RƏSUL QULİYEVLƏ BACISI OĞLUNUN ÇƏKİŞMƏSİ YENİDƏN GÜNDƏMDƏ - Eks-spikerin çözülməyən sirri

Eks-spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevlə onun Londonda yaşayan bacısı oğlu İlqar Quliyev arasında çəkişmə hələ də davam edir. Hətta eks-spiker bacısı oğlunu bir neçə dəfə məhkəməyə də verib. Bu barədə “Axar.az” saytı məlumat verib.

AzPolitika.info xatırladır ki, Rəsul Quliyev Azərbaycan parlamentinin sədri olduğu vaxtlarda bacısı oğlu İlqar Quliyev onun köməkçisi işləyib. 1996-ci ildə Rəsul Quliyev spiker postundan istefa verib ölkəni tərk edəndən sonra İlqar Quliyev ailəsi ilə birlikdə Londona köçüb və bir müddət sonra ailə İngiltərə vətəndaşlığını alıb.  Lakin İ.Quliyev uzun illər yenə də dayısı ilə birlikdə olub və onun işlərinə kömək edib. Hətta 2005-ci ildə R.Quliyev Azərbaycana dönməyə cəhd edərkən təyyarədə İ.Quliyev də olub. Lakin bu cəhd baş tutmayandan, ümumiyyətlə R.Quliyevin hakimiyyətə gələcəyinə inam sarsılandan sonra bacısı oğlu Rəsul Quliyevdən uzaqlaşıb. 2007-ci ilin sonlarından isə İlqar Quliyev və qardaşları ilə Rəsul Quliyevin münasibətlərində gərginlik düşmənçilik səviyyəsinədək yüksəlib. Hətta R.Quliyevin şikayəti əsasında Daxili İşlər Nazirliyi eks-spikerin bacısı oğlu Elbrus Quliyevi həbs edib.

"Axar.az" isə bildirir ki, eks-spiker müəllif hüquqlarının pozulması ittihamı ilə İlqar Quliyev və onun təmsil etdiyi “Azadan.tripod.com” saytını Amerikada məhkəməyə də verib. Məhkəmənin hakimi isə yetərli sənədlərin olmamasını, Böyük Britaniya Birləşmiş Krallığı ilə Amerika Birləşmiş Ştatları arasında hüquqi proseduraların uzun çəkdiyini əsas gətirərək, əvvəlcə məhkəməni təxirə salıb, sonra da dəlil yetərsizliyindən şikayəti xətm edib.

Məlumatda o da qeyd olunur ki, 2000-ci ilin ortalarına qədər İlqar Quliyevin, ondan sonra da oğlu İlkin Quliyevin Böyük Britaniyada bir neçə şirkəti olub. Hal-hazırda Londonda məskunlaşan 57 yaşlı İlqar Quliyev demək olar ki, bütün biznesini 27 yaşlı oğlunun idarəsinə verib.

R.Quliyevlə bacısı oğlanlarının çəkişməsinin kökündə isə əmlak və biznes mübahisələri durur. Bizdə olan məlumata görə, R.Quliyevin Bakıda vaxtilə aldığı əmlakların əksəriyyəti İlqar Quliyevin və digər bacısı uşaqlarının adına sənədləşdirilib. Bundan başqa, İ.Quliyev parlament sədrinin köməkçisi olduğu vaxt dayısından xəbərsiz də çoxlu sayda əmlak ələ keçirib. Dəqiqləşmiş məlumata görə, hazırda İlqar Quliyev və qardaşlarının adına təkcə İçəri Şəhərdə 25 əmlak qeydiyyatdadır. Ümumi dəyəri 10 milyonlarla ölçülən bu əmlakların hansının Rəsul Quliyevə, hansının bacısı oğlanlarına məxsus olduğunu isə heç tərəflərin özləri də yaxşı bilmirlər. Elə mübahisə də bunun aydınlaşdırılması zamanı başlayıb.

Məlumata görə, İlqar Quliyev 2007-ci ildə dayısından xəbərsiz Bakıda çox bahalı bir mülkü satışa çıxarıb və satıb. Bundan xəbər tutan R.Quliyev isə möhkəm qəzəblənərək bacısı uşaqlarından əllərində olan bütün mülkləri təhvil verməyi tələb edib. Lakin bu tələb nəinki yerinə yetirilib, hətta R.Quliyevin öz adına olan bağ evinin sənədlərini belə verməkdən imtina ediblər. Üstəlik bacısı uşaqları həmin vaxt ACP-ni İçəri Şəhərdə yerləşdiyi qərargahdan da çıxarıblar. Bu mülk də sənəd üzərində İlqar və Elbrus Quliyevlərə məxsus olub.

Maraqlıdır ki, bu zaman R.Quliyevin köməyinə, nə qədər qəribə səslənsə də, Azərbaycanın hüquq-mühafizə orqanları çatıb. Onun şikayəti əsasında bacısı oğlu Elbrus Quliyev həbsə atılıb və istintaqçılar onun qarşısında şərt qoyublar: "Azadlığa çıxmaq istəyirsənsə kişinin mülklərini özünə qaytar..." Sonda da elə belə olub. Bacıoğlu Quliyevlər dayı Quliyevə dəyən ziyanı kompensasiya etdikdən sonra Elbrus Quliyev azadlığa buraxılıb.

Yeri gəlmişkən, üzərindən neçə il keçməsinə baxmayaraq, bu sirri çözmək hələ də mümkün olmayıb: Necə oldu ki, Azərbaycan hökuməti özünün ən qatı rəqibinin "xəzinəsi" üzərində yatan anakonda rolunda çıxış etdi?... Bu sual neçə illərdir hətta eks-spikerin ən yaxın adamlarını da düşündürür, amma ağlabatan cavab tapılmayıb.

Rasim ƏLİYEV

AzPolitika.info

 

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar