Çətin parlament

Milli Məclis barədə cəmiyyətdə təsəvvürlər başqa dövlət qurumlarından fərqli olaraq, daha çox mənfi yöndədir. Təbii ki, hakimiyyətlər bölgüsü anlayışına görə, icraedici və məhkəmə orqanları barədə də vətəndaşların nə düşündüyünü anlamaq elə də çətin deyil.

Bununla belə, insanlar problemlərinin çözülə biləcəyi əsas instansiyanın Prezident Administrasiyası olduğunu, taleyüklü qərarların da məhkəmələr tərəfindən verildiyini illər ərzində təcrübədən keçirdiklərinə görə adətən Milli Məclisin xətri qalmasın deyə, buraya məktublarının bir nüsxəsini ünvanlayırlar. Bu məktubların göndərilməsinin bir səbəbi də deputatların poçtalyon funksiyasını yerinə yetirməsindən qaynaqlanır. Yəni vətəndaş hansısa nazirliyə məktub yazır, çatacağından əmin olmadığına görə onu deputatın ünvanına göndərir, deputat da həmin nazirliyə göndərib aldığı cavabı təkrar vətəndaşa qaytarır. Telefon zənglərinə əksər vaxt əhəmiyyət verilməyən deputatlar məktub-məktub oyunu ilə başlarını qatmalı olurlar. Ona görə də aldığı maaşın az da olsa, haqqını vermək, vətəndaşa az-çox problemlərinin yüngülləşməsində yardım etmək üçün özünə vicdan hesabatı verən hər hansı deputat müraciət edən insanları qəbul edib dinləyir, müraciətlərini müsbət və ya mənfi cavablandırır ki, həm özü, həm də təmsil etdiyi orqan haqqında insanlar tam ümidsiz təsəvvürdə olmasınlar.

Artıq bir ildən çoxdur ki, seçicini həftədə bir dəfə qəbul edib dinləmək üçün kiçik bir otaq əldə edə bilmirik. Bakıxanov qəsəbəsində parkın içində və ya soyuq bir anbarda tələm-tələsik üşüyən adamları yola salırsan ki, heç olmazsa nə onlar, nə də özün xəstələnməyəsən. Uzaq yola görə çox insanın Milli Məclisə gəlməyi mümkün olmur və insanlara bunun izahını da verməyə çətinlik çəkirsən ki, hər qurum öz nüfuzunu düşünür, bircə Milli Məclisdən başqa. Yerli icra orqanlarına da mütləq yuxarıdan deyilməlidir ki, seçicini qəbul etmək üçün deputatlara lazımi şərait yaradılsın. Bizdə ancaq yuxarıdan günəş düşə bilər, aşağıdan isə kiçicik bir şam yandırmaq da imkansız.

Dəfələrlə qaldırdığımız bu vacib problemləri vecinə almayanlar guya bizlərin təhlükəsizliyinin qayğısına qalıblar. Təhlükəsizlik üçün illərdir müraciət edən deputatlara silah verilmir, ancaq bildirilir ki, birdən əlinizdəki androiddən və ya smartfondan kiməsə atəş açıla bilər. Dünyanın heç bir parlamentində olmayan qaydanı novatorcasına bizdə tətbiq etməyə çalışırlar.

Acınacaqlı fakt budur ki, Milli Məclisdə internetə girmək özü bir zülmdür. Sosial şəbəkələrə giriş qadağandır, halbuki deputat bu modern vasitə ilə insanlarla əlaqə saxlamalıdır. İnternetin sürəti xeyli aşağıdır və giriş üçün xeyli vaxt itirməli olursan. Belə bir durumda müasir texnologiyanın başqa üstün imkanlarından istifadənin ölkə parlamentində qadağan olunmasının izahını vermək üçün Rusiya Dövlət Dumasını nümunə göstərmək heç cür anlaşılmır. Rusiya özü istehsal etdiyi telefonları reklam etmək üçün bu addımı məqbul sayır. Bəlkə bizdə də belə üstün texnologiyalı bir məhsul istehsal olunub və vətənsevərlik nümunəsi göstərib öz telefonlarımızdan alıb təbliğ edək?

Şəxsən mənim istəyim budur ki, yaxşı-pis millət vəkiliyiksə, təmsil etdiyimiz orqanın cəmiyyətdə nüfuzuna xələl gətirən addımlar atılmasın, cüzi də olsa Konstitusiyaya uyğun fəaliyyət gerçəkləşdirmək mümkün olsun, bu qurum haqqında kimsə zoopark, lağlağı ilə məşğul olan orqan deyə aşağılayıcı fikirlər səsləndirməsin, müsbət söyləməsələr də, ən azı təhqiredici yanaşmasınlar. Elə bil kimlərsə daha çox bu qurumun, yəni qanunverici orqanın, hakimiyyət bölgüsünün bu əsas sisteminin daha çox nüfuz itirməsinə, deputatların daha çox aşağılanmasına çalışır.

Naməlum mənbənin aldığı son qərar da məhz bu məqsədi güdür. Ola bilsin ki, hansısa ciddi təhlükəsizlik problemi var və bu məsələ ilə əlaqədar məhdudiyyət qoyulması vacibdir. Hərçənd ki, bu məsələdə belə bir inandırıcılıq görünmür və Milli Məclisin bu cür qapalı hərbiləşdirilmiş obyektə çevrilməsi birbaşa ölkə prezidentinin xaricdə nüfuzuna, eləcə də Azərbaycanın ən azı formal demokratik dövlət imicinə mənfi çalarlar gətirən bir addımdır və həyata keçirilməsi də birbaşa qanun pozuntusu ilə müşayiət olunur.

Təsəvvür edin ki, qanunverici orqanın təmsilçilərinə Milli Məclisin şəxsinə hörmət etdiyim mətbuat xidmətinin rəhbəri mətbuat vasitəsilə bildirilir ki, sizin filan tarixdən Milli Məclisə filan telefonla daxil olmanız qadağandır. Əgər ciddi bir təhlükə varsa, bu qərarı deputatların əvəzinə müzakirə olunmadan qəbul etmək nə dərəcədə qanuni və etikdir? Sabah Milli Məclisin bərbəri də hansı saç düzümündə gəlməyimizi, İşlər İdarəsi də hansı brendin kostyumunu geyməyimizi, qalstukunu taxmağımızı söylərsə, qətiyyən təəccüblənmək lazım gəlməyəcək.

Bəs bu zavallı media əhli nə etsin? Milli Məclisin yaxınlığında bir internet-kafe kirayələsinlər və hər çıxışdan sonra gedib xəbəri öz media quruluşlarına ötürüb geri dönsünlər?

İşin ən ağır nəticəsi də budur ki, Milli Məclis yaxşı-pis qanunları qəbul edən və ya təsdiqləyən əsas dövlət orqanından, artıq heç bir ciddi funksiyası olmayan qapalı hərbi hissəyə və ya təhlükəsizlik orqanına çevrilir. Artıq təhlükəsizlik qurumu deputatların əvəzinə yerinə qərar qəbul edir ki, nəyi üzərinizdə daşıya bilərsiniz, nəyi daşıya bilməzsiniz. Heç lüzum da görmürlər ki, formal da olsa, deputatları yığıb qapalı iclasda izah etsinlər ki, belə bir təhlükənin olması ciddidir və sizlərin də bu məsələyə anlayışla yanaşmağınızı xahiş edirik. Yəni burada tövsiyə etsəydilər, anlaşılardı, ancaq hansısa qərarla deputata nəyisə qadağan etmək qanunvericilik funksiyasının mənimsənilməsindən başqa bir addım kimi izah oluna bilməz. Ən maraqlısı da budur ki, bu qərarın və ya təlimatın əsas mətni yazılı şəkildə də heç kəsə təqdim olunmayıb və Milli Məclisin saytında yerləşdirilməyib.

Guya bu sadəlövh amerikanlar kəşfiyyat məlumatlarını ancaq telefondan alırmış, bununla da Milli Məclisdən bütün sirlərin çıxmasının qarşısını aldıq. Bəs Rusiya, İran, Türkiyə kəşfiyyatına qarşı hansı planlar tərtib olunub? Bu cür sadəlövh üsullarla mühüm dövlət qurumunun təhlükəsizliyini qorumazlar. Bu üsullar XIX əsrdə Axundovun “Aldanmış kəvakib” əsərindəki epizodları xatırladır və yüz ildən çoxdur gülüşlə qarşılanır...

Ölkə prezidentinin “ASAN Xidmət”lə bağlı son açıqlamalarına müsbət yanaşıram. Addım-addım ASAN HÖKUMƏT modelinə keçid ölkə vətəndaşlarının problemlərini həqiqətən xeyli ölçüdə azalda bilər. Ancaq deyəsən, prezidentin dəstəklədiyi bu mütərəqqi ideyanın qarşısında ən böyük əngəl ÇƏTİN PARLAMENT olacaq...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar