"Bu, əslində Ramiz Mehdiyevlə İlham Əliyevin savaşıdır..." - Əvəz Zeynallı (MÜSAHİBƏ)

"Xural” qəzetinin baş redaktoru, 9 il azadlıqdan məhrumetmə cəzası alaraq hazırda 10 saylı Cəzaçəkmə Müəsisəsində məhbus həyatı yaşayan Əvəz Zeynallı "Yeni Cumhuriyyət” qəzetinə müsahibə verib. "AzPolitika.info" müsahibənin birinci hissəsini təqdim edir.

- Əvəz bəy, 2 il 6 aydır ki, həbsdəsiniz. Sizin üçün həbs həyatı nə deməkdir?

- Həbsxana həyatımın davamıdır, yəni, həyatımın başqa bir mərhələsidir. Mən son 11-12 ili nəzərə almasaq, təxminən elə bu həyatı yaşamışam. Orta məktəbin son illərini kəndimizdə - Ağbulaqda tək qaldım, min-bir əziyyət çəkdim, sonra hərbi xidmətdə Sovet dövlətinin bu başından o başına yol keçdim, Moskva ətrafı Kirov şəhərindən başlayıb Vladivastoka - Yaponiya sərhədlərinə qədər davam edən və sonu ağır xəstəliklə nəticələnən əsgərlik həyatı yaşadım - min bir əziyyət çəkdim, it zülmü gördüm. Təxminən 2 il yarım. Sonra Türkiyədə tələbəlik illəri başladı - orada da eləcə. Daim mübarizə, daim qovğa, daim çətinlik. Mənim gözəl Anam mənim həyatımı əslində bir cümlə ilə ifadə edə bilib: "Mənim bələyim odla bələnib". Vəssalam. O baxımdan bu həbs həyatını da ömrümün normal davamı kimi qəbul edirəm. Azadlığa gəlincə, onun anlamını vermək və o haqda danışmaq qəzetinizin səhifələrini aşar. Təkcə bir şey deyim - insan fitrətən, mənəvi baxımdan azad olmalıdır. Mən burada da azadam. Özün azadsansa, nökər və qul deyilsənsə nə fərqi var, harada olmağın. Mən həbsxanada da azadam, müstəqiləm, amma azadlıqda gəzən onlarla, minlərlə adam var ki, nökərçiliklə məşğuldurlar.

- Azərbaycan həbsxanalarında vəziyyət necədir?

- Azərbaycan cəmiyyətində olduğu kimi. Həbsxana Ayda deyil ki, bu ölkənin, bu şəhərin içindədir. İndi geniş və əsaslı quruculuq işləri gedir bu sahədə. Bildiyim qədərilə ötən il 83 milyon manat pul ayrılmışdı Ədliyyə Nazirliyinə - yeni xəstəxana-həbsxanalar tikilir. Maşallah tuthatutdur. Görünür, yer çatmır. O baxımdan, burada vəziyyət elə orada - sizdə olan kimidir - nə bir az artıq, nə bir az əskik...

- Orada gününüzü necə keçirirsiniz, əsas məşğuliyyətiniz nədir?

- Bakı İstintaq Təcridxanasında daha çox oxuyur, sonra yazırdım. Burada daha çox yazıram, sonra oxuyuram. Tərcümələr edirəm. Azərbaycan oxucuları üçün dünya tarixinin ən nəhəng kitablarından birini tərcümə edirəm. Maraqlıdır ki, bu kitab da dünyaya yön verən kitablardandır, ancaq 100 ildir ki, Azərbaycan türkcəsinə çevrilməyib. Təbii ki, müəyyən tarixi və bədii filmlərə baxmaq imkanlarım da olur. Müəyyən mövzularda diskussiyalar aparırıq. Fikir mübadiləsi də etdiyimiz olur. Vaxtlı-vaxtında, qanunla nəzərdə tutulmuş qaydada telefonla danışır, vaxtı gələndə görüşür, ailəmizi görürük. Mən ağır cinayət törətmişəm axı (Gülür) - ona görə də ayda iki dəfə ailəmlə görüşürəm. Yüngül cinayət törətsəydim bu həftədə bir dəfə ola bilərdı...

- Həbsxanadan Azərbaycanın siyasi arenası necə görünür?

- Olduğu kimi. Köhnə Sovet kəndlərindəki klubları təsəvvür edin. Həmin klublarda ikinci mərtəbə olardı və o mərtəbədə filmləri göstərmək üçün bir otaq olardı. O otağın balaca pəncərələrindən kino göstərərdilər və balaca pəncərələrdən klub əlin içi kimi görünərdi. Bax, elə bil ki, mən indi o mərtəbədəyəm və kluba - Azərbaycana baxıram. Buradan bütün oyunlar aydın görünür. Təəssüf ki, siyasi arenda dəhşətli bir boşluq müşahidə edirəm. Ardıcıllıq, yorulmaz siyasi mübarizə, amansız müqavimət, ən əsası intellektual yarış yoxdur. Hər şey iqtidara və onun ideoloqlarına tərk olunmuş vəziyyətdədir. Bir az qımıldamaq istəyənlər içəridə, içəri düşmək istəməyənlər isə qımıldamadan yerlərində oturublar. Millət isə kənarda müşahidə edir və için-için qaynayır.

- Sizi şərləyib həbs edən, başqasının əmlakını mənimsəməkdə, mandat alverində və digər ağır cinayətlərdə ittiham olunan Gülər Əhmədovaya 3 il, sizə isə gunahınız  sübut olunmasa da 9 il iş veriblər. Sizcə bu nə deməkdir?

- Azərbaycanda hər şeyi olduğu kimi, hüququ da zorlayırlar. Təkcə mən yox, hazırda burada onlarla, bəlkə də yüzlərlə adam var ki, onlar 178.3.2-ci maddə ilə - Gülərin maddəsi ilə 8 ildən 12-13 ilə qədər cəzalarla əziyyət çəkirlər. Hamısının evində azyaşlı uşaqları var. Eləsi var ki, həbs olunanda uşağı hələ dünyaya gəlməyibmiş. Hamısına da Azərbaycan prokuroru azı 10, çoxu 15 il iş oxuyub. Elə o qədər də iş veriblər. İndi onlar dəhşət içində içlərində qalan son ülvi hissləri də öldürməklə məşğuldurlar. Qanun qarşısında hamı bərabər deyilmi? Nə oldu?! Səxsən mənə gəlincə, mən təmkinli olmağa çalısıram. Təmkinlə seyr etməyə məcburam. Nələr olur? İşin başqa bir tərəfi də var. İndi Azərbaycan məhkəmələrində ya pul, ya da adam keçir. Azadlığa çıxmaq üçün ya pulundan keçməlisən, ya da adamın, dostun olmalıdır. Bizim işimizdə pul rol oynamır, qalır "dosta zəng”!!! Gülərin dostu Ramiz Mehdiyev, mənim "dost"um isə İlham Əliyevdir. Onun dostu törədilmiş eşşək boyda cinayəti sildirə bildi, aldıqları 2 milyon dolları bağırda-bağırda mənimsədi, ağırlaşdırıcı səbəbləri yüngülləşdirdi, qanunu zorladı. Onlar bunu haqsız ola-ola etdilər. Bütün Azərbaycan xalqının gözlərinin içinə tüpürdülər. Biz - mən və "dost"um İlham Əliyev isə heç nə olmaya-olmaya, təkcə azad söz dediyimizə görə şərləndik və quruca "rüşvət vədini qəbul etdiyi" ittihamı ilə 9 il iş aldıq. Bu əslində Gülərlə mənim yox, Ramiz Mehdiyevlə İlham Əliyevin savaşıdır ki, o savaşdan birinci qalib çıxdı. Bizimki belə gətirib -"dost"umuz prezident olsa da, uduzduruluruq...

- Bir daha həbsinizə qayıdaq və soruşaq: Sizi niyə həbs etdilər və belə yüksək cəzaya layiq bildilər?

- İndi hər şey daha aydın görünür və bilinir. Məni həbs etməklə iqtidar indi hamımızın şahid olduğumuz boş və ölü bir mühit yaratmağın başlanğıc addımını atdı. Mən növbəti yeni mərhələ oldum. Mənə bu qədər ağır cəza verməklərinin səbəbi də mənim israrlı mübarizəmdir. Mən 9 il idi ki, bunları ipə-sapa yatmazlığımla və "heç kimi dinləməz"liyimlə bezdirmişdim. Bu uzun və əzablı illərin hər biri üçün mənə bir il - cəmi 9 il verdilər. "Xural" 9 il çıxdı. "Xural" 9 il bunların gecə-gündüzünü qarışdırdı. Səbəblərdən biri bu idi. Təbii ki, başqa səbəblər də var. Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün mətbu monopoliyası üçün mən əsl başağrısı idim. Bunlar məni şərləməklə və tutdurmaqla Azərbaycan mətbuatının dişlərini qırdılar və ondan sonra istədiklərini etdilər. İndi də edirlər. Bunlar azad sözdən qorxurlar. Baxın təkcə, jurnalistikadan 10-dan çox adam tutublar.

- Həbsdən öncə nə zamansa düşünmüsünüzmü sizi həbs edə bilərlər?

- Mən 10 ildir ki, hər gün həbs olunacağım haqda düşünürdüm. Son 6-7 ildə isə bu təhlükəni hər zaman yaxından hiss etmişəm. Son 1-2 ildə ictimaiyyət də təxmin edib ki, mən həbsxanaya doğru gedirəm. Son 1-2 ayda isə mənim həbs olunacağımı bütün dünya bilirdi. Açın, baxın, güman ki, hələ də "facebook" səhifəmdə durur - mən hər gün "həbsə hazırlaşıram" yazırdım. Bu həbsi gözləyirdim. Bu namərdliyi, bu nakişiliyi, bu nakəsliyi gözləmirdim, onu da göstərdilər.

- Əgər keçmişə qayıtmaq imkanınız olsaydı, həbsdən yayınmaq üçün nəyi başqa cür edərdiniz?

- Heç nəyi başqa cür etmək imkanı yox idi. "Xural" dayanmalı, mən susmalı idim. "Xural"ı inzibati yollarla dayandırdılar da - mənə də susmaq, ya da bir müddətlik ölkədən getmək təklif olundu, mən əsla qəbul etmədim. Çəkilə bilməzdim. Geriyə yolum yox idi. Mətbu monopoliyanın təntənəsi yolunda ən böyük maneə mən idim. Məni həbs etmədən monopoliya qurulmayacaqdı. Onu da etdilər. Ona görə də mənim nəyisə başqa cür etmək imkanım yox idi.

- İlham Əliyevə "jurnalistlərin dostu" mükafatının verilməsinə necə baxırsınız? Vaxtilə demokratik mətbuatda olmuş və bu gün də bu düşərgədə olduğunu bildirən media mənsublarının həmin görüşdə iştirak etməsini və buna rəğmən medianın əsas problemlərini, eləcə də həbsdə olan jurnalistlər məsələsini dilə gətirməməsini necə qiymətləndirirsiniz? Onlardan nəsə umacağınız varmı?

- Dövlət başçısı İlham Əliyevlə görüşü Gülər Əhmədovanın dostu təşkil etmişdi. İştirakçıların hamısı onların bayrağının altından keçənlər idi. Onlara zəng edib tədbirə çağıran şəxs mənim bütün cinayət işimi təşkil edən, bütün şahidləri birər-birər təlimatlandıran şöbə müdiridir. Təbii ki, o, həbsdə olan jurnalistlərin problemini qaldırmamağı şərt kimi irəli sürmüşdü. Mən yaxşı bilirəm ki, prezidentlə görüşdə iştirak edən jurnalist-redaktorlardan hansı mənı 150 manatlıq müqaviləyə, hansılar 50 min manatlıq layihəyə satıb. Orada oturan KİVDF icraçı direktoru Vüqar Səfərli Ağır Cinayətlər Məhkəməsində mənim üzümə duran adamdır, məni tutduranlardan biridir. Mən onlardan nə uma bilərəm ki? Qaldı, müstəqil mətbuat adına iddia edən, ancaq iqtidarın yaratdığı anti-demokratik şəraitə görə "danışa bilməyən" həmkarlarıma, onlar düşmən cəbhəsinə yaxınlaşıb könüllü əsir düşən əsgərləri xatırladır. Onlar hələ Güləri "siyasi məhbus” da elan edəcəklər. Hələ çox şeylər olacaq. Bir adam - redaktor ki, prezidentlə görüşdən çıxıb "danışa bilmədim", "bu qədərini danışa bildim", "heç olmasa bunu deyə bildim" deyirsə, əmin olun, o redaktor artıq azad və müstəqil deyil. Nə dəyişib? Bunlar İlham Əliyevə, onun atasına meydan oxuyan adamlar deyilmi? Mehman Əliyev, Elçin Şıxlı kimi müstəsna adamlar xaric olmaqla, umduğumuz adamlar bizə demək olar ki, xəyanət ediblər...

- "Mətbuatın dostu”…

- Bilirsiz, dostluq anlayışı çox mürəkkəbdir. Bəzi mənə dost deyən adamlar oldu ki, mən gündə üzümə duran, öyrədilən adamlarla qovğada ikən, onlar maaş-qonorar davası döydülər. Mənim qəzetimdə İlham Əliyevə, bəli-bəli, İlham Əliyevə ağıl dərsi keçənlər, İlham Əliyevə ləbbeyk deyənlərin səngərlərinə keçdilər. Yanlış oxumadınız, mənim qəzetimdə İlham Əliyevin enlə-uzununu bir edənlər, indi İlham Əliyevin adı gələndə salavat çevirirlər. İddiası yer cıranlar görünməz oldular, ancaq onlar "biz səninlə mətbu intihara varıq" deyirdilər. Niyə bütün bunları deyirəm? Öz dostlarından, həmkarlarından bəzi hallarda dostluq görmürsən, Prezidentdən sənə nə dost olacaq? Mənim umduğum, gözlədiyim redaktor dostlarım, həmKARlarım bir il davam edən və hər iclası sensasiya olan məhkəməyə müxbir göndərmədilər, mənim məhkəməmi planlaşdırmalarına salmadılar. Prezident mənə necə dost olar? Olmaz! Ümumiyyətlə, jurnalistikanın, ciddi jurnalistin dostu olmaz! Məhz ona görədir ki, bizə 4-cü hakimiyyət deyirlər. Burada ən yaxın adamlarla da dost olmaq olmaz! Mən heç bir zaman Prezidentlə və dövlət adamları ilə dost olmağa can atmadım, güman ki, elə də olacaq. Uzun sözün qısası, "balama dəymə, balanı istəmirəm”. Hə, az qala unutmuşdum. Prezidentlə görüşdə həbsdə olan jurnalistlərin azadlığa buraxılması tələbini səsləndirməyənlər, həm də mənim - bizim azadlığa çıxmağımızı istəməyənlərdir. Mən bunu belə qəbul etdim, qeydlərimə də belə keçirdim...

(ardı var)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar