"Mən nazirliyə Vaqif Hacıbəylinin patronları kimi paket almağa getməmişəm"- Aslan İsmayılov

«Son günlər Milli Şuradan kimlərinsə getməyini toy bayram edən hakimiyyət və vaqif hacıbəylilərdir»

Müsavat Partiyasının Milli Şuradan çıxmasına tanınmış hüquqşünas Aslan İsmayılov da «facebook» səhifəsində reaksiya vermişdi. A.İsmayılov vurğulamışdı ki, Musavatın Milli Şuradan getməsinə üzülmək yox, əksinə sevinmək lazımdır: «Maskalar cırılır, müxalifətçiliyi biznesə çevirənlərin, bu günki durumda az qala hakimiyyət qədər suçu olan, minlərlə sadə vətəndaşların həyatını, ümidlərini puç eləyənlərin, insanların azadlığa, demokratiyaya olan məhəbbətini nifrətə çevirənlərin əsl sifətləri görünməyə başlayır».

A.İsmayılovun fikirlərinə Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli münasibət bildirib. V.Hacıbəyli «Teleqraf.com»a açıqlamasında A.İsmayılovun ünvanına bir sıra ittihamlar səsləndirib: “Əgər söhbət mənim tanıdığım Aslan İsmayılovdan gedirsə, siz «Azadlıq» meydanına yığışıb mitinq keçirmək cəhdini iğtişaş adlandırmısınız. Seçki məhbuslarından heç birini müdafiə etmədiniz. Siz 2003-cü ildə baş verənlərə yarım kəlmə etiraz bildirmisinizsə, bunu təqdim edin, mən böhtançı ittihamı ilə razılaşım. Həmin vaxt prezident səni qəbul edib şərəfləndirdiyi üçün ağzına gələni danışırdın”.

«Hakimiyyətlə mübarizə aparan vətəndaşları həmişə qəhrəman saymışam»

Səslənən ittihamlarla bağlı vəkil Aslan İsmayılovun münasibətini öyrəndik. Ünvanına səslənən ittihamları əsassız adlandıran A.İsmayılov vurğuladı ki, bu fikirlərin tirajlanması yalnız hakimiyyətin maraqlarına uyğun gəlir: «Mənə daş atıb hökumət qəzetlərində tirajlananlara üzümü tutub demək istəyirəm ki, məni tanıyanlar bilirlər ki, 1993-cü ildən hələ Prezident aparatında işləyə işləyə hakimiyyəti tənqid etmişəm. Buna görə də göstərişlə bir saatın içində işdən kənarlaşdırılmışam. Araşdırmaq istəyənlər o dövr Prezident aparatında işlər müdiri işləyən, bu gün məhbəsdə olan Akif Muradverdiyevdən maraqlana bilərlər. Mənim həmişə müxalifətə yaxın olmağım heç də müxalifətin rəhbərləri ilə bağlı olmayıb. Sadəcə olaraq bu mövqeyim müxalifətdə tanıdığım yüzlərlə, minlərlə fədakar insanlarla bağlı olub. Mənim tənqidi fikirlərimin müxalifətə, nə də son tənqidi fikirlərimin Müsavat Partiyasının ləyaqətli üzvlərinə heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq mən sosial şəbəkədə bu partiyalarda on illərdir gəncliyini məhv edənlərin və rəhbərləri tərəfindən aldadılaraq, oyunlara cəlb edilənlərin ağrısına cavab vermişəm. Müxalifətlə əməkdaşlığım həmişə ənənəvi müxalifəti sevdiyimdən olmayıb. Sadəcə olaraq bu hakimiyyəti tənqid edən, onunla ən ağır şəraitdə mübarizə aparan qüvvə müxalifət olduğuna görə bu düşərgə ilə yaxın olmuşam. Mən bu gün də, on il öncə də Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparan vətəndaşlara həmişə hörmətlə yanaşmışam. Onları sözün əsil mənasında qəhrəman saymışam. Çünki onlar bütün məhrumiyyətlərə baxmayaraq öz əqidələrindən dönməyiblər. Mən həmişə müxalifətçi “peşəsinə” sahib olanları, bununla dolananları tənqid etmişəm. Son 20 ildə müxalifətçiliyi özünə “peşəyə” çevirənlər var. Onlardan biri də «hüquqşünas» bir özündən ibarət partiya sədri Vaqif Hacıbəylidir. Mənim gələcəkdə nə Vaqif Hacıbəyliyə, nə də onun kimilərlə cavab verməklə dəyərli vaxtımı itirmək fikrim yoxdur».

«Mən vətəndaş borcumu yerinə yetirmişəm»

V.Hacıbəylinin onun ünvanına səsləndirdiyi konkret ittihamlara gəlincə isə, A.İsmayılov bildirdi ki, bu fikirlər yalandır: «Vaqif Hacıbəyli məni «Azadlıq» meydanına yığışıb mitinq keçirmək cəhdini iğtişaş adlandırdığımı iddia edir. Mənim belə bir fikrim heç zaman olmayıb. Bu ağ yalandır. Əgər Vaqif Hacıbəylinin məsuliyyət hissi varsa, o, mənə böhtan atdığını etiraf edər. Daha sonra Vaqif Hacıbəyli iddia edir ki, guya mən siyasi məhbuslarından heç kimi müdafiə etməmişəm. Mən onlarla siyasi məhbuslarını müdafiə etmişəm. Onları bir-bir sadalayıb Vaqif Hacıbəylini şərəfləndirmək fikrində deyiləm. 97-ci ildən bu günə siyasi məhbuslarını müdafiə etmişəm. Mən onlardan fərqli olaraq siyasi məhbusları müdafiə edərək özümə xal yığaraq, müxalifətçilik etməmişəm. Mən bir vətəndaş borcumu yerinə yetirmişəm. Vəkilikdən çıxmağıma səbəb olan bloqqer Rəşad Ağəddin, Zaur Qurbanlının adını çəkməyim kifayətdir. Nəzərinizə çatdırım ki, müdafiə etdiyim müxalifətçilərin heç birindən qonorar almamışam, müqaviiə pulunu da özüm ödəmişəm. Mən bunları kiməsə minnət qoymaq üçün demirəm. Mən vətənpərvər insanların gördüyü şərəfli işdə yardımçı olmaq istəmişəm».

V.Hacıbəylinin 2003-cü il hadisələri ilə bağlı A.İsmayılovun mövqe bildirmədiyilə bağlı deyilənlərə gəlincə isə, həmsöhbətimiz bildirdi ki, həmin dövrdə səhhəti ilə bağlı yaşadığı problemlər üzündən Azərbaycanda olmayıb: «2003-cü ildə mən xəstə olmuşam. Həmin ilin oktyabr ayında mən Kislovodskda «Rusiya» sanatoriyasında müalicədə olmuşam. Bunu hakimiyyətdəki dostları vasitəsilə araşdıra bilərlər. Orada izlədiyim, hacıbəylinin rəhbərlərinin, NTV kanalındakı müsahibələri mənim o vaxtdan olan şübhələrimi indi doğruldur. Belə görünür ki, Vaqif Hacıbəyli böhtan atanda ağına-bozuna baxmır. Mən heç vaxt Vaqif Hacıbəylilər kimi boş-boş danışmamışam və heç kimlə də onlar, onların rəhbərləri kimi gizlin görüşməmişəm. Mən Prezidentlə 2003-cü ildə yox,2005-ci ildə görüşmüşəm və bunu bütün ölkə bilib. Bu görüşdən o dövrdə məmnun olduğum kimi indi də məmnunam. Ona görə ki, Prezident məni bir vətəndaş, siyasətə aidiyyatı olmayan bir şəxs kimi sayıb qəbul etmişdi. Mən o görüşdə dediyim bütün tənqidi fikirləri Vaqif Hacıbəylilərə desəm, məni otaqlarından qovardılar. Amma Prezident məni dinlədi və qaldırdığım məsələlər içərisində bir çoxlarını,o cümlədən hamının bildiyi Vəkilliklə bağlı qanuna ayrıca dəyişiklik edildi. Vaqif Hacıbəyli və onun kimiləri Prezident Administrasiyasında qapıçı duranlara belə yarınıblar ki, nəsə əldə etsinlər. Mən isə o görüşdən sonra Prezidentin ən yaxın adamlarının təklifini belə qəbul etməmişəm. Prezidentin özündən də özümlə bağlı heç nə xahiş etməmişəm. Bunu bütün ölkə bilir».

«Bəsdir bu millətin başına oyun açdınız»

Hazırda ona qarşı sosial şəbəkələrdə bir kampaniyaya start verildiyini deyən A.İsmayılov vurğuladı ki, onu Ramil Usubovla görüşməkdə ittiham edirlər: «Bunu bütün ölkə bilir ki, mən Ramil Usubovla görüşmüşəm. Nazir özü məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təhqir edilib, fiziki təzyiqlərə məruz qalmağımla bağlı dəvət etmişdi. Mən nazirliyə Vaqif Hacıbəylinin patronları kimi xahişə, paket almağa getməmişəm. Mən nazirliyə irad bildirməyə getmişəm. Bu barədə də açıqlama vermişəm. Məni kimsə rüşvət almaqda ittiham edə bilməz. Amma bunlar nəyin hesabına dolanır mən onu bilmək istəyirəm. Mən sosial şəbəkədə təsadüfən sual verməmişdim ki, «siyasətçi peşəsi varmı?». Tək Vaqif Hacıbəyli deyil, bütün yaxın ətraf nəyin hesabına dolanır?. Mən vəkillik edirəm, 18 saat işləyirəm».

Ona qarşı ittiham irəli sürənlərin danışmağa mənəvi haqqının olmadığını deyən A.İsmayılov bildirdi ki, millətin başına gətirilən bəlalarda bu cür siyasətçilərin də payı var: «Mən onların yerində olsam susaram. Amma bunlar ona buna çamur atıb, söz güləşdirmək istəyirlər. Vaqif Hacıbəyli və onu kimiləri üstümə salanlara deyirəm özünüzü yığışdırın. Bəsdir bu millətin başına oyun açdınız».

«Hakimiyyətin oyununda iştirak etmək istəmirəm»

Milli Şurada son baş verən olaylara bir daha münasibət bildirən A.İsmayılov vurğuladı ki, bu gün Müsavat Partiyasının atdığı addımı təqdir edənlər yalnız hakimiyyət düşərgəsinin təmsilçiləridir: «Müsavatın son qərarını alqışlayanlar yalnız hakimiyyət yardımçıları Mübariz Qurbanlı, Hafiz Hacıyev və digəriləridir. Bu günki hakimiyyətə qarşı real mübarizə aparmaq istəyənlər böyük çətinliklə Milli Şurada birləşdilər. Son günlər Milli Şuradan kimlərinsə getməyini toy bayram edən hakimiyyət və vaqif hacıbəylilərdir. Müsavat Partiyasına, Yadigar Sadıxov kimi şəxslərə və partiyanın sıravi üzvlərinə xüsusi hörmətim var. Çünki Müsavat Partiyası Məmməd Əmin Rəsulzadənin partiyasıdır, bugünkü liderlərin partiyası deyil. Mən o partiyanın bugünkü gününə acıyıram. Acıyıram ki, Hafiz Hacıyev artıq onlara əməkdaşlıq təklif edir. Acıyram ona görə ki, bu partiyanın ətrafında olanlar bu və ya digər yollarla məni şantaj edirlər ki, onlar mənim əmlaklarımı «Yeni Müsavat» qəzetinə çıxardacaq. Mənim başqaları kimi gizli heç nəyim yoxdur. Nəyim var öz adımadır. Həm hakimiyyət, həm də müxalifətçilik peşəsindən yararlananlardan fərqli olaraq mən hər şeyi halal əməyimlə qazanaraq, adıma yazdırmışam və heç kimdən qorxum yoxdur. Hakimiyyətdəkilər və onlara qulluq edən vaqiflər kimi qohum əqrəbanın adına yazdırmamışam. Bu millətin başına 20 ildir oyun açdığınız kifayətdir. Mən daha sərt danışa bilərdim. Amma hakimiyyətin oyununda iştirak etmək istəmirəm. İstəmirəm ki, hakimiyyətdəkilər desin ki, Aslan İsmayılov müxalifətə hücum etdi. Yazıqdır bu gənclər. Minlərlə gənclərin həbslərinə bais oldunuz. Hazırda Milli Şurada baş verənləri izləyəndə 98-ci ildə təmənnasız müdafiə etdiyim Nəsimi Şərəfxanlı, Tofiq İsmayılov kimi gənclər gözümün önünə gəldi. Həmin gənclər həyatlarını məhv etdilər. Nədir ki, bəzi siyasətbazlar bunun üzərində biznes quracaqlar».(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar