BAKIDAN DUBAYA GÖNDƏRİLƏN 100 MİLYONLAR KİMDƏDİR? - Sensasion məlumatlar

Beynəlxalq Bankın filial müdirinin tikintisinə rəhbərlik etdiyi zavodda çeçen iş adamının da payı olub

“Kredit işi”nə görə həbs olunmuş, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Beynəlxalq Bankın Dubay filialının müdiri Adil Hüseynovun barəsində yeni təfərrüatlar məlum olub. Xatırladaq ki, “Qara polkovnik” ləqəbli polis polkovniki Fətulla Hüseynovun oğlu Adil Hüseynov ötən ay həbs olunub. Mətbuatda yayılan məlumatlara görə, A.Hüseynov Beynəlxalq Bankdan götürdüyü 318 milyon manat krediti mənimsəməkdə ittiham olunur.

Adil Hüseynovun vəkili Kamandar Nəsibov deyib ki, müvəkkili pulları almadığını və ayrılan kreditlərin köçürülmə yolu ilə şirkətlərə köçürüldüyünü deyib. Vəkil deyib ki, Adil Hüseynov iddia olunduğu kimi tekstil və metaltökmə zavodunun sahibi deyil. Sitat: “Həmin zavodların sahibləri hazırda «İntermet» şirkətidir. Həmin şirkətin də 50 faizi Hüseyn Marayev (çeçen əsilli Rusiya vətəndaşıdır) adlı bir şəxsin 100 faizli sahibi olduğu ”Golden Bat" şirkətinə, digər 50 faizi isə Fransa vətəndaşı Xəqani Bəşirovun 100 faiz sahibi olduğu Böyük Britaniyada qeydiyyatdan keçmiş “Camelot Oil and Gaz” şirkətinə məxsusdur".

beynelxalq_bank_327904505Bugünlərdə redaksiyamıza Adil Hüseynovun Dubaydakı fəaliyyəti, qurduğu zavodlarla bağlı bəzi məlumatlar daxil olub. Məlumatı redaksiyamıza ötürən mənbə deyir ki, “kredit həbslərində” Dubay “izi” göründüyündən xeyli dərindir və ortada çox böyük pullardan söhbət gedir. Mənbə bildirir ki, Adil Hüseynovun adı Beynəlxalq Bankın Dubay filialının direktoru kimi getsə də, o, əslində Cahangir Hacıyevin Dubaydakı biznesini idarə edib. Daha dəqiqi, haqqında söhbət açılan iki zavodun meneceri olub. Söhbət “İntertekstill” fabrikindən və eləcə də “İnterstell”, yaxud da “Unaytetstell” (bu şirkətin keçmiş adı olub) poladəritmə zavodundan gedir.

Onu da öyrəndik ki, əslində haqqında bəhs olunan iki zavoddan biri, yəni tekstil zavodu fəaliyyət göstərib. İkinci zavod isə metallurgiya zavodu olub və həbslərə qədər tikintisi davam edirmiş. Əsas pul maxinasiyası da məhz bu zavod üzərindən həyata keçib.

Belə ki, tikintisinə 2008-ci ildə başlanan zavodun ilk sahibi Ukrayna şirkəti ilə H.Marayev olub. Ancaq tikinti yarımçıq qalıb və yarımçıq tikilini Xəqani Bəşirov və Cahangir Hacıyev alıb. Eyni zamanda, çeçen əsilli biznesmen Hüseyn Marayev də zavodda kiçik də olsa payını qoruyub saxlaya bilib. Bundan sonra zavodun tikintisinə “Baku Steel Compani” cəlb olunub və Azərbaycandan poladəritmə üzrə mütəxəssislər Dubaya göndərilib.

Lakin mənbənin bildirdiyinə görə, bir müddətdən sonra “Baku Steel Compani” ilə C.Hacıyev arasında münaqişə yaranır və zavod öz işçilərini Dubaydan geri çağırır. Yalnız 50-dək mütəxəssis Adil Hüseynovun müraciəti ilə Dubayda qalaraq zavodun tikintisini davam etdirir. Mənbə bildirir ki, Adil Hüseynov həmin vaxtdan həbs olunana qədər zavodun inşasına rəhbərlik edib və formal olaraq 6 min dollar əmək haqqı alıb.

Ancaq Azərbaycanda olduğu kimi Dubayda da zavod tikintisi böyük maxinasiyalarla müşayiət olunub. Mənbəmiz bildirir ki, A.Hüseynov həbs olunana qədər bazar qiyməti 200 milyon dollar hesablanan zavodun tikintisinə ümumilikdə 350 milyon dollar xərclənib, ancaq zavod işə salınmayıb. Mənbə bildirir ki, zavodu işə salmaq üçün təxminən 50 milyon dollara ehtiyac var. Aydın olduğu kimi, zavodun tikintisində böyük miqdarda yeyinti olub.

Mənbəmiz bildirir ki, zavodun tikintisinə pullar Beynəlxalq Bankdan İsveçrədə X.Bəşirovun şirkətinə, oradan da Dubaydakı hesablara transfer olunub. Bu zaman tikintinin meneceri kimi A.Hüseynovun da böyük miqdarda pul mənimsədiyi aydın olur.

Adil Hüseynovun qəfil həbsindən sonra zavodun tikintisi dayanıb. Mənbəmiz bildirir ki, hazırda zavod satışa çıxarılıb. Ancaq mütəxəssislərə məlum olan səbəblərə görə, poladəritmə sexlərinin avadanlıqları uzun müddət fəaliyyətsiz qalanda keyfiyyətini itirdiyi üçün uzun müddət işə salınmadan qalacağı təqdirdə alınan avadanlıqlar da sıradan çıxa bilər. Mənbəmiz bildirir ki, hazırda zavodun Dubayda ən yaxşı halda yarımçıq tikili kimi 100 milyon dollara satılması ehtimalı var.

Və nəhayət, hər bir bu tip hadisə zamanı olduğu kimi ən ağır zərbə Dubayda zavod tikintisinə cəlb olunmuş 50-dək azərbaycanlı işçiyə dəyib. Dubayda qaldıqları üçün “Baku Steel Compani” tərəfindən işdən çıxarılan azərbaycanlı poladəritmə mütəxəssisləri hazırda işsizdilər. Adil Hüseynovun həbsindən sonra işçilər Azərbaycana qayıtmaq üçün tikintinin maliyyə müdiri Yaşar Quliyevdən qanuna uyğun olaraq 3 aylıq təzminat istəsələr də, X.Bəşirovun nümayəndəsi olan bu şəxs işçilərə hesablaşma ödənişi etməkdən imtina edib. “Baku Steel Compani”də işlərini itirən azərbaycanlı işçilər hazırda işsizdirlər və ödəniş almaq üçün Azərbaycanın dövlət başçısına, BƏƏ-dəki səfirə müraciət etsələr də nəticə olmayıb. Yalnız səfirlikdən bildiriblər ki, qanunla şirkəti məhkəməyə verib təzminat ala bilərlər, ancaq bu iş ən azı 3 ay uzana biləcəyindən işçilər Bakıya qayıtmalı olub. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar