AYDIN BƏŞİROVUN OĞLUNUN BÖYÜK BİZNESİ - Şok faktlar - Araşdırma

İlqar Bəşirov təkcə "Sail Trading" şirkətindəki gəmilərə 100 milyon dollardan çox vəsait yatırıb

Bu dəyirmanın suyu hardandır?

Vəzifəsindən azad olunduqdan sonra mətbuatın gündəmindən düşməyən Aydın Bəşirov və oğlu haqda daha maraqlı faktlar ortaya çıxıb. Jurnalist Aynurə İmranova Aydın Bəşirovun oğlunun biznesi və şirkətləri haqqında apardığı araşdırma yazsıını “Qafqazinfo”ya təqdim edib. Onu oxucuların diqqətin təqdim edirik:

"Naftalan" tankerinin onun buraxılması üçün Aydın Bəşirovdan 5 milyon manat rüşvət istənilir?

İslam Səfərli, Mühəndis Mustafa Əli, Naftalan... Bu adlar yəqin Azərbaycan gündəmini izləyən oxuculara çox söz deyir. Təkcə bu il ərzində mətbuata məlum olan (məlum olmayanların da olması ehtimalı böyükdür) neft qaçaqmalçılığına görə saxlanılan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə (AXDGİ) məxsus gəmilərdir. (Gəmilərin adını rəsmi Dövlət Gəmi reyestrindən dəqiqləşdirilib. http://ardda.gov.az/NewSite/wp-content/uploads/2012/07/Gem-siyahi-DGR.pdf)

Onlar öz sularımızda və Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Rusiya sularında (dəqiq desək Mahçkalada) saxlanılıblar. Azərbaycan tərəfi müxtəlif vaxtlarda saxlanılan gəmilərin qaçaqmalçılıqla məşğul olması barədə israrla susmağa davam edir.

Bəzi səlahiyyətli şəxslər Azərbaycan tərəfdə sənədləşmənin qaydasında olduğunu, düzgün aparıldığını, problemin Dağıstanda olduğunu, bəziləri AXDGİ-nin sadəcə daşıyıcı olduğunu, yükün sifarişçilərə məxsus olduğunu bildirirlər.

Saxlanılan qaçaqmala hələ ki, heç bir sifarışçı sahıb çıxmır. Mal qalıb ortada... Bəs "düzgün" aparılan sənədləşmədə sifarişçinin adı göstərilməli deyilmi? Məsələdə suallar çoxdur. Azərbaycan rəsmiləri suallarımıza cavab vermədikləri üçün mən Naftalan tankerinin saxlanıldığı Dağıstan Respublikasının FTX-ə müraciət etdim. Təəsüf ki, ordan da suallarımızı Azərbaycan tərəfinə yönəltməyi xahiş etdilər. Dağıstan FTX-ningəmilərin həbsindən sonra RİA NOVOSTİ-yə verdiyi açıqlamadansa bəlli olur ki, gəmilər Mahaçkaladan Səngəçal limanına gəlirmiş. Sənədləşməyə əsasən gəmidə 4,5 min ton mazut olmalıymış. Amma tankerdən götürülən mayenin laboratoriya təhlili göstərib ki, tanker xam neft ilə yüklənib. Ehtimal olunur ki, daşınan neft Xəzərin Həştərxan şelfində çıxarılıb və Bakı - Novorossiysk kəmərinə vurulmaq üçün nəzərdə tutulubmuş.

FTX -nin məlumatına görə məhsul saxlanılan anda Rusiya Federasiyasında neftin bir tonunun qiyməti 10218 rus rublu (424 AZN), ümumi tankerdə müsadirə olunan neftin məbləği isə 45 milyondur (təxminən 19 milyon AZN). Bu fakt üzrə Rusiya Cinayət Məcəlləsinin 226.1 maddəsinin 1-ci bəndinə - "Strateji ehtiyatların qaçaqmalçılığı" - əsasən cinayət işi başlayıb.

Bəzi mənbələrin verdiyi məlumata əsasən "Naftalan" tankeri Mahaçkala limanında saxlanılır və onun buraxılması üçün Aydın Bəşirovdan 5 milyon manat rüşvət istənilir. Amma bu məlumatı dəqiqləşdirmək mümkün olmadığı üçün biz dəqiqləşdirdiyimiz faktlarla davam edək.

Aydın Bəşirovun "gül" balası

Mənbələr neft qaçaqmalçılığının arxasında AXDGİ-nin keçmiş rəisi Aydın Bəşirovun oğlu İlqar Bəşirovun dayandığını deyirlər. İlqar Bəşirovun qaçaqmalçılıqda iştirakını təsdiqləyən faktlar hələ ortalıqda yoxdur.

Araşdırma zamanı əldə etdiyimiz faktlar hələ ki, yalnız onu təsdiqləyir ki, İlqar Bəşirov atasının rəhbərlik etdiyi sahəyə aid biznes qurub və bu biznesi silah, narkotik qaçaqmalçılığı qalmaqallarında adı hallanan qaranlıq keçmişli ortaqlarla işlədir.

İlqar Bəşirovun biznesinin coğrafiyası Türkiyə, Rusiya və Böyük Britaniyanı əhatə edir. Tikinti, turizm kimi sahələrdə fəaliyyət göstərən şirkətləri olsa da, İlqar Bəşirovun əsas fəaliyyət sahəsi dənizçilik və gəmiçilikdir.

İlqar Bəşirovun Facebook səhifəsi və mətbuatda yazılanlar onun özünün İstanbulda lüks həyat yaşadığını göstərir. Beləliklə,

Şirkətlər və ortaqlar

"Sail Trading Denizçilik və Ticaret Limited" Rusiyada və Türkiyədə fəaliyyət göstərir. Şirkət hazırda 12 yük və sərnişin daşıyan gəmiyə sahibdir ki, gəmilərin qiyməti 5-15 milyon dollar arasındadır. Gəmilərin hər birinin sadəcə bir gün üçün icarə haqqı 5-10 min dollar dəyərində hesablanır. Adi riyazi hesablama göstərir ki, təkcə Sail Trading şirkətindəki gəmilərə İlqar Bəşirov 100 milyon dollardan çox vəsait yatırıb.Bu vəsaitin mənbəyi naməlumdur.

İlqar Bəşirovun biznesi artıq bir çox beynəlxalq gəmiçilik sərgilərində, forumlarında təmsil olunur.

İlqar Bəşirovun şirkətlərin bəziləri dənizdə qazmaçılıq, təmir-tikinti, gəmi təmiri işini də əsas fəalliyyət sahəsi kimi göstərib. Aydın Bəşirovun AXDGI-nin rəisi vəzifəsindən azad edilən kimi əməkdaşların mətbuata verdiyi açıqlamalardan görünür ki, İdarə əsas təmir tikinti işlərinin sifarişini İlqar Bəşirovun şirkətlərinə veirimiş. Eyni zamanda verilən məlumata görə tamamilə yararsız 30 tankerin də təmiri sifariş olunubmuş ki, yeni rəis təyin olunan kimi onların doğranıb metalloma verilməsi göstərişini verib. Bu faktlar mətbuatda müxtəlif şəxslərin adında verilən müsahibələrdə öz əksini tapıb.

Türkiyədə "TAİLA İthalat İhracat Limited" şirkəti vasitəsilə restoran biznesi ilə də məşğul olan İlqar Bəşirovun burdakı ortağı Nigar Bəşirovadır. Amma başqa şirkətlərdəki ortaqlarını araşdırarkən çox maraqlı faktlar da qarşımıza çıxdı.

İlqar Bəşirovun sirli ortağı

İlqar Bəşirovun ortaqlarından birinin adı həm də silah və narkotik qaçaqmalçılığında hallanır. Daha ətraflı desək "Kent Dənizçilik Limited" və "Sail Traide Denizçilik və Ticaret Limited" şirkətlərindəki pay ortağı Sabahattin Su adlı bir türkdür. Adı çəkilən şəxsin ofşor zonalarda şirkətləri də var. Əvvəl ortaq olduğu şirkətlərdən biri və o şirkətdəki ortağı olan Bəkir Çələng narkotik və silahqaçaqmalçılığında ittiham olunub, hətta həmin şəxs bu ittihamla həbs olunub, saxlanıldığı həbsxanada vəfat edib.

Sabahattin Sunun adının hallandığı başqa bir narkotik və silah qaçarmalçılığı qalmaqalı da var. Su Türkiyə kriminal dairələrində “İnce Mehmet” kimi tanınan Məhmət Cantaşaməxsus "Sutas Shipping Services LTD" şirkətinin baş direktoru olub və Cantaş narkotik və silah qaçaqmalçılığına görə ittiham olunanda “mənim xəbərim olmayıb” deyib, məsuliyyətdən yayınıb. Su, Türkiyənin məşhur araşdırmaçı jurnalisti Uğur Mumcuya verdiyi müsahibəsində də “xəbərim olmayıb, şirkətdən ayrılıram” deyib. Mumcunun 1983-cü ilin fevral-mart aylarında Cümhuriyyət qəzetində dərc olunan araşdırması bir ucu məşhur terrorçu Mehmet Ali Ağcaya gedib çıxan silah və narkotik qaçaqmalçılığı barədə idi.

Həmin Sabahattin Su İlqar Bəşirovun rəhbəri və təsisçisi olduğu Kent Shipping şirkətinin Böyük Britaniyada ilk qurucusu olub və hal-hazırda iki şirkətdə - "Kent Dənizçilik Limited" və "Sail Trading Denizçilik ve Ticaret Limited" - şirkətlərində onun ortağıdır.

Ofşorlardan sinaqoqa qədər

Böyük Britaniyada qeydiyyatdan keçən başqa bir şirkət "Eurocaspian construction &Traiding LTD"dir. Bu şirkətdə də Bəşirovun maraqlı bir ortağı var.

Əfrayım Kəbudi məşhur offşor şirkətlərin qurucusu kimi tanınır. Türkiyədə saysız şirkətlərə sahib olan Kəbudi həmçinin Neve Şalom sinaqoqu fondunun İH üzvlərindən biri olubvə bu gündə həmin fondun əsas ianəçilərindən biridir. Fonda göstərdiyi maliyyə dəstəyinə görə dəfələrlə mükafata layiq görülən Kəbudi Türkiyənin yəhudi icmasının onurğa sutunlarından biri hesab olunur.

2001-ci ildə Böyük Britaniyada Aydın Bəşirovun oğlu İlqar Bəşirovla "Euro-Caspian Construction & Trading LTD” şirkətini quran Kəbudi ofşor şirkətlərə xarakterik özəlliklə bir neçəböyük layihə həyata keçirəndən sonra şirkəti bağlayıb. Amma eyni sahədə fəaliyyətini başqa şirkətlər açaraq davam etdirib. Bu yəhudi fondlarının milyoner ianəçisini azərbaycanlı İlqar Bəşirovla nə birləşdirir? Sual açıq qalır.

Bu dəyirmanın suyu hardandır?

Sual yarana bilər ki, bu boyda neft ölkəsinə qaçaq neft nəyə lazımdır? İqtisadçı ekspertlər Bakı - Novorossiysk kəmərinə xəttində neft çatışmazlığına görə gətirilməsi ehtimalını çox da ağlabatan hesab etmədilər. Onların fikrincə, əsas səbəb Azerilayt markalı neftin gətirilən xam neftlə müqayisədə 8-10 dollar bahalı olmasıdır. Ehtimal budur ki, qaçaqmalçılıqla gətirilib, müəyyən qatqılar ediləndən sonra Azərilayt adı ilə satılan neftdən qalan fərq milyardlarla manat dəyərində ölçülür. Prosesdə iştirak edən tərəflərin ən böyük uduşu burdandır. İqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərinə görə Azərbaycan gətirilib, satışı SOCAR vasitəsilə reallaşan neftin gəliri və mənbəyi şübhə altına alınmır və belə yollarla da çirkli pulların yuyulması həyata keçirilir. Amma bir daha vurğulamaq istəyirik ki, bütün bunlar Azərbaycana qaçaq neft niyə gətirilir sualına cavab axtarılarkən ehtimal olunan variantlardır. Ümid edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti ən azından Naftalanla bağlı cinayət işini başa çatıdraraq bütün bu suallara da aydınlıq gətirəcək.

Mövzu açıq suallarla doludur. Sualları hər kəsdən öncə İlqar Bəşirov cavablaya bilərdi. Buna görə də sorğunu ona ünvanladıq. Cavab gəlmədi. Bəşirova Facebook səhifəsi vasitəsilə ünvanladığımız sualları bir daha burada yayımlayırıq.

1. Dağıstanda saxlanılan Naftalan tankerində olan qaçaqmal neftin sizə məxsus olduğu söylənilir, bununla bağlı nə deyə bilərsiz?

2. Rusiyada, Ukraynada, Türkiyədə, Böyük Britaniyada şirkətləriniz olub və var. Həmçinin sizi oliqarxlar sırasına aid edirlər. Şəffalıq üçün mümkünsə deyin varidatınızın mənbəyi hardandır? İmkanlarınız ilk dövrdə hardan qaynaqlanıb?

3. Bəzi şirkətlərinizdə sizin ortağınız olan Sabahattin Sunun adı başqa ortaq olduğu şirkətlərdə silah və narkotika qaçaqmalçılığında hallanıb. Hətta ortaqları həbs də olunub. Sizin də bu işlərlə əlaqəniz varmı?

4. Atanızın Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəisi olması faktının sizin şirkətlərinizin böyüməsində nə kimi rolu var?

5. Sizin biznesinizin onun işdən azad olunamsında nə kimi rolu var?

Aynur İmranova

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar