ƏLİŞİR, İNTELLEKTUAL ELİTA VƏ KASIBLIĞIN SİRRİ... - Həbslər və Patruşevin Bakı səfəri

Xəbərlər bir-birini tamamlayır! - Ürək dağlayan mənzərə

Son günlər xarici və yerli KİV-in yaydığı bəzi informasiyaları «sapa düzdükcə», sanki onlar bir-birini tamamlayır və bəzi acı həqiqətlərin üzərinə işıq salır. Bu yazıda Azərbaycan cəmiyyətinin maraq dirəsinə daxil olan bu xəbərləri ard-arda sıralamaq və gəldiyim bəzi mühüm nəticələri hörmətli oxucularla bölüşmək qərarına gəldim. Beləliklə, buyrun...

Birinci xəbər

Nə qədər qəribə olsa da, bu xəbər «Nobel medalı» və Rusiyanın ən varlı iş adamı sayılan özbək əsilli Əlişir Usmanova aiddir. Xəbərdə deyilir ki, amerikalı alim-bioloq, 1962-ci ildə Nobel mükafatı almış Ceyms Uotson elmi-tədqiqatlarını davam etdirmək məqsədilə pul əldə etmək üçün 2014-cü ildə (dekabr) özünün «Nobel medalı»nı satıb (AzPolitika.info, 18.06.2015). Kimə satsa yaxşıdır? Özbək əsilli Rusiya milyarderi Əlişir Usmanova, özü də 4,8 milyon dollara!

Maraqlısı isə bundan bir neçə ay sonra baş verib. Necə olubsa, bu yaxınlarda Əlişir Usmanov həmin medalı əvəzsiz olaraq, amerikalı alimin özünə qaytarıb. Başqa sözlə, Əlişir müəllim Uotsona 4,8 milyon dollar həcmində «sponsor»luq edib...

İlk baxışda, hər şey gözəl və yerli-yerində görsənir, bir amması olmasaydı. Əmması da ondan ibarətdir ki, Usmanov bu medalı nə üçün alıbmış və hansı səbəbdən, sahibinə qaytarıb? Üstəlik də bu qədər sərvəti cənab Usmanov necə əldə edib? Gəlin razılaşaq ki, Rusiyada, Özbəkistanda on minlərlə elm adamı, elmi-tədqiqat işi külli vəsaitə ehtiyac duyduğu bir vaxtda, Əlişir müəllim sponsorluğu məhz nə üçün amerikalı alimə edib?

Bu suallar ətrafında düşünərkən, ilk olaraq, Əlişir Usmanovun bioqrafiyası ilə ötəri tanış olmaq fikrinə düşdüm. Açıq mənbələrdən öyrəndim ki, Əlişir Usmanov Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Şərəf Rəşidovun komandasında çalışmış Daşkənd şəhər prokuroru Burhan Usmanovun oğludur. O, 1953-cü ildə Namanqan vilayətinin Çust şəhərində anadan olub.

2012-ci ilin martında Bloomberg Usmanovun sərvətini 20 milyard dollar həcmində qiymətləndirərək, onu Rusiyanın ən varlı adamı elan edib. “Forbes” jurnalının versiyası üzrə Əlişir Usmanov 2012-ci ildə dünyanın ən nüfuzlu adamları sıransında 67-ci pillədə qərar tutub.

Maraqlıdır ki, qeyri-rus əsilli bu şəxs necə olub ki, Rusiyanın «oliqarxiya zirvəsi»nə yüksələ bilib?

Əvvəlcə qeyd etmək yerinə düşərdi ki, bu şəxs 1980-ci ildə məşhur «təmizləmə» əməliyyatları nəticəsində Türküstan hərbi dairəsi tribunalı tərəfindən özgə əmlakını qorxutma, aldatma, öldürməklə hədələmə yolu ilə əldə etmək əməllərinə görə, 8 il müddətinə azadlıqdan məhrum edilib. Məlumata görə, Özbəkistan Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, DTK xüsusi şöbəsinin əməliyyat müvəkkili Nasımov Əlişir Usmanovun şəriki olub. Azadlıqdan məhrum edilən Usmanovun əmlakı da müsadirə olunub.

1986-cı ildə o, «səmimi peşman olduğuna» və «nümunəvi davranışına» görə, vaxtından əvvəl azalığa buraxılıb. Bir qədər sonra, Usmanov siyasi repressiyanın qurbanı olduğunu bəyan edib. Usmanovun Nasımovla birlikdə törətdiyi cinayətlərin təfərrüatı barədə əldə heç bir məlumat yoxdur. KİV-nin məlumatına görə, cinayət işinin materialları məhv edilib. Usmanova qarşı cinayət işinin uydurulmuş olduğunu əsas gətirən Özbəkistan Ali Məhkəməsi onu tam reabilitasiya edib («Sobesednik», 23.10.2007 il).

Ötən əsrin 90-cı illərində mətbuatda Əlişir Usmanovun SSRİ DTK xarici kəşfiyyat şöbəsinin podpolkovniki Yevgeni Ananyevlə və Sergey Yastrjemski ilə (2000-ci ildə prezident Putinin köməkçisi vəzifəsinə gətirilib) yaxın tanışlığı barədə məlumatlar yer almağa başlayıb. Bundan başqa Usmanovun Dövlət Dumasının deputatı Andrey Skoç və biznesmen Lev Kvetnoy (hər ikisinin adı Solntsev mütəşəkkil cinayətkar qruplaşması ilə əlaqədə hallanır - birinici «Skotç», ikinci isə «Kvetnoy» ləqəbi ilə) ilə işgüzar münasibətləri barədə xəbərlər yayılıb. Bundan başqa, onun Şimali Qafqaz mafioz klanı ilə əlaqələri barədə də məlumatlar var. Xəbər verilir ki, Ananyevlə Usmanov 80-ci illərin sonlarında - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (Bu nüfuzlu təhsil müəssisəsinin məzunlarının əksəriyyəti arasında sıx əməkdaşlıq münasibətləri indi də davam edir!) bitirəndən sonra tanış olub.

Qafur Rəhimovla əlaqələri

«Quradian» qəzetinin yazıdığına görə 25 sentyabr 2007-ci ildə Avropa Parlamentinin deputatı Tomas Uayz belə bir bəyanatla çıxış edib: «”Forbes”in siyahısı üzrə Rusiyanın ən varlı oliqarxı, 80-ci illərdə Sovet İttifaqında 6 il məhbəs həyatı yaşayıb. O, özbək mafiyasının başçısı və heroin kralı Qafur Rəhimovun göstərişi əsasında bəraət alıb.” Deputatın bu bəyanatı Usmanovun özü tərəfindən dolayısı ilə təsdiqlənib. 1998-ci ildə «Observer» qəzetinə verdiyi müsahibədə o, deyib: «Mən bu adamla çoxdan tanışam, onu 20 ildir tanıyıram. O, mənim valideynlərimə kömək edib. Amma bizim sıx qarşılıqlı münasibətlərimiz, işgüzar əlaqələrimiz yoxdur. Mən, Özbəkistanda il ərzində 2-3 dəfə oluram. Onunla Daşkənddə cəmi 1 saat görüşürəm...»».

Qafur Rəhimov «Qardaş çevrəsi» adlandırılan beynəlxalq (MDB) mafiyanın başçılarından biridir və Özbəkistanda narkotik maddələrin istehsalı ilə məşğul olan mütəşəkkil narkoqruplaşmanın şefidir.

Məlumatlara görə, 2011-ci ildə ABŞ prezidenti Barak Obama «rus mafiyası»nı italyan və yapon kriminal sindikatları ilə müqayisə edib və «qardaş çevrəsi»ni yapon «yakudza»sı, italyan «kamorro»su, Meksika karteli «Los Zetas»la bir sıraya aid edib. Prezident bu qruplaşmaya aid olan adamların vəsait və aktivləri üzərinə həbs qoyulması üçün qərar verib və amerikalılara onlarla işgüzar təmasları qadağın edib. «Qardaş çevrəsi»nə daxil olan ilk 7 şəxsin adı 2012-ci ilin fevralında «qara siyahı»ya düşüb. O zaman ABŞ Maliyyə Nazirliyi izah edib ki, «qardaş çevrəsi» - çoxmillətli kriminal qruplaşmadır və Rusiyada, MDB-də, Yaxın Şərqdə, Avropada, Afrikada fəaliyyət göstərən sindikatların liderlərini özündə birləşdirir. «Açar fiqur»lar kimi Vladislav Leontyevin, Vasili Xristoforovun və Qafur Rəhimovun adları çəkilir. Rusiyada axtarışa verilmiş Leontyev narkotiklərin daşınması və digər cinayətlərdə ittiham olunur. ABŞ Maliyyə Nazirliyi Qafur Rəhimovu Özbəkistandakı cinayətkar aləmin lideri hesab edir və bildirir ki, o, Özbəkistanda narkotik maddələrin istehsalını kurasiya edir...

Britaniya səfiri nə deyir?

2004-cü ildə Böyük Britaniyanın Özbəkistandakı keçmiş səfiri Kreyq Mürrey Usmanovu açıq şəkildə bir sıra ağır cinayətlərdə ittiham edib. Məlum olduğu kimi, Mürrey 2002-2004-cü illərdə Böyük Britaniyanın Özbəkistanda səfiri işləyib. Sonra o, Özbəkistan hökumətini insan haqlarını pozmaqda günahlandırıb. Bir qədər sonra isə keçmiş səfir, «Səmərqənddə qətl» kitabını yazıb. Bu kitabda Mürrey «Qazprom»la Özbəkistan arasında qaz ticarətinin genişləndirilməsi üzrə danışıqların aparılmasından söhbət açır. Öz mənbələrinə istinad edən diplomat təsdiqləyir ki, bu biznesdə «açar fiqur» məhz Əlişir Usmanov olub. Guya o, prezident Kərimovun qızı Gülnarə Kərimovaya rüşvət qismində 80 milyon dollar pul verib. KİV-in yazdığına görə, prezident qızının maraqlarını təmsil edən firma Özbəkistan rəhbərliyi ilə «Qazprom» arasında əlaqələndirici rolunda çıxış edib(newsru.com, 09.04. 2008 il).

İkinci xəbər

Dünən yerli KİV-in yaydığı məlumatda (AzPolitika.info, «Yəhudilərin məskunlaşdığı ərazilərdə neftin qoxusu da gəlmir», 21.06.2015 il) maraqlı mətləbdən söhbət açılır. Xəbərə görə, Peterburq beynəlxalq iqtisadi forumunda çıxış edən İsrailin eks-baş naziri Ehud Barak olduqca maraqlı fikirlər səsləndirib: «Bilik üzərində qurulmuş iqtisadiyyatı inkişaf etdirmək üçün, elmi cəmiyyətlər və iş adamları üçün lazım olan şəraiti yaratmaq vacibdir. İndiki halda rusiyalı alimlər öz istedadlarını başqa ölkələrdə reallaşdırırlar. Biz, bilik iqtisadiyyatını inkişaf etdirmək məcburiyyətində qalmışdıq, çünki yəhudilərin məskunlaşması üçün İsrailin seçdiyi ərazilərdə neftin qoxusu da gəlmir... Bizdə çoxlu sayda rusiyalı elmi işlə məşğul olur. Onların bir çoxu elitar tədqiqat işlərində çalışır... Hesab edirəm ki, onlar öz vətənlərində də bu işlərlə məşğul olmaqla, orta və kiçik işgüzar fəaliyyəti inkişaf etdirə bilərlər... (Bunun üçün - M.A.) hamının əməl etdiyi dəqiq, etibarlı, proqnoz oluna bilən, sadə qaydalar işləyib hazırlamaq lazımdır. İnsanlar bilməlidirlər ki, bank - bankdır, kontrakta isə əməl etmək lazımdır. İndiki forumda hamı bu barədə danışır, deməli, problemlər var... Danışan insanların əhatəsindən çıxmağın və başqa mədəniyyət qurmağın, hərəkət etməyin, reallığı dəyişməyin vaxtıdır. Qalan hər şeyi bu böyük ölkədə - Rusiyada istedad həyata keçirəcək».

Maraqlıdır ki, sabiq baş nazir bu sözləri məhz Rusiya prezidenti Vdadimir Putinin bilavasitə iştirak etdiyi toplantıda səsləndirib. Bəs, Rusiya bu çağırışlardan nəticə çıxarmaq və vəziyyəti düzəltmək üçün hərəkətə keçməyə hazırdırmı (və ya indiki halda, qadirdirmi?)? Söyləmək çətindir, amma bir məsələ şübhə doğurmur - nə qədər ki, nəhəng Rusiyanın pulu-parası dövlətin deyil, ayrı-ayrı kriminalların sərəncamındadır, çətin ki, bu ölkədə yaxşılığa doğru nə isə dəyişsin...

Üçüncü xəbər

Bu xəbər də Rusiyaya aiddir. İyunun 17-də Rusiya KİV-nin yaydığı həmin məlumatda deyilir ki, Rusiyanın Çinlə həmsərhəd olan Uzaq Şərq bölgəsində («Zabaykalye») yerli hakimiyyət strukturları istifadəsiz qalmış torpaqları əkib-becərmək məqsədilə, çinli investorlara uzun müddətə icarəyə verməyə hazırlaşırlar. Səbəbini də belə izah edirlər ki, bizim geniş torpaq sahələrimiz olsa da, onları əkib-becərmək üçün pulumuz yoxdur, çinlilərin isə torpağı yoxdur, amma pulu var. Kəndi qaldırmaq üçün bu addımı atmaq qaçılmazdır və s.

Belədə, məntiqi sual yaranır: bəs, Rusiya kimi bir nəhəngin pulları hanı və ya nə üçün pulu yoxdur? Cavabı olduqca sadədir - Rusiyanın pulları Əlişir Usmanov kimi kriminal oliqarxların - rüşvətxor məmurların, simasız siyasətçilərin, «qardaş çevrəsi» adlandırılan rus-MDB mafiyasının əlində cəmləşib, dövlətin büdcəsi isə BOŞDUR!

Bu sətirləri yazarkən, istədiyim odur ki, hörmətli oxucu Rusiyadakı mövcud durumun, cərəyan edən dağıdıcı proseslərin paralellərini doğma Azərbaycanda «tuta bilsinlər». Ölkəmizdə son aylar ərzində baş verənlər bunu bizə diqtə edir...

Dördüncü xəbər

Bu xəbər «Tambov qruplaşması» adlandırılan mütəşəkkil cinayətkar qruplaşmaya aiddir. Başçısı Aleksandr Malışevdir ki, bu yaxınlarda onun barəsində Azərbaycan KİV-i xeyli gecikmiş (köhnəlmiş) bir məlumat yaydı. 2008-ci ilə aid olan həmin məlumatda İspaniyada məskən salmış rus mafiyasının liderlərinin həbs olunmasından söhbət açılır. Həmin məlumatı oxuyarkən, düşündüm - görəsən, nə üçün «Tambov qrupu» barədəki bu məlumat Azərbaycanda məhz indi yayılır? Maraqlıdır, deyilmi?

İstər-istəməz, məlumatın hansı fon daxilində yayıldığı barədə düşündüm. Fonun ümumi mənzərəsi belədir - banklardan milyardların oğurlanması, iş adamlarının götürmüş olduğu kreditləri qaytarmaqdan yayınması, dövlət pullarının səmərəsiz istifadəsi, məmurların məsuliyyətsiz davranışı, total qarət və rüşvətxorluq... bütün bunlara görə, kütləvi həbslərin həyata keçirilməsi və s.

Ardınca, «Tambov qruplaşması» barədə materialları aradım. Məlum oldu ki, bu mafioz dəstənin başçısı Aleksandr Malışev hələ 1980-ci ildə iki dəfə həbsdə olmağa «macal tapıb» və Leninqradda «məskən salıbmış». Əvvəllər, «Tambov qruplaşması»nın çətiri altında fəaliyyət göstərib, sonra isə öz qrupunu «Malışev qruplaşması»nı yaradıb. Ardınca, tambovluları, kolesnikovluları, kemerovluları, komaovluları, permliləri, kudryaşovluları, kazanlıları, tarasovluları, severodvinliləri, saransklıları, yefimovluları, krasnoselskliləri, vorkutiyalıları, voronejliləri, AZƏRBAYCANLILARI, çeçenləri, dağıstanlıları və s. öz sıralarına qata bilib.

2015-ci ilin martına aid olan açıq məlumatların birində deyilir ki, Rusiyalı kriminal avtoritet Aleksandr Laqnas Qonsales - Malışev 20 ildən sonra nəhayət, Sankt-Peterburqa qayıdıb və qapalı həyat sürür, guya səhətinin bərpası ilə məşğul olur. Ən əsası budur ki, Malışev Rusiyadadır və heç nədən çəkinmədən, sərbəst həyat sürür. Deməli, onun Azərbaycanla qurulmuş əlaqələri də işlək vəziyyətdə olmamış deyil. Son dövrdə Azərbaycandan böyük həcmlərdə pulların xaricə ötürülməsi belə düşünməyə yetərincə əsas verir. Nədən ki, yerli oğru-oliqarxlar təkbaşına belə böyük məbləğləri xaricdə «yan-yön» eliyə bilməzdilər...

Azərbaycandakı tuthatut fonunda qəflətən, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Aleksandr Patruşev də Bakıya «işgüzar səfər» etdi. Onun məlum reputasiyası isə xeyli maraqlı düşüncələrə yol açır - görəsən, keçmiş DTK generalı Oleq Kaluqinin köməkçisi, «əlahəzrətin adyutantı» Bakıya nə məqsədlə gəlmişdi?

Patruşevin reputasiyası barədə general Oleq Kaluqin «Azadlıq» radiosuna verdiyi müsahibədə belə deyib: «...Nikolay Patruşev isə mənim keçmiş köməkçim olub. Həm də yazı-pozu üzrə köməkçim yox, əsl «Zati alilərinin adyutantı». Mənə balıq ovu təşkil edərdi, səfərlərimdə məni müşaiyət edərdi. Yaxşı bürokrat-köməkçi idi. Bax, indi Təhlükəsizlik Şurasının katibidir...».

İstər-istəməz, düşünməli olursan - bəlkə onu göndəriblərmiş ki, Bakıdakı bu tuthatutu yoluna qoysun və ya lazımi adamları «tapşırsın»? İstisna etmək olmaz...

Çünki, tuthatutun gedişində Bakıda iki «böyük yanğın» hadisəsi baş verdi. Bunun bir xəbərdarlıq olduğunu da istisna etmək olmaz...

Epiloq

Məlumdur ki, Azərbaycan da Rusiya kimi «neft iynəsi» üstündə oturub. Neftin qiyməti zirvədə olanda kef eliyən Azərbaycan hökuməti, dünya bazarında (Artur hökumətinin iradəsindən kənardakı məkanda) qiymət düşən kimi, milli valyutanı bircə günün içində 35,0 faiz «quyunun dibinə» yuvarlatdı. Yəni ki, xoş gündə bu «elmdən kənar qruplaşma» ölkədə bilik iqtisadiyyatı qurmaq barədə heç düşünmədi də. Əvəzində, Avropa oyunlarına üstünlük verib, milyardları bu oyunların təşkilinə yönəltdi. Bəs, oyunlardan sonra nə baş verəcək? Allahdan arzum budur ki, 1980-ci il olimpiadasından sonrakı mərhələdə SSRİ-də baş verənlər Azərbaycanın başına gəlməsin!

Hələ 2000-ci illərin əvvəllərində Rusiyada nəşr olunan bir elmi-populyar jurnalda xeyli maraqlı məqaləyə rast gəldim və oxudum. Söhbət 1961-62-ci illərdə, prezident Kennedinin qətlindən bir müddət əvvəl (həm də guya, bu qətlə hazırlıq məqsədilə!) ABŞ-da həyata keçirilmiş elmi təcrübədən - şərti adı «Velzi» olan layihədən gedir. Elektron-hesablama maşını ilə aparılan elmi təcrübənin gedişində (insanı elektron maşının iradəsinə tabe etdirmək məqsədilə qoyulmuş təcrübə) məlum olub ki... boks yarışları dünyada ən çox korrupsiyaya uğramış sahələrdən biridir. Bu nəticəyə elektron maşın gəlib...

Bu günlərdə FİFA daxilində baş verənlər bir daha təsdiqlədi ki, indi idman sektoru dünyada insan fəaliyyətinin ən çox korrupsiyaya uğramış sahəsidir!

Belə bir şərait daxilində Azərbaycanda iqtisadiyyatı diversifikasiya etmək, bilik iqtisadiyyatının qurulmasına investisiya qoymaq əvəzinə, “Artur hökuməti” məhz hansı səbəbdən dolayı "oyunlara" milyardlar xərcləyir?! Düşündürücüdür, deyilmi?...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar