"MƏNİ BALTALAYIRLAR..." - Hacı İbrahimdən maraqlı etiraflar

“Son vaxtlar Kütləvi İnformasi Vasitələrində adımın mütəmadi olaraq neqativ hallanması biznesimin inkişafına ciddi təsir göstərib”. Bu sözləri “a24.az”a “Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Concern”nin rəhbəri Hacı İbrahim Nehrəmli deyib.

Biznesmenin fikrincə, mətbuat onu baltalamağa başlayıb: “Banka kredit borcumu ödəmədiyimdən və bunun nəticəsində yaranan bəzi problemlərimə görə mətbuat məni baltalamağa başlayıb. Azərbaycanda jurnalistlər əllərində balta, startda durublar. Kim büdrəyirsə, onu baltalamağa başlayırlar. Amma bütün dünyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər kreditlə işləyir. Bizim dədəmiz-babamız bizlər üçün milyardlar saxlamayıb ki? Milyarder təşkilatların özlərinin belə milyardlarla borcları var.

Mən “Xəzər Adaları”na 1 milyard 161 milyon manat pul yatırımı etmişəm. Bunun 100 milyonunu ölkədəki banklardan kredit götürməyə ixtiyarım çatır hər halda. Yəni, bunu qəbahət hesab etmək olar? Bir adam demir ki, Nehrəmli 1 milyarddan artıq şəxsi vəsaitini Azərbaycanda həyata keçirdiyi layihəyə xərcləyib! Bunu deyən yoxdur. Amma deyirlər ki, İbrahim 70 milyon pul kredit alıb, niyə qaytarmadı? Onu öldürmək lazımdı. Belə danışmaq olmaz axı. Azərbaycan mətbuatından buna görə çox narazıyam və bu, məni qane etmir”.

İbrahim Nehrəmli vurğulayıb ki, bəzi mətbu orqanlar aldığı rüşvət hesabına obyektlər, villalar tikdirən məmurlardan yazmaq əvəzinə, sahibkarları hədəfə alıblar: “Azərbaycan mətbuatı gedib rüşvət götürən dövlət məmurlarından yazsınlar da. Yazsınlar ki, rüşvət götürüb obyekt, villa tikirlər. Bunu deyən yoxdur. Deməli, məmurunku hörmətdir, bizimki rüşvət? Araşdırmanı düzgün aparmırlar. Biz iş adamıyıq. Biz gedib bankın qapısına, kredit alıb iş görməliyik də. Bazar işləmirsə, kreditin vaxtı uzana bilər. Belə olan halda da gedib mənim əmlakımı götürməlidirlər də, məni tutmalı deyillər ki? İstənilən bank girov alır kredit verir. Düzdümü? Belə yazıları insanlar oxuyur və inanırlar”.

İ.Nehrəmli deyib ki, hazırda əmlak bazarı işləmədiyindən, “Xəzər Adaları”nda inşa etdirdiyi mənzilləri sata bilmir: “Evləri sata bilmirəm. Ona görə imkanım çatmır ki, işçilərin tam əməkhaqlarını verə bilim. Mən sahibkaram və belə olan halda bəzi problemlər mümkün ola bilər. Çalışıram ki, belə problemləri aradan qaldırım. Mənim rəhbərlik etdiyim şirkətdə 3500-dən artıq işçi çalışır və bir neçə ay idi ki, işçilərin əməkhaqları gecikirdi. Artıq işçilərimin mart ayı üzrə əməkhaqlarını vermişəm. Amma aprel ayı üzrə maaşlarını verməmişəm. May ayında da iş getməyib. Artıq bütün işçilərin maaşlarını hissə-hissə ödəyirəm. Amma mətbuat isə bu problemi məlumata çevirib neqativ xəbərlər yaymaqla məşğuldur. Mən jurnalistləri çox istəyən adamam və onlara hörmətlə yanaşıram. Amma bu cür də etmək düzgün deyil”.

İş adamı vurğulayıb ki, sahibkar ölkədə iş yeri açan insandır: “Biz ölkə prezidentinin bütün sahələrdə siyasətini dəstəkləyən, Azərbaycan dövlətinə qulluq edən adamlarıq. Kredit götürürksə, faiz veririk və bankları işlədirik. Bank necə işləyir? Pul satır. Pulun da alıcıları ən çox kim olur? Əlbəttə ki, sahibkarlar. Onun üçün mətbuat mənə qarşı qarayaxma kampaniyalarından əl çəkməli, ən azından gördüyüm işləri təbliğ etməlidir”.

Göründüyü kimi Hacı İbrahim yenə də səmimi deyil. Bir tərəfdən dədə-babasının ona milyardlar saxlamadığını deyir, digər tərəfdən "Xəzər adaları" layihəsinə 1 milyard ŞƏXSİ PULUNU xərclədiyini bildirir. Sual olunur: Dədə-babandan qalmayıbsa bəs bu pul haradandır?! MƏNBƏYİNİ GÖSTƏR, SƏMİMİ OLDUĞUNA, dövlətin pulunu mənimsəmədiyinə, düzgün iş adamı olduğuna jurnalistlər də inansın!

Əslində isə, Hacı İbrahimin evini yıxan jurnalistlər yox, onun saysız-hesabsız yalanları, əsassız vədləri, reallıqdan uzaq fikirləridir. 

Vaqif NƏSİBOV

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar