NAZİM İBRAHİMOVUN QAYNI İNTİHAR EDİB, YOXSA...? – 4,5 milyonluq mənimsəmə və...- YENİLƏNİB

İyunun 20-də Bakı şəhəri Həsən Əliyev ünvanındakı mənzilində işadamı Məzahir Cəfərov aslımış vəziyyətdə tapılıb. Onun intihar etdiyi bildirilir. Hüquq mühafizə orqanları hələki bu haqda hər hansı məlumat yaymayıb.

APA-nın məlumatına görə, intihar edən 1964-cü il təvəllüdlü Məzahir Cəfərovdur.Yaxınları hadisənin ilkin səbəbi kimi M. Cəfərovun keçirdiyi ağır xəstəlikdən irəli gələn psixoloji durumu göstərib.

Hafta.az-ın yeni əldə etdiyi məlumata görə isə, Məzahir Cəfərov yaşadığı evin blokunda asılı vəziyyətdə tapılıb. Həmin gün mərhumun ailəsi Qəbələ rayonunda olub. Meyidin blokda tapılması faktına görə ehtimal olunur ki, Cəfərov özünü asmayıb. Onu asıblar.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.Qeyd edək ki,Məzahir Cəfərov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır.

MƏZAHİR CƏFƏROV KİM İDİ?

Məzahir Cəfərovun adı ötən bir ildə tez-tez mediada hallanıb. "Azadlıq" Radiosunun məlumatına görə "STS" və «Sahil D Compani» MMC-nin direktoru olan Məzahir Cəfərovu 12 mart 2015-ci ildə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə saxtakarlığında ittiham etmişdi. M.Cəfərov Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və pulu ödənmiş mənzilləri saxta sənədlərlə təkrar müxtəlif şəxslərə satmaqla ittiham olunurdu. Etibardan sui-istifadə etmə və aldatma yolu ilə 4 milyon 458 min manat ələ keçirməsində təqsirləndirilirdi.

Bu barədə Baş Prokrorluğun yaydığı məlumatda qeyd olunurdu ki, istintaq müddətində vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatı ödənib.

Açılmış cinayət işi martda baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.

CİNAYƏT İŞİNİN ARXASINDAKI GİZLİNLƏR...

Cinayət işinin arxasında müxtəlif şəxslərin adı hallanırdı. Onlar arasında Bakıda «Xəzər adaları» layihəsi ilə tanınan «Avesta» Şirkətlər Qrupunun rəhbəri İbrahim Nehrəmli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun və onun qardaşı Sahib İbrahimvov, İlham Qasımov və Taleh Abdullayev adlı iş adamları vardı. «BizimYol» qəzeti baş verənlərlə bağlı Sahib İbrahimov və İlham Qasımovdan müsahibə almışdı.

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı Məzahir Cəfərov intihar edib. AzPolitika.info-nun məlumatına görə, bu barədə bu gün yerli saytlar məlumat yayıb. AzNews.az xəbər verir ki, Məzahir Cəfərov dünən paytaxtın Həsən Əliyev küçəsində yerləşən mənzilində asılmış halda tapılıb.

Məlumata görə, “Sahil D” MTK-nın direktoru vəzifəsində çalışan M. Cəfərov, N.İbrahimovun qardaşı Sahib İbrahimovun tikinti işlərinə nəzarət edirmiş.

Qeyd edək ki, Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə, Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi.

Məlumat üçün bildirək ki, bu binaları “Galaxy Palace” şirkəti tikirdi. İstintaq zamanı 8 milyon yeyintinin olduğu aşkarlanmışdı.

Hafta.az saytının əməkdaşları xəbəri dəqiqləşdirmək üçün N.İbrahimovun özü ilə əlaqə saxlamağa çalışsalar da cəhdləri alınmayıb. Güc strukturlarından isə bildirilib ki, bu gün belə bir məlumat əldə etməyiblər.

Vaqif NƏSİBOV

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar