“Milla”nın anti-reklam çarxının rejissoru həbs oluna bilər

Şirkətin reklam departamentinin bütün işçiləri işdən qovulub

Son günlər internetdə yayılan “Milla” Süd Zavodunun məhsulu ilə bağlı çəkilən reklam ətrafında söz-söhbət səngimək bilmir. Zavod rəhbərliyinin azvision.az saytına açıqlamasında deyilir: “Son günlər müəyyən internet saytlarında və sosial şəbəkələrdə “Milla” brendinin adına xələl gətirmək üçün xoşagəlməz reklam çarxları yayımlanmağa başlanılıb.

Bu reklam çarxlarının yayımlanması şirkətimizin imicinə, mənafeyinə xələl gətirmək üçün hazırlanıb və rəqib şirkətlər tərəfindən bizə qarşı anti-reklamdır. Biz “Milla” zavodu olaraq belə bir reklam çarxını tanımırıq və həmin reklam çarxı bizim tərəfimizdən çəkilib və yayımlanmasına icazə verilməyib”.

Reklamın rejissoru Zaur Qasımlı show.az saytına açıqlamasında şirkət tərəfindən ilk növbədə bu ssenarinin bəyənildiyini deyib: “Həmin şirkətə biz 5-6 ssenari təklif etmişdik. Düzü, mətnlə tanış olarkən düşündüm ki, bu fikir qəti surətdə rədd ediləcək. Ancaq şirkət nümayəndələri məhz bu ssenariyə baxan kimi xeyli güldülər və birmənalı şəkildə bunu təsdiqlədilər. Təbii ki, biz də həmin ssenariyə uyğun reklam çarxı çəkdik.”

Rejissordan bu işinin nə qədər uğurlu olduğunu soruşduqda isə maraqlı cavab alınıb: “Mən işimi layiqincə görmüşəm. Öz işimin arxasında da hər zaman dururam. Reklama yazılan rəylərlə də tanışam. Sadəcə hər kəsin fikrinə hörmətlə yanaşıram. Təəssüf ki, bizim gənclərimiz öz ideyalarını üzə çıxarmaqdan qorxurlar. Tamaşaçının heç vaxt öz fikri olmur. Həmişə bir-birinə baxıb fikir bildirirlər. Guya mentalitet keşiyində durublar. Amma gənclərimiz bir qədər cəsarəti olsalar, öz ideyalarından faydalana bilərlər.”

“Bizim Yol”un məlumatına görə, rejissor onu da deyib ki, reklamda rol alan model Nuridə Əliyevanın seçilməsi də “Milla”nın nümayəndələrinin göstərişi ilə olub.

“Süd məhsuluna olan münasibət dəyişəcəkmi?” sualına isə rejissor “mən işimi peşəkarcasına gördüm. Məhsul kifayət qədər reklam olundu. Belə deyirlər ki, antireklam özü də reklamdır” - cavabını verib.

Rejissor onu da bildirib ki, iki reklam çarxı çəkilib. İkincisi də bu yaxınlarda təqdim olunacaq. Müzakirəyə səbəb olan reklam çarxı isə televiziyalara təqdim olunmayıb. İnternetin daha sürətli inkişaf etdiyi bir dövrdə buna ehtiyac duyulmayıb.

“Milla”nın həqiqətən də reklamdan çox anti-reklamı olan videoçarxın çəkilməsi ilə bağlı AzPolitika.info-ya maraqlı təfərrüatlar məlum olub. Əldə etdiyimiz məlumata görə, reklam “Milla”nın müvafiq departamenti tərəfindən sifariş verilib. Lakin reklam çarxı hazır olduqdan sonra şirkətin rəhbərliyi onu bəyənməyib və rejissora irad bildirilib. Üstəlik ona pul da ödənməyib. Bundan sonra reklam şirkəti videoçarxı internetdə yayıb.

Bizə verilən məlumata görə, biabırçı, anti-reklam xarakterli çarxın internetə düşməsi zavodun sahibini – Kəmaləddin Heydərovu bərk qəzəbləndirib. Onun göstərişi ilə şirkətin reklam işinə məsul olan bütün işçiləri işdən qovulub.

Məlumatı bizə verən mənbə istisna etmir ki, biabırçı videoçarxı şirkətin razılığı olmadan internetdə yayan reklam şirkəti də cəzalandırılacaq.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar