“DOSTLUQ" PARKININ ƏRAZİSİNİ SATAN “AÇAR FİQUR” HƏBS EDİLDİ! – Məmur korpusu təşviş işindədir! 

"Himayədarlarının onu ölkədən gizlicə çıxarmaq istəyi baş tutmayıb"

Məlum olduğu kimi, bu ilin 19 mayında Binəqədi rayonu ərazisində baş vermiş faciəli yanğın hadisəsinin araşdırılması ilə bağlı yaradılan Dövlət Komissiyasının iclası zamanı Prezident İlham Əliyev çox sərt çıxış edərək, açıq şəkildə ölkədəki bir sıra qanunsuzluqların və özbaşınalıqların başında vəzifəli şəxslərin, məmur korpusunun durduğunu bildirmiş və hətta buna misal kimi, Səbail rayonu ərazisində yerləşən “Dostluq” parkının ərazisinin qanunsuz zəbt olunması və orada villalar tikilməsini göstərmişdi.

Xatırladaq ki, Prezident həmin iclasda bildirmişdi: “...İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki, heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının - heç kimin xəbəri yoxdur! Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən, vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq" parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, "Dostluq" parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın... Bütün tikilən villalar qanunsuzdur! Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun! İndi o gün gəlirəm, görürəm ki, yenə də düz "Dostluq" parkının yanında - yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı! Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq! Heç kim çıxmadı! Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun! Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar! Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə, vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər...”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu müşavirədə, eləcə də Respublika Günü ilə bağlı keçirilən tədbirdəki çıxışında bundan sonrakı mərhələdə məmur özbaşınalığına, qanunsuzluqlara qarşı sərt tədbirlərə əl atılacağının və bu işdə də təkcə aidiyyəti qurumlardan deyil, cəmiyyətdən də dəstək gözlədiyinin anonsunu vermişdi.

Dünən eşitdiyimiz bir xəbər isə başı Avropa Oyunlarına qarışmış hüquq-mühafizə orqanlarının Prezidentin göstərişlərini heç də unutmadıqlarını, əksinə, Avropa Oyunlarından sonra fəaliyyətlərində ciddi qanun pozuntularına yol vermiş məmur korpusuna qarşı irimiqyaslı cəza tədbirlərinin həyata keçirilməsi üçün yaxşı bir hüquqi zəmin əldə etdiklərini göstərir.

Belə ki, Strateq.az-ın əldə etdiyi məlumata görə, Prezidentin göstərişlərinin icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin tərkibində yaradılmış xüsusi əməliyyat qrupu “Dostluq” parkının ərazisini müxtəlif şəxslərə satan əsas fiquru – Tərlan Hüseynov adlı şəxsi müəyyənləşdirərək, artıq həbs edib.

İşin daha ilginc tərəfi odur ki, əməliyyat planı elə məxfiçilik şəraitində hazırlanıb və qəfil həyata keçirilib ki, hakimiyyət içərisindəki bəzi himayədarları Tərlan Hüseynovun həbsinə heç cür mane ola bilməyiblər və onu ölkədən gizlicə çıxarmaq istəyi də baş tutmayıb...

Bu həbs barədə məlumatlı şəxsin Strateq.az-a bildirdiyinə görə, Tərlan Hüseynov “Dostluq” parkının ərazisinin kimlərə və hansı yollarla satıldığını, hansı dövlət qurumlarından kimlərin bu qanunsuzluqlarda iştirak etdiyini müəyyənləşdirəcək, ümumiyyətlə böyük bir mütəşəkkil cinayətkar şəbəkəni üzə çıxarmağa imkan verən açar fiqurdur. Bu işdə saxta sənəd hazırlanmasından tutmuş, qanunsuz özəlləşdirməyədək uzanan və bir neçə dövlət qurumunu əhatə edən böyük bir istintaq prosesinin başlanacağını deyən mənbə bildirib ki, Tərlan Hüseynovun həbsi xəbəri artıq adları qanusuzluqda keçən məmur korpusunu böyük təşvişə salıb. Çox böyük ehtimalla, Avropa Oyunları başa çatdıqdan sonra hüquq-mühafizə orqanları daha irimiqyaslı həbslərə başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar