“ƏRDOĞAN TƏLAŞ İÇİNDƏDİR” – Müsahibə

“Baş nazir təmizlikdən nə qədər çox danışsa da, rüşvət və korrupsiya faktları ortadadır”

Politoloq Vaqif Mahmudov Türkiyə gündəminə dair AzPolitika.info-nun suallarını cavablandırır.

- Sizcə Türkiyədə nə baş verir? 17 dekabrdan sonrakı proseslərin arxasında xarici güclər, yoxsa bir çoxlarının, elə AKP-çilərin də iddia etdikləri kimi “dərin dövlət” var?

- Fikrimcə, tarixi fəlsəfi yöndən yanaşılsa, “dərin dövlət” anlayışının xeyli dərəcədə şisirdildiyi bəlli olur. Bu anlayış uzun müddətdir ki, Türkiyədə aktual bir mövzuya çevrilib. Qərb ölkələrində isə buna “görünməz hökumət” deyilir. Belə hesab edilir ki, “Dərin dövlət” məsələsi Osmanlı dövrünə gedib çıxır. 1908-1918-ci illər arasında “Təşkilati Məhsusa” adlı gizli bir silahlı kəşfiyyat təşkilatı olub. Atatürkün də Osmanlı “dərin dövləti”nin adamı olduğunu iddia edənlər var. Ərdoğan da müsahibələrindən birində bildirir ki, “dərin dövlət” mövcuddur və onun varlığı Osmanlı dönəminə qədər gedib çıxır. Deyəsən Ərdoğan istəyir ki, ictimaiyyət də məhz bu cür düşünsün və o da oz növbəsində “dövlət içərisində dövlət qurublar” şüarı ilə rəqiblərini sıradan çıxarsın. Başqa tərəfdən belə bir sual yaranır ki ,əgər həmin güclər olmadan kimsə siyasətdə uğur qazana bilməzsə, onda necə olub ki, Ərdoğan təntənəli triumf əldə edib? Ona görə də “dərin dövlət” anlayışı qarmaqarışıq bir mənzərə yaradır. Kimə necə sərf edirsə, o cür də yozur. Bu tip planları işə salmaqda başlıca məqsəd mövzunu korrupsiya məsələsindən uzaqlaşdırmağa yönəlib. AKP-dəki siyasi texnoloqlar kütlə beyinini dumanlandırmaq yolunda xüsusi təbliğat qurublar. Onlar deyirlər ki, biz xalqa xidmət etdiyimizə və Türkiyəni inkişafa apardığımıza görə xarici qüvvələr qarşımızı almaqdan ötrü daxildəki antimilli gizli təşkilatlatlardan istifadə edir. Və əgər biz hakimiyyətdən gedəriksə, ölkəmiz xaosa sürüklənəcək. Yəni insanları gələcəklə qorxudurlar. Məlumdur ki, qorxu hissi insanın irrasional düşüncəsinin məhvəri sayılır. Naməlum və məchulun nə zamansa gerçək ola bilməsini həqiqət kimi beyinlərə hopdurmaq texnikası hər dövrdə işləyib.

- Lakin həqiqətən də AKP hakimiyyəti dövründə ölkə hərtərəfli inkişaf etməyibmi? Yaranan siyasi sabitliyə, iqtisadi yüksəlişə görə türk xalqı 12 ildir hökuməti bu partiyaya etibar etmirmi?

– Hər bir dövrün yaratdığı şərtlər siyasi hadisələrin mühərriki sayılır. Ərdoğan hakimiyyətə gəldiyi zaman Tansu Çillər, Məsud Yılmaz, Ərbakan və o dövrün baş naziri Bülənt Ecevit demək olar ki, tənəzzüldə idilər və tamamilə öz qürüb çağlarını yaşayırdılar. AKP hakimiyyətə gəlməmişdən bir il əvvəl isə Türkiyədə dərin maliyyə böhranı baş vermişdi. Bu böhran nəticəsində Türkiyə lirəsi sürətli inflyasiyaya uğradığından iqtisadi vəziyyət ağırlaşmışdı. Belə olan təqdirdə əhali tezliklə vəziyyətin sabitləşməsini və durmadan artan maliyyə böhranlarından xilas olmağa böyük ümüd bəsləyirdi. Siyasi böhranlar, qalmaqallar və onların yaratdığı çətin həyat şəraitinin təlaşı insanları alternativ axtarmaga vadar edirdi. Daha doğrusu yeni lider, yeni qüvvə və onların gəlişi ilə yeni yaxşı şərtlərin tələb dalğası AKP-yə təkbaşına iqtidar olmağa imkan yaratdı. Türkiyə tarixinin xarakterik xüsusiyyətləri prizmasından yanaşdıqda AKP-nin uzunmuddətli hakimiyyətinin başlıca iki səbəbi var:

Birinci, AKP hakimiyyəti götürdüyü vaxtdan indiyədək Türkiyəni əvvəlki dövrlərlə müqayisədə dərin iqtisadi və maliyyə böhranı bürüməyib. İkincisi, on ildən artıqdır ki, Türkiyə siyasi məfkurə və ideoloji baxımdan faktiki olaraq iki hissəyə ayrılıb. Bir yanda Ərdoğan tərəfdarları, diğər yanda onun əleyhdarları durur. Ərdogan tərəfdarları əsasən siyasi sabitliyin AKP ilə bağlı olduğunu zənn edənlər, dindarlar və həm də ki, populist vətənpərvərlik hissinə qapılanlar olduğundan çoxluq təşkil ediblər.

Ərdoğan yaxşı natiqdir. O, xalqın anlaya biləcəyi üslubda danışmağı bacarır və zamanın tələbinə uyğun şəkildə də xüsusi təhkiyə üsulu ilə nitqini qurur. Gördükləri işləri populistik formada tez- tez təkrarlayaraq insanların beynində dominant ocaq yaratmaq istəyir ki, bu işləri ondan və partiyasından başqa heç kim həyata keçirə bilməz. Ərdoğan yaxşı bilir ki, əhalinin az gəlir əldə edən hissəsinə kömək etməlidir, seçkidə onların səsləri həlledici sayılacaq.

– Ərdoğanı və onun komandasını “islahatçılar” adlandırmaq olarmı?

– Xeyr. Çünki onlar Türkiyənin iqtisadi təmayülünü köklü sürətdə dəyişməyiblər. Bunu dəyişmək asan iş deyil. Körpü tikmək, yol çəkmək nə qədər vacib işlər olsalar da, bu müasir iqtisadi təmayülün aparıcı xətti sayıla bilməz. Türkiyə tarixində iqtisadiyyatın yeni müasir tarixi müstəviyə daxil olmasının əsas bazasını Turqut Ozal hazırlamağa başlamışdı. Türkiyə kimi daxilən ziddiyyət və çəkişmələrlə dolu olan məmləkətdə məsələlər kompleks formada həll oluna bilər. Cəmiyyət həyatının bütün tərəfləri nəzərə alınaraq reformalar elə aparılmalır ki, gələcəkdə tələblərə cavab verə bilsin. Ərdoğan və AKP tarixin hərəkət dinamikasını nəzərə almırlar. Yəni düşünülmüş və gələcək tarixi perspektivə hesablanmış universal yanaşma strategiyası əvəzinə, feodal bürokratik tipli dava-dalaş və “mən səndən güclüyəm” aqressiv taktikası ilə siyasi demoqogiyanı siyasətlərinin bazası hesab edirlər. Müxalifət də onlardan fərqli siyasət yürütmür.

- Sizcə bir il ərzində hazırlanmış 17 dekabr əməliyyatından ölkə rəhbərliyinin xəbərsiz olması nəyin göstəricisidir?

- Əlbətdə ki, əməliyyat gizli aparılacaqdı. Başqa cür mümkün ola bilməzdi. Görünür hakimiyyətin əməliyyatı aparan qolunu Ərdoğan uzun müddətdir ki, incidərək özündən narazı salıb. Ərdoğan dolayısilə ABŞ-ın bu işlərin arxasında olduğuna işarə vurur. Məsələ ondadır ki, Ərdoğan daxildə apardığı siyasəti beynəlxalq arenaya da daşımağa başlamışdı. Yeri gəldi-gəlmədi hər şeyə həddindən artıq reaksiya verirdi. Fələstin məsələsində İsraillə münasibətləri sərtləşdirdi, ərəb inqilablarına münasibətdə önə çıxmağa can atdı. Mursi məsələsində hamıdan fərqli olaraq hadisəni hərbi çevriliş adlandırmaqdan çəkinmədi. Bəşər Əsədin tezliklə yıxılacağını zənn edərək qabağa düşmək taktikasını tutdu. Hakimiyyətinin ilk illərində Avropa Birliyinin qapısını tez-tez döyən Ərdoğan, Avropada iqtisadi böhran yaşanandan sonra Yunanıstan kimi dövlətləri göstərərək onlara rişxənd etməyə başladı. Ola bilər ki, uzunmüddətli hakimiyyətin böyük psixoloji təsiri onu öz iqtidarını yenilməz, Türkiyəni isə sanki Osmanlının qüdrətli vaxtlarındakı kimi hiss etməyə tərəf yönəldib. Bunların hamısı böyük güclərlə hesablaşmadan həyata keçirilirsə, deməli çəkilmiş xətdən kənara çıxanı cəzalandırmaq siyasəti işə salınıb. Amma o da faktdır ki, Türkiyədə hakimiyyətin bir əldə cəmləşdirilməsi avtoritarizmin güclənməsi və bunlarla birlikdə korrupsiyanın, rüşvətin genişlənməsi, böyük ranqlı məmurların varlanmasi prosesini də sürətləndirib. Ərdoğan hökumətinin korrupsiya mexanizmini açıb ortaya qoya biliblər. İndi AKP nəyin bahasına olursa-olsun, bunun altından qaçmağa çalışır.

- 17 dekabr əməliyyatına görə Ərdoğan Fətullah Güləni də günahlandırır. Neçə illərdi Gülən camaatı Ərdoğanla birlikdə idi. Nə baş verdi ki, onlar parçalandılar?

- Türkiyə tarixində hər zaman dinin ictimai– siyasi proseslərdə ciddi rolu olub. Ancaq Atatürk dinin dövlət işlərinə müdaxiləsinin əlehdarı idi və bunun qarşısını almışdı. Sonralar dindarlar İslam dininin demokratiyaya qarşı olmadığını və onun inkişafa aparan mühümlüyünü əsas götürərək yeni fəaliyyət formaları seçdilər. Daha doğrusu taktikanı dəyişdilər. Strategiya isə öz yerində qalıb. Ancaq bu istiqamətdəki fəaliyyətlərini tələskənliyə yol vemədən aparırlar. Gülənin camaatı tədricən irəliləyərək böyüklü-kiçikli yüzlərlə şirkəti olan güclü dini ordenə çevrilib. Gülən nəqşibəndçi Nəcməddin Ərbakanı və onun Rifah Partiyasını müdafiə etmirdi. O zaman Gülən düşünürdü ki, hələ vaxtı deyil və özümüzü xərcləyərək məhv etmək olmaz. 2002-ci ilin əvvəllərində isə Ərbakanın pariyasının şınelindən çıxanlarla birlikdə qurulan AKP-yə lazımı köməklikləri göstərdi. Lakin əslində hər ikisinin məqsədi müvəqqəti olaraq bir-birindən yararlanmaq idi. Partiyasının üzvlərinin dövlət idarə etmək təcrübələri və təbliğat mexanizmləri zəif olduğundan Ərdoğanın Fətulah Gülənə ehtiyacı yaranmışdı. Çünki təkbaşına iqtidarlarını qorumalı idilər və həm də ki, başda ordu olmaqla, bütün potensial rəqiblərini sıradan çıxarmağı qarşılarına məqsəd qoymuşdular. Gülənə də əslində bu sərf edirdi. Özü kənarda dururdu və bu işləri Ərdoğan həyata keçirirdi. Gülənin tərəfdarları əsasən bələdiyyə, prokurorluq, polis, məhkəmə və idarəetmə strukturlarında, bank və mühəndislik sektorlarında işləyirdilər. Gülən həmişə çalışıb ki, onun camaatına məxsus olan kadrlar gizli qalsınlar və ancaq lazım gələn anda hərəkətə keçsinlər. Uzun müddət ərzində faktiki olaraq Ərdoğanla Gülən birlikdə hərəkət ediblər.

İndi Ərdoğanla Gülənin münasibətlərinin pozulması isə Ərdoğanın siyasətini dəyişməsilə birbaşa bağlıdır. Ərdoğan artıq belə hesab edir ki, o, istədiyinə tam nail olub. Rəqiblərini əzib, hakimi–mütləqə çevrilib və Gülənə və ya kimsəyə ehtiyacı yoxdur, təkbaşına hər şeyi həll etmək gücündədir .

– Onda belə çıxır ki, dindarlar Ərdoğandan üz döndərəcəklər. Əgər camaat AKP-nin arxasından çəkilsə gələcək seçkilərdə AKP-nin aqibəti necə ola bilər?

– Camaat dedikdə təkcə Gülən camaatı nəzərdə tutulmur. Türkiyədəki camaatlar islamı–dini ordenlərdir. Orta əsr xristian ordenləri kimi. Gülən hərəkatı bunların içində daha yaxşı təşkilatlanmış və ən varlısı sayılır. Nəqşibəndi təriqətinə bağlı olanlar içərisində Mənzil camaatı, İskəndərpaşa camaatı, İsmayılağa camaatı fəaliyyət göstərir. Əlavə olaraq, Nur camaatı, İşıkçılar camaatı kimi islami ordenlər də haliyədə movcuddurlar. Bunların içərisində Ərdoğanın həm tərəfində, həm də əleyhində olanlar var.

Lakin Ərdoğana güclü zərbə vurublar. Çünki təmizlikdən nə qədər danışsa da, rüşvət və korrupsiya faktları ortadadır. Təlaş və panika içərisində polislərin, prokurorluq işçilərinin vəzifələrindən uzaqlaşdırılması onun faktlardan nə qədər qorxduğunu göstərir. Ərdoğan istənilən məsələyə aqressiv münasibət göstərməyə üstünlük verir. O düşünür ki, hər hansı bir məsələdə yumşaqlıq göstərməsi zəiflik, qorxaqlıq, geriyə çəkilmək kimi başa düşülə bilər və nəticədə tərəfdarları dağılar.

Bu tipli hərəkətlərinə ğörə, Türkiyədə Ərdoğana “seçki ilə hakimiyyətə gələn Kral” da deyirlər. Onun partiyasının xeyli üzvü vardır ki, vəziyyətin daha konkret aydınlaşmasını gözləyir. Qarşıdan gələn bələdiyyə seçkiləri AKP-nin gələcəyinin necə olacağını müəyyənləşdirə bilər. Digər tərəfdən isə ortalığa bir lider də gətirilməlidir ki, AKP-dən ayrılanlar onun ətrafında birləşsinlər və parlament seçkisinə getsinlər. Ərdoğana gələcək seçkilərdə böyük hesabla qalib gəlmək istəyənlərin ən məharətli işi AKP-ni parçalamaqdan keçır. Yəqin ki, Ərdoğanın əleyhdarlaı da bunu yaxşı anlayırlar.

Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar