlbəttə, biz fərqindəyik ki, Azərbaycanda ən perspektivsiz işlərdən biri hakim komanda daxilində dəyişiklik və konkret şəxslərin şansları ilə bağlı proqnoz verməkdir. Sadə bir səbəbə görə ki, hakimiyyətin üst qatlarında dəyişiklik çox nadir hallarda baş verir, baş verəndə də populyar ehtimallar üzünü çox nadir hallarda doğruldur. Bu mənada, Azərbaycanda Baş Nazirlik uğrunda mübarizəni də istisna hal kimi fərqləndirmək və iddialı proqnozlar vermək mümkün deyil. Bəlkə də digər hallarla müqayisədə daha çətindir.

Lakin həyatın müəyyən qarşısıalınmaz reallıqları var. Həmin reallıqlardan biri də budur ki, Azərbaycan, özünün 80 yaşlı Baş nazirini dəyişməyə məhkumdur – 3 ay tez, ya da 5 ay gec. Amma artıq vaxt-vədə yetişib.

Bu baxımdan, Baş nazirlik uğrunda gizli mübarizə, növbəti Baş nazirin kimliyi ilə bağlı məsələlər, istər-istəməz aktuallıq qazanır və yaxın gələcəkdə ölkə gündəmində özünə ilk sıralarda yer tutacaq. Bir neçə aydan sonraya planlaşdırılan parlament seçkilərinin dərhal ardınca, fövqəladə bir hadisə baş verməzsə, ölkə gündəminin ən vacib maddəsi, şübhəsiz ki, yeni baş nazirlə bağlı müzakirələr olacaq. Bunu iddia etmək, hətta prosesin başladığını vurğulamaq üçün yetərincə əsaslar var. Bu yazıda diqqəti onlardan bir neçəsinə yönəltmək niyyətindəyik.

“İRİ DAŞLAR YERİNDƏN OYNADI”

2015 Azərbaycan üçün çətin başladı. Dünya bazarında, iqtisadi böhrana yol açan neftin qiymətinin kəskin düşməsi hadisəsindən sonra manatın 35 faizlik devalvasiyası, vergi orqanlarının iri və orta sahibkarlar qarşısında ağır tələbləri, ardınca müəyyən təbəqələr arasında gərginlik yaradan səs-küylü həbslər, nəhayət 15 nəfərin ölümü ilə nəticələnən və bütün cəmiyyəti sarsıdan yanğın faciəsi. Bunların hər biri ayrı-ayrılıqda cəmiyyəti sarsıdan, “zəlzələ” effekti ilə çox böyük “daşları yerindən oynadan” hadisələr oldu. Gərginliyə, bəzi hallarda hətta böhranlı vəziyyətlərə yol açdı. Böhranlar isə, çox zaman milyonların həyatını çətinləşdirsə də, müəyyən dairələrin, təbəqə və şəxslərin qarşısında fürsətlər açan xarakterə malik olur. Əgər biz, yuxarıda sadaladığımız hadisələrə bu konteksdən yanaşsaq, ilk baxışdan diqqəti o qədər də çəkməyən çox maraqlı məqamlarla qarşılaşa bilərik.

NEFT VƏ DEVALVASİYA

Əvvala, ötən ildən başlayaraq dünya bazarında neftin qiymətinin kəskin düşməsinin fəsadları bu ilin əvvəlindən Azərbaycanda özünü daha ciddi biruzə verdi. Yalnız dövlət deyil, sadə Azərbaycan vətəndaşı da bu yükün ağırlığını öz üzərində hiss etməyə başladı. Bir tərəfdən neftdən asıl olan Rusiya iqtisadiyyatının çökməsi bu ölkədən hər il Azərbaycana axan milyardlarla dollar vəsaitin kəsilməsinə, üstəlik həmvətənlərimizin ölkəmizə qayıdaraq, işsizlər ordusunu böyütmələrinə səbəb oldu.

Digər tərəfdən isə Azərbaycan iqtisadiyyatı da xeyli dərəcədə neft gəlirlərindn asılı olduğundan, ölkədə işgüzar mühit zəiflədi, bir sıra investisiya layihələri dayandırıldı, sosial layihələr təxirə salındı, məmur təbəqəsinin aldığı paketlər ya azaldıdı, ya da ləğv edildi. Bu da təbii ki, ümumilikdə əhalinin gəlirlərinin aşağı düşməsinə, ticarətin zəifləməsinə gətirib çıxardı.

Milli bankın ehtiyatları da sürətlə azaldı. Buna cavab olaraq, fevralda hökumətin bir gecədə manatı təxminən 34 faiz ucuzlaşdırması, təkcə 2015-in ikinci mühüm hadisəsi kimi yox, həm də son illərin ən ciddi mənfi hadisəsi kimi tarixə düşdü. Mill Bankın sədri Elman Rüstəmovun vədlərinə inanıb əlindəki pulu, banklardakı əmanətlərini manatla saxlayanlar bir gecədə vəsaitlərinin 34 faizini itirdilər. Ən böyük zərbə isə dollarla krediti olan 100 minlərlə vətəndaşa dəydi. Onların banklara borcu bir gecədə 34 faiz artdı. Bu da hamısı deyil, istehlak qiymətləri artırıldı, kredit şərtləri ağırlaşdırıldı, işgüzar mühit daha da zəiflədi.

DÖVLƏTİN PULUNA VƏ BAYRAĞINA “XƏYANƏT”

Üçüncü mühüm hadisə kimi, nəzarət-səhm paketi dövlətdə olan Beynəlxalq Bankdan kredit adı ilə milyardlarla manat dövlət vəsaitinin mənimsənilməsi faktının ortaya çıxmasını göstərmək olar. Bu iş üzrə açılan cinayət işilə bağlı hələ də rəsmi məlumat olmasa da, saxlanılan iş adamlarının vəkillərinin dediklərindən belə məlum olur ki, söhbət 6 milyard dövlət vəsaitinin “yeyilməsindən” gedir. Beynəlxalq Bankin İdarə Heyətinin sədri Cahangir Hacıyev istefaya göndərilsə də, belə böyük miqyaslı yeyintiyə görə, hələlik rəsmi ittiham irəli sürülərək cinayət məsuliyyətinə cəlb olunan vəzifəli şəxs yoxdur.

Bununla paralel Bayraq Meydanının tikintisi zamanı yol verilən maxinasiyaların ortaya çıxması, idarənin rəisi Rəşad Məmmədovun anasının erməni olmasının aşkarlanması və ardınca həbsə alınması, sözsüz ki, ilin ilk yarısının ən mühüm dördüncü hadisəsi kimi qeyd oluna bilər. Erməni əsilli bir şəxsin Bayraq Meydanı idarəsinə hans yollarla rəis gətirilməsi, onun da harınlayaraq yol verdiyi maxinasiyalara, əhaliyə divan tutmasına və başqa qanunsuzluqlarına niyə göz yumulması da uzun müddətdir ki, müzakirə mövzusudur.

YANAN VƏ “YANDIRAN” HADİSƏ

Nəinki Azərbaycan, hətta beynəlxalq ictimaiyyətin belə diqqətini özünə cəlb edən 5-ci mühüm hadisə isə, təəssüf ki, Binəqədi rayonunda baş verən faciə oldu. 16 nəfərin ölümü, 60-a yaxın insanın xəsarət alması, dövlətə 100 milyonlarla maddi ziyan vurması ilə nəticələnən yanğının baş verməsinə bəzi dövlət qurumlarının və özəl şirkətlərin cinayətkar məsuliyyətsizliyi, korrupsiya maraqlarını insan həyatından üstün tutmalarının səbəb olduğu ən yüksək səviyyyədə bəyan edilib.

Sadaladığımız bu 5 hadisənin hər biri, yuxarıda da qeyd etdiyimiz kimi, cəmiyyəti sarsıdan, sabitliyi təhdid edən və müəyyən dövlət qurumlarının, konkret vəzifəli şəxslərin fəaliyyətini təftiş etmək zərurəti yaradan hadisələr oldu. Eyni zamanda, bu hadisələr hakimiyyət daxilində güclər nisbətinə, qruplararası mübarizəyə də “partlayış” xarakterli təsir göstərməklə, vəziyyəti gərginləşdirdi və bəzi məsələlərin üzərindəki “qara pərdəni” götürdü. Xüsusən də sonuncu – yanğın olayı təkcə Binəqədidəki 16 mərtəbəli binanı yandırmayıb, indiyədək yalnız “tüstüsü müşahidə edilən” bir çox məsələləri də “alovlandırdı”.

SEÇİMDƏN ÖNCƏKİ SEÇİM

Biz, baş verənlərin bu məsələlərdən biri - Azərbaycanda Baş Nazirlik uğrunda mübarizəyə təsiri haqda danışmaq niyyətindəyik. Bəri başdan qeyd edə bilərik ki, yuxarıda barəsində danışdığımız beş hadisə, baş nazir olmağa qüdrətli-iddialı yuxarı eşalon məmurlarından ən azı 2-ni bu mübarizədən silib atdı.

İlk növbədə qeyd edək ki, həm hakimiyyətdaxili qruplaşmalar, həm də yüksək vəzifəli, nüfuzlu ayrı-ayrı şəxslər, oliqarx məmurlar, hətta Azərbaycanda ciddi maraqları olan böyük güclər arasında xeyli müddətdir ki, baş nazirlik uğrunda GİZLİ savaşın getdiyi sirr deyil. Kimsə baş nazir olmaq istəyini dilə gətirməyə CÜRƏT etməsə də, gizlində bu istiqamətdə işlər aparan, rəqiblərini sıradan çıxarmağa çalışanlarla bağlı kifayət qədər məlumatlar var.

80 yaşlı, səhhətində problemlər olan Artur Rəsizadəni kimin əvəzləyəcəyinə PREZİDENT QƏRAR versə də, meydanı boşaldıb, rəqiblərini sıradan çıxaranların bu mübarizədə daha çox ŞANS əldə etdiyi də şübhə doğurmur. Hakimiyyət daxili qruplaşmalar və yüksək vəzifəli oliqarx məmurlar arasında baş nazirlik uğrunda MÜBARİZƏNİN indiki mərhələsi də məhz bu ŞANSI artırmağa, Prezidentin SEÇİM imkanlarını minimuma endirməyə hesablanıb.

Hökumət dəhlizlərində gedən söhbətlər, mötəbər mənbələrin məlumatları və müşahidələrimiz göstərir ki, son vaxtlar daha AMANSIZ xarakter almış bu mübarizədə bəzi İDDİALILAR ciddi zərbə alaraq, sıradan çıxsa da, bəzilərinin baş nazirlik xəyyalarına birdəfəlik son qoyulsa da, digərləri öz ŞANSLARINI daha da artıra biliblər.

ŞƏRİFOV, NƏHAYƏT GÜCLÜ RƏQİBİNİ SIRADAN ÇIXARDI

Sirr deyil ki, baş nazirlik uğrunda GİZLİ mübarizə aparanlardan biri Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev idi. Hətta Prezident İlham Əliyevlə şəxsi yaxınlığı haqda iddialar, eyni zamanda MTN başçısı ilə yaxın qohumluğu-qudalığı, C.Hacıyevi bu mübarizədə ən ciddi namizədlərdən birinə çevirirdi. Ancaq Beynəlxalq Bankda baş verən məlum faktların ortaya çıxması və C.Hacıyevin manatın ucuzlaşdırılmasından qabaq “devalvasiya möhtəkirliyinə” yol verdiyinə dair faktların təsdiqlənməsi, ABB rəhbərinin karyerasının üzərindən xətt çəkməklə yanaşı, onu və mənsub olduğu qruplaşmanı Baş nazirlik uğrunda yarışdan da kənara atdı.

Haciyevin bilərəkdən və ya bilməyərəkdən, çox böyük ehtimalla, kənar təsirlər nəticəsində yol verdiyi bu ciddi səhvlər barədə Prezidenti məlumatlandıran isə, baş nazirliyə İDDİALIlardan digəri - maliyyə naziri Samir Şərifov olub! Bununla da, cənab Şərifov, necə dəyərlər, ən uyğun vaxtda rəqibinin “ipini çəkib”. Hətta bəzi məlumatlara görə, Samir Şərifov bilə-bilə C.Hacıyevin “kredit bataqlığına” düşməsinə şərait yaradıb.

Məsələ ondadır ki, ABB səhmlərinin 51,07%-i dövlət adından çıxış edən Maliyyə Nazirliyinə məxsusdur. Maliyyə nazirinin müavini Azər Bayramov isə Müşahidə Şurasının sədridir. Bu baxımdan bankda baş verənlərdən Samir Şərifovun xəbərsiz olması mümkün deyildi. O isə vaxtında tədbir görmək, Prezidenti məlumatlandırmaq əvəzinə Hacıyevin daha dərin “bataqlığa” düşməsinə şərait yaradıb. Beləliklə də, Prezidentin C.Hacıyevə etimadı itib, Samir Şərifov isə Baş nazirlik uğrunda yarışda əsas rəqiblərindən birini sıradan çıxarmış olub.

Yeri gəlmişkən, bizə verilən məlumata görə, hələ 2 il əvvəl Cahangir Hacıyevlə Samir Şərifovun münasibətləri açıq qarşıdurma səviyyəsinədək pisləşsə də, maliyyə nazirinin rəqibini məhv etməyə gücü çatmayıb.

ƏLİ ƏSƏDOVU ANASI ERMƏNİ MƏMUR “YANDIRDI”

Yuxarıda sadaladığımız hadisələrin baş nazirliyə namizədlərdən daha birini - Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovu da sıradan çıxardığı mübahisə doğurmur. Əli Əsədovun da uzun müddətdir İKİNCİLİK uğrunda GİZLİ mübarizənin tərəflərindən biri olduğu məlumdur. Son illərdə hər iki aparıcı hakimiyyətdaxili qruplaşma ilə yaxşı münasibətlər qurmağı bacaran Əli Əsədova, son aylara qədər Prezidentin də yüksək etimadının olduğu müşahidə edilirdi. Bu səbəbdən demək olar ki, bütün iqtisadi layihələri, Bakıda təmir-tikinti işlərinin təqdimatını Prezidentə Əli Əsədov edirdi.

Ancaq mötəbər mənbələr əmin edir ki, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun fəaliyyəti, onunla bağlı Prezidentə məruzə olunan faktlar Əli Əsədova olan etimadı ciddi şəkildə sarsıdıb. Məsələ ondadır ki, anası erməni olan Rəşad Məmmədovun vəzifə təqdimatını bilavasitə Əli Əsədov irəli sürüb. Elə iri maxinasiyalara yol verən “Azİmport” şirkətində də əsas postları Əli Əsədovun qohumları tutub.

Mövcud hakimiyyətin yazılmamış qanununa görə isə, vəzifədə olan şəxsin səhvinə görə məsuliyəti həm də onun təqdimatını verən şəxs daşıyır. Burda “tanımamışam”, “bilməmişəm” kimi bəhanələr işə keçmir. Rəşad Məmmədov da elə bağışlanılmaz səhvlər edib ki, özü ilə bərabər, müəyyən mənada himayədarını da batırıb. Son vaxtlar Prezidentin iştirak etdiyi açılışların heç birində Əli Əsədovun görünməməsi də bununla bağlanır.

KÖHNƏ DOSTLARIN YENİ ...

İKİNCİ POST uğrunda mübarizədə sıradan çıxmış Cahangir Hacıyev, Əli Əsədov və baş verənlərdən sonra əsas iddiaçıya çevrilmiş Samir Şərifovdan başqa kimlər var? Hökumət kuluarlarlarında danışılanlar və ara-sıra mətbuata sızan məlumatlara inansaq, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Vergilər naziri Fazil Məmmədov da baş nazirliyə real namizədlərdir. Bu baxımdan, Binəqədidəki yanğın hadisəsindən sonra Kəmaləddin Heydərova qarşı aparılan və hakimiyyət daxilindən dəstəklənən total kampaniyanı da, əslində bu mübarizənin tərkib hissəsi saymaq olar.

Bu kampaniyanın öz məqsədinə çatdığından danışmaq mümkün deyil. Ölkəni sarsıdan bu “fövqəladə hadisənin” üzərindən K.Heydərovu “büdrətmək” cəhdləri, fikrimizcə baş tutmadı. Lakin açıq-aşkar göründü ki, rəqibləri Binəqədidə faciə ilə nəticələnən yanğın hadisəsinə görə K.Heydərovun zərbə alması üçün bir sıra aşkar-gizli çalışmalara baş vurdular.

Bu sırada son illər baş nazirliyə ciddi namizədlərdən birinə çevrilən vergilər naziri Fazil Məmmədovun ətrafının fəallığını xüsusilə qeyd etmək lazım gəlir. Yanğından bir neçə gün sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun “Yeni Müsavat”a müsahibəsində baş vermiş hadisəyə görə dəfələrlə Fövqəladə Hallar Nazirliyinin günahkar olduğunu bəyan etməsi buna əyani sübutdur. Həmin müsahibədən sitatlara diqqət edək:

-"Fövqəladə Hallar Nazirliyinin sertifikatı var, mən sertifikatına baxıb, razılıq vermişəm."

- "Onlara işləməyə icazəni, lisenziyanı Fövqəladə Hallar Nazirliyi verir. Bu gün BÜTÜN TİKİNTİLƏRƏ İCAZƏNİ həmin nazirlik verir."

- "Fövqəladə Hallar Nazirliyi də gəlib baxıb. Birmərtəbəli bina deyil ki, KİMİNSƏ (Çox böyük ehtimalla, K.Heydərov nəzərdə tutur-red.) görmədiyi iddia edilsin. Hər bir kəsin gözünün qabağında tikilib. Bizsə sertifikata baxandan sonra icazə vermişik ki, üzlənmə işi aparılsın".

Göründüyü kimi, icra başçısı birmənalı olaraq Fövqəladə Hallar Nazirliyini günahkar göstərib. Halbuki işlərin sifarişçisi kimi, nəzarəti həyata keçirmədiyi və müqaviləsiz iş gördürdüyü üçün əsas məsuliyyəti daşıyanlardan biri də məhz X.İsgəndərovdur.

Xatirladaq ki, icra başçısı postuna Vergilər Nazirliyindən gələn Xaləddin İsgəndərov Fazil Məmmədovun bacısının həyat yoldaşıdır. AzPolitika.info”ya daxil olan məlumata görə, sözügedən müsahibə verilməzdən bir gün əvvəl bu qohumlar “Varovski”dəki villalardan birində bir araya gəliblər. Bundan sonra X.İsgəndərov müsahibə təşəbbüsü ilə “Yeni Müsavat”a müraciət edib. İstənilən halda, X.İsgəndərovun Kəmaləddin Heydərovu hədəfə çıxarmaq istəyinin “özfəaliyyət” olduğu istisnadır - başçının bu “cəsarəti” mənsub olduğu qruplaşmanın “fəlakət dəllallığından” qaynaqlanıb.

NƏTİCƏ: ŞƏRİFOV BİR NEÇƏ ADDIM ÖNDƏDİR!

Beləliklə, çəkinmədən iddia etmək olar ki, son hadisələrdən sonra baş nazirlik uğrunda mübarizənin əsas mərhələlərindən biri, belə demək mümkünsə, SEÇİMDƏN ÖNCƏKİ SEÇİM mərhələsi yekunlaşmaq üzrədir və bu mərhələdə maliyyə naziri Samir Şərifov ən böyük uduşla çıxan tərəfdir. Əsas rəqiblərdən bir neçəsinin sıradan çıxması, hakimiyyət daxilində böyük gücə malik qruplaşmanın etibarlı kadrı olması, üstəlik böhranlı günlərdə ölkədə maliyyə-büdcə sabitliyini qoruya bilməsi, cənab Şərifova İKİNCİLİK uğrunda mübarizədə üstünlük qazandıran faktorlardan bəziləridir. Bu sıraya Rusiya faktorunu da əlavə etsək, fikrimizcə, mənzərə tamamlanmış olar...

Ancaq bu mübarizədə S.Şərifovun tək qaldığını söyləmək də mümkün deyil. Yuxarıda qeyd etdiyimiz kimi, vergilər naziri Fazil Məmmədov da bu yarışda irəli çıxmaq üçün önəmli imkanlar əldə edib. Belə ki, büdcəni doldurmaq üçün geniş səlahiyyətlər verilən Fazil Məmmədovun, bu işin öhdəsindən bacarıqla gəldiyini söyləmək olar. Hər halda ölkədə işgüzar mühitin aşağı düşməsinə, neft sektorundan daxil olan vergilərin azalmasına rəğmən proqnozlarını 103 faiz yerinə yetirməsi ölkə rəhbərliyinin Fazil Məmmədova etimadını daha da artırmış olmalıdır. Bu da baş nazirlik yarışında ona əlavə üstünlüklər qazandıra bilər.

SON SÖZÜ PREZİDENT DEYƏCƏK

Ancaq təbii ki, bütün kadr təyinatlarında olduğu kimi, baş nazirin kim olacağı ilə bağlı da SON SÖZÜ Prezident deyəcək. Odur ki, baş nazirlik uğrunda yarışın qalibi kimi görünənlərdən birinin bu postu tutacağını əminliklə proqnozlaşdırmaq çətindir. Ancaq “vurulanların”, etimadı doğrultmayanların bu posta ŞANSINI itirdiyini əminliklə söyləmək olar.

Murad MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar