"PARABANK"da NƏ BAŞ VERİB, "KİA"nın 40 MİLYONU HARADADIR? - Tərəflərdən açıqlamalar və etirazlar gəldi

Azərbaycanda daha bir bankda külli miqdarda maliyyə fırıldağı üzə çıxıb. AzNews.az-a daxil olan məlumata görə, “Parabank”ın “Nəsimi” filialında qeydiyyata salınmayan, dövlətdən gizlədilən 40 milyona yaxın vəsaitin dövriyyəyə buraxıldığı aşkarlanıb.Məlum olub ki, filial rəhbərliyi dostu, “Kia Motors Az” MMC-nin rəhbəri Səxavət Səfərovun qeyd olunan məbləğdə vəsaitini heç bir sənədləşdirmə aparmadan bankın xəzinəsində saxlayıb və bunu vergi uçotundan gizlədilib.

Bundan əlavə bank və şirkət rəhbərliyi həmin pulların qanunsuz dövriyyəsi ilə məşğul olub və bu yolla çirkli pullar leqallaşdırılıb. Bu işlərə nəzarət etmək üçün “Kia Motors Az” MMC-nin rəhbəri etibarlı adamını - Fərhad Cəfər oğlu Abbasovu “Parabank” ASC-nin “Nəsimi” filialına göndərib, hətta ona xidməti otaq da ayrılıb ki, “Kia Motors Az” MMC-nin çirkli pullarını bank daxilində tənzimləsin. Məlumatlarda bildirilir ki, “Parabank” ASC-də dəfələrlə audit yoxlamaları aparılsa da, bankın xəzinəsinin bunkerində böyük qutulara yığılmış “Kia Motors Az” MMC-nin gizlətdiyi pul baratlarını aşkar etsələr də, bu barədə heç bir tədbir görülməyib, sənədləşdirmə aparılmayıb, audit yoxlamalarının nəticələri barədə rəylərdə qeyd edilməyib, Mərkəzi Banka məlumat verilməyib. Bundan başqa çirkli pulların filialın xəzinəsinin bunkerində qanunsuz şəkildə saxlanılması, onların dövlətdən gizlədilməsi, həmin pulların leqallaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi məlumat verilməyib.

Lakin devalivasiyadan sonra banklarda aparılan sistemli yoxlamalar zamanı “Parabank”ın illərdir apardığı qanunsuz əməlləri ifşa olunub və bununla bağlı Bakı Şəhər Prokurorluğunda 120046164 №-li cinayət işi açılıb.

İstintaq zamanı məlum olub ki, “Kia Motors Az” MMC-nin bankda saxladığı vəsaitin 680 min manatı 2012-ci ildə yoxa çıxıb. Bu faktın üstü açılandan sonra isə, şirkətin bankdakı etibarlı nümayəndəsi Abbasov Fərhad Cəfər oğlu müəmmalı şəkildə intihar edib. Rəsmi sənədlərdə onun özü-özünə 8 dəfə bıçaq xəsarəti yetirməklə öldürməsi qeyd olunur. Amma bir adamın özünə 8 dəfə ağır bıçaq zərbəsi yetirə bilməsinin qeyri-mümkün hal olması nədənsə istintaqda nəzərə alınmayıb.

Hazırda istintaq davam edir. Şübhəli şəxs qismində hələlik, 2012-ci ilə kimi bankın sözügedən filialında xəzinədar işləmiş Kazımov Ülvi Elçin oğlu saxlanılıb.

Qeyd: Məsələ ilə bağlı inanılmaz faktlar, cinayət əməlləri mövcuddur. Mövzu ilə bağlı geniş materialı təqdim edəcəyik.

Qeyd edilənlərlə bağlı “Parabank”ın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov tərəfindən bu məlumatı dərc edən bütün media orqanlarına, o cümlədən "AzPolitika.info"ya təkzib məktubu göndərilib. Həmin məktubda "AzNews.az”ın 2015-ci il iyunun 22-də yazıb yaydığı “Bakıda inanılmaz bank fırıldağı – “Parabank”la “KİA”nın gizlətdiyi 40 milyon, intihar, həbs…” başlıqlı yazıda göstərilənlər bənd-bənd verilərək təkzib edilir. Məktubda bildirilir:

-"a) “AzNews.az” informasiya saytının 2015-ci il iyunun 22-də yaydığı “Bakıda inanılmaz bank fırıldağı-“Parabank”la “KİA”nın gizlətdiyi 40 milyon, intihar, həbs…” başlığı altında məlumatda göstərilir ki:

“KİA Motors AZ” MMC-yə məxsus olmuş 40 milyon manata yaxın vəsait “Parabank” ASC-nin “Nəsimi” filialında uçota alınmadan vergidən gizlədilmiş və bankla bu MMC həmin pulların qanunsuz dövriyyəsilə məşğul olub, bu yolla çirkli pulları leqallaşdırmışdır."

"KİA Motors AZ” MMC-nin “Parabank” ASC-nin “Nəsimi” filialında bank hesabı vardır. “KİA Motors AZ” MMC ilə “Parabank” ASC-nin arasında bağlanmış inkassasiya və pul vəsaitin saxlanc müqaviləsinə əsasən KİA Motors özünə məxsus pul vəsaitini obyektlərdən toplayıb bankın filialında yerləşdirmiş və əldə edilmiş pul vəsaitinə, bank hesablarından göründüyü kimi, özü sərəncam vermişdir. “Parabank” ASC-də yüzlərlə belə hüquqi şəxslərin bank hesabları vardır və onlar apardığı əməliyyatlara görə vergi orqanı qarşısında hesabat verirlər. Hesablarda aparılan əməliyyatlara bank müdaxilə etməyə haqlı deyildir və qanunla onları məxfi saxlamağa borcludur.

b) Sonra yazıda göstərilir ki, bank guya “KİA Motors AZ” MMC-yə məxsus pul vəsaitini bunkerdə qanunsuz saxlayıb və bu fakt sistemli yoxlamada aşkar edilmişdir.

vvəla, yuxarıda qeyd edildiyi kimi, “Banklar haqqında” Qanuna və Mülki Məcəllənin müvafiq normalarına uyğun olaraq tərəflərin arasında bağlanmış saxlanc müqaviləsinə əsasən bu və ya digər müştəriyə aid pul vəsaiti bunkerdə saxlanılır. İkincisi, bu faktın yoxlanılmasına zərurət olmamış və istənilən məlumatları bank qanunla müəyyən edilmiş qaydada istintaq orqanına təqdim etmişdir.

Fikrimizcə, yoxlanılmadan çirkli pulların yuyulması və vergidən yayınma cinayətlərində ittiham etməklə “Parabank” ASC-nin nüfuzuna xələl gətirən rüsvayedici, böhtançı məlumatların yazılıb kütləvi yayılması bir tərəfdən etik baxımdan anlaşılmaz olduğu kimi, digər tərəfdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Odur ki, bank mövcud rüsvayedici və böhtan məlumatları yazıb yayan şəxsin barəsində cinayət işi başlanması məqsədilə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin şərh edilənləri həmin saytda dərc etməklə yazının müəllifi bankdan üzr istəyərsə, habelə belə yazılara son qoyarsa, ədalətli barışıq əldə olmuş hesab edilər".

Məktubun sonunda "AzNews.az”ın 2015-ci il iyunun 22-də yazıb yaydığı “Bakıda inanılmaz bank fırıldağı – “Parabank”la “KİA”nın gizlətdiyi 40 milyon, intihar, həbs…” başlığı altındakı yazıda göstərilənlərin yoxlanılıb araşdırılmadan dərc edildiyinə görə həqiqətə uyğun olmadığı, bu səbəbdən də sözügedən saytın bankdan üzr istəməsi tələb olunur.

Sözügedən məqalə ilə bağlı “Kia Motors Az” MMC-nin mətbuat xidmətindən də "AzPolitika.info"ya etiraz məktubu göndərilib. Məktubda bildirilir:

"2015-ci il iyunun 22-də “AzNews.az” və ona istinadən bir sıra internet saytlarında “Parabank” ASC və “Kia Motors Az” MMC barəsində həqiqətə uyğun olmayan məlumatlar yazılaraq yayılmışdır. Bu səbəbdən, “Kia Motors Az” MMC qeyd edir ki, “Kia Motors Az” MMC-nin “Parabank” ASC-nin “Nəsimi” filialında uzun illərdir ki, bank hesabı vardır. Hesab üzrə müqaviləyə əsasən pul vəsaitinin yığılması, saxlanması və dövriyyəsi qanuni əsaslarla təmin edilir.

Məqalədə istinad edilən cinayət işi üzrə istintaq məhz “Kia Motors Az” MMC-nin təşəbbüsü ilə davam etdirilir. “Kia Motors Az” MMC bu işdə zərərçəkmiş qismində tanınmışdır. MMC-nin haqqında yazılmış məqalə qərəzli və böhtan xarakterlidir, təhrif olunmuş məlumatlara əsaslanır. Qeyd edilən cinayət işində törətdiyi cinayət əməlinə görə həbs olunan şəxs vardır. İstintaq davam etdiyinə görə, hər hansısa geniş məlumatların verilməsi məqsədəmüvafiq deyildir.

Kütləvi informasiya vəsitələri haqqında” Qanuna əsaslanaraq, bu etirazın dərc edilməsini xahiş edirik".

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar