Dəmiryolunda Arif Əsgərova qarşı kişi üsyanı - VİDEO

Dəmiryolcuların ezamiyyət xərcləri məmimsənilib

Kişi bələdçilər aclıq aksiyası keçirməyə hazırlaşır:Arif Əsgərovun müavini Əlirza Süleymanov deyir ki, kişi bələdçiləridən qoyun iyi gəlir"

“Azərbaycan Dəmir Yolları” QSC nin kişi bələdçiləri bu gün yenidən etiraz aksiyası keçiriblər. Qatar bələdçilərinin etirazına səbəb onların MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılması, yerlərinə, beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsidir. Beynəlxalq qatarlardan çıxarılan kişi bələdçilər isə yerli rayonlararası qatarlara keçirilib. Kişi bələdçilər bu işdə işləməkdən imtina edirlər. Onların sözlərinə görə, ayda beş dəfə reysə gedirlər və bu, aylıq 218 manat maaş deməkdir.

Şikayətçilər deyir ki...

Şikayətçilərdən Mirsahib Sahibov musavat.com-a açıqlamasında bildirib ki, dəmiryolunu ayağa qaldıranlar onlar olub, amma onları işdən çıxarırlar: “1985-ci ildən bu idarədə işləyirəm. Bu gün gör işi nə yerə gətirib çıxarıblar ki, bizi dilənçi kimi qapı-qapı gəzdirirlər. Heç bir şikayətimizə də baxan yoxdur. Dünən mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov deyir ki, kişilər rus dilini bilmir. Bizi narkotik aparmaqda günahlandırır. Onun nə haqqı var ki, bizi bu formada təhqir edir. Əgər narkotik satışı ilə məşqul oluruqsa, bəs hüquq-mühafizə orqanları hara baxır? Mən 28 ildir bələdçi işləyirəm və rus dilini də yaxşı bilirəm. Bunların hamısı bəhanədir. Hansı idarəyə, dövlət qurumuna şikayət ediriksə, baxan yoxdur. Bizə kömək edən bir nəfər tapılmır. İllərdir bu idarədə qanunsuzluq var. Rusiyaya reysə gedirik, bütün xərclər öz cibimizdən çıxır. Ayda 5 dəfə işə çıxıram və bunun qarşılığında 218 manat pul alıram. Mən bu pulnan ailəmi necə saxlayım, 2 övladımın üzünə necə baxım?. Bizi narkotik satmaqda günahlandırırlar, bu mənim üçün ən böyük təhqirdir. Evdə oğlum mənə deyir ki, ata, sən doğrudanmı narkotik satırsan. Dedim, oğlum mən narkotik satsaydım, indi bu kasıb vəziyyətdə yaşamazdıq”.

Şikayətçilərin dediklərinə görə, əgər tələbləri yerinə yetirilməsə aclıq aksiyası keçirəcəklər. “Bizim indiyə kimi heç bir şikayətimizə baxan olmayıb və tələblərimiz yerinə yetirilməyib. Artıq boğaza yığılmılşıq, əgər ayın 13- nə kimi tələblərimiz yerinə yetirilməsə gəlib idarənin qarşısında aclıq aksiyası keçirəcəyik”.

Şikayətçilərdən birinin sözlərinə görə, idarə rəhbərliyi onları təhqir edir. “Arif Əsgərovun müavini Əlirza Süleymanov deyir ki, kişi bələdçiləridən qoyun iyi gəlir. Başqa-başqa formalarda bizi təhqir edirlər. Bizə deyir ki, bir sürü qoyun, nə düşmüsüz qapı-qapı, şikayət edirsiz. Biz haqqımızı tələb edirik, halal zəhmətimizin qarşılığını istəyirik. Mənim 51 yaşım var. Evə gedib uşaqlarımın üzünə baxa bilmirəm. Deyə bilmirəm ki, bağışlayın, atanız pul qazana bilmir, deyə bilmirəm ki, mənim halal zəhmətimin qarşılığını vermirlər.”

Bələdçilərin dediklərinə görə, bu ilk dəfə deyil, seçkiyə qədər daha bərbad vəziyyət olub. “Seçkiyə kimi 100-120 manat maaş alırdıq. Seçki ərəfəsiznə etiraz etdik, maaşları 200-250 manata qaldırdılar. Amma seçki bitən kimi bu oyunları açdılar başımıza. İşə çıxma saatlarımızı elə formada edirlər ki, 200-250 manatdan çox maaş almayaq. Amma qadın bələdçilərdə tamam fərqlidir. Onların aldıqları maaşdan tutmuş iş saatlarına qədər bizimkindən yaxşıdır. Bizə köhnə, paslanmış, çox bərbad halda olan qatarları verirlər. Qadın bələdçiləri isə yeni gətirilmiş qatarları göndərirlər. Bizə isə o vaqonlarda nəinki işləmək, hətta yaxınlığına belə gəlmək qadağan edilib. Bu ayrı-seçkiliyin səbəbini anlaya bilmirik”.

Adını bildirmək istəməyən işçilərdən birinin sözlərinə görə, onlardan qanunsuz olaraq pul yığılır. “Bizdə maaş reysə görə verilir. Ölkə daxilinə səyahətdə maaş ölkə xaricinə reysdən daha azdır. Bəziləri bundan istifadə edərək ciblərini doldururlar. Qanunla bizə düşən reysi bizə pulla satırlar. Ölkə xaricinə reyslərə yazılmaq üçün 100 manat pul ödəməlisən. Bizim qazancımız nədir ki, onu da bunlara verək. Sərnişinlərin qatardakı qida təlabatlarını belə öz cibimizdən xərcləyirik. Mən 25 ildir bu idarədə işləyirəm cəmisi bircə dəfə mənə geyim forması verilib”.

Bəs rəsmilər nə deyir?

Depo rəisinin müavini Hikmət Məmmədov isə musavat.com-a açıqlamasında bildirib ki, heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. “Bizim hazırda 425 qadın bələdçimiz var. Onlar ayrı-ayrı qatarlarda işləyirlər. Bakı - Ağsatafa - Qazax, Bakı – Gəncə, Bakı–Köçərli-Balakən, Bakı-Tibilisi, Bakı – Rusiya qatarlarında qadın bələdçilər çalışır. Bu il ərzində 80 vaqon təmirdən gəlib. Onlardan 50 vaqonu əsaslı, 30-u isə cari təmirdən keçirilib. Biz heç kimi işdən çıxarmırıq və heç kəs ixtisara düşmür. Kim hansı vaqonda çalışıbsa, o formada da davam edəcək”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma İstehsalat Birliyinin rəisi Elyar Muradov bu barədə musavat.com-a açıqlamasında bildirib ki, iddialar tamamilə əsassızdır. “Bizdə beynəlxalq və yerli istiqamətdə hərəkət edən Bakı-Moskva, Bakı-Tbilisi, Bakı-Ağstafa, Bakı-Köçərli, Bakı-Balakən, Bakı-Gəncə sərnişin qatarlarında qadın bələdçilər çalışırlar. Bu günlərdə Bakı-Xarkov sərnişin qatarında da qadın bələdçilərin xidmətindən istifadə edilməsi nəzərdə tutulur. Sərnişin qatarlarında qadın bələdçilərdən mütəmadi olaraq istifadə olunur. Bunun əsas səbəbi sərnişinlərə daha yaxşı xidmət etməkdir. Qadın bələdçilər isə bunu tam qaydada yerinə yetirir. Kişi bələdçilərdə isə bu tam əksinədir. Sərnişinlərə göstərdikləri xidmət səviyyəsinin aşağı olması, sərnişinlərin bizə bu haqda şikayətlər etməsi bizə əsas verir ki, lazımı tədbirlər görək. Bundan əlavə, onların ölkə xaricinə səfərlər zamanı, ölkəyə gətirilməsi qadağan olunan məhsulların vaqonlarda yaratdıqları gizli bölmələrdə ölkəyə keçirmələri aşkar olunur. Hətta narkotik maddələr belə keçirmək istəyənlər olub ki, onları da hüquq-mühafizə orqanları aşkarlayıb və o şəxslər hazırda həbsdədirlər. Bu kimi mənfi halların baş verməsi bizi qadın bələdçilərdən istifadə etməkdə nə qədər doğru seçim etdiyimizi göstərir. Bu məqsədlə aparılan islahatlar zamanı kişi bələdçilər işdən azad olunmur, yerli istiqamətdə hərəkət edən qatarlarda işlə təmin edilirlər. Biz istəmirik ki, kişi bələdçiləri işdən çıxaraq və ya ixtisara salaq. Bizim əsas məqsədimiz sərnişinlərə daha yaxşı xidmət göstərməkdir. Bu məqsədlə bu yaxınlarda daha bir neçə yeni qatarımız istifadəyə veriləcək. Nəzərə almaq lazımdır ki, bizim ölkəmizdə vaqon istehsalı hazırda yoxdur. Amma bu müvəqqətidir, yeni sərnişin vaqonlarının istehsalı üçün zavodun tikintisi nəzərdə tutulur. Bütün bu problemlər müvəqqətidir. İşçilərin aclıq aksiyası keçirməsi isə çox əsassızdır. Onlar yeni qatarlarda işləmək istəyirlər, biz onları tələblərini anlayırıq. Bu yaxınlarda yeni qatarların sayı artırılacaq. Onlar da bu qatarlarda çalışacaqlar. O ki qaldı ölkə xaricinə səfərlər zamanı onlardan alınan pullara, bu tamamilə yalandır. Heç kəs onlardan pul ala bilməz, bu iddialar əsassızdır”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar