"Heç kəsə söz verə bilmərik ki..." - ARDNŞ

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) işdən çıxarılan gənc işçilərin yenidən işlə təmin oluna biləcəyinə aydınlıq gətirib.

“APA-Economics”in məlumatına görə, ARDNŞ-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bildirib ki, ixtisara düşmüş işçilərin adları ARDNŞ kadr ehtiyatı bazasına oturdulur.

Onun sözlərinə görə, bu şəxslərin adları ixtisaslar üzrə komplektləşdiriləcək: “İxtisara düşən işçilər 2 aylıq ödənişlərini alıblar. Kadr ehtiyatı bazasında elə insanların adları və ixtisasları var ki, onları işlə təmir etmək mümkün deyil. Bu ixtisaslar üzrə komplektləşdirilmə həyata keçirildikdən sonra şirkət üzrə mövcud vakansiya olduqda, işdən könüllü şəkildə çıxanların, təqaüdə gedənlərin hesabına yenidən işlə yəmin ediləcəklər”.

A.Bəkirli bildirib ki, bu ixtisaslar üzrə vakansiyalar yarandıqda, qurum ədalətli və yalnız test üsulu ilə imtahan təşkil edəcək: “Burada da test imtahanlarını ən yüksək balla keçən işçini yenidən işlə təmin edəcəyik. Qalan keçid balını keçməyən işçilərə isə biz gələcəkdə iş təklif etməyəcəyik. Bu insanlar artıq öz gələcəyi haqqında fikirləşməlidir. Test müsabiqəsində az bal toplayan işçilər isə gözləyəcək və növbəti vakansiya yarandıqda, onlar imtahansız işlə təmin olunacaqlar”.

Departament rəisi vurğulayıb ki, ARDNŞ-a kənardan işə qəbul edilməsi prosesi dayandırılıb: “Hətta müvəqqəti olaraq analıq məzuniyyətinə və sosial məzuniyyətə çıxan işçilərin hesabına biz həmin adları kadr ehtiyatı bazasında olan insanları imtahan verdikdən sonra daimi işlə təmin edəcəyik. Bu işçilərdən müəyyən bir qrupu mövsümi işlərdə istifadə olunacaq”.

A.Bəkirli qeyd edib ki, ARDNŞ artıq bu gün 500 nəfər işçinin ikinci peşəyə yiyələnəcəyini müəyyən edib: “Əgər onların ixtisaslarına yaxın vakant iş yeri yaranarsa, biz həmin işçinin peşəsini dəyişməsini təmin edəcəyik. Şirkət öz vəsaiti hesabına bu işçilərin ixtisas artırılmasını həyata keçirəcək. Onlar ixtisasartırma sertifikatını aldıqdan sonra ARDNŞ onları ən tələb olunan vakansiya ilə təmin edəcək. Biz heç kimin hüququnu tapdalamaq fikrində deyilik. Amma bununla belə, ARDNŞ olaraq söz verə bilmərik ki, bu insanların hamısı əvvəl işlədiyi vəzifəyə, əvvəl aldığı maaşa və dərəcəyə uyğun işə geri qaytarılacaq. Burada da rəqabət əsas rol oynayacaq. Biz ən ədalətli prinsiplərlə həmin işçiləri geri qaytarmağa çalışacağıq. Burada savad, bilik, bacarıq və səriştəlilik əsas rol oynayacaq. Bu savad və biliyin göstəricisi isə onun verdiyi test imtahanın nəticələri müəyyən edəcək. Həmin işçilər də test imtahanını verdikdən sonra yeni iş yerinə məktubla göndəriləcək. Bundan ədalətli bir metod və addım varsa, biz ona da baxa bilərik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar