RƏHBƏRİ HAMAMDA MƏHV ETMƏK PLANI – Alman və Yapon kəşfiyyatının Stalinə sui-qəsd cəhdləri

74 il əvvəl bu günlərdə - 22 iyun 1941-ci ildə Hitler Almaniyası gözlənilmədən Sovet İttifaqına hücuma keçdi. Beləliklə də 1939-cu il sentyabrın 1-də almanların Polşaya hücumu ilə başlayan İkinci Dünya müharibəsinə Sovet İttifaqı da cəlb olundu.

Faşist Almaniyasının kansleri Adolf Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdi: “Rusiya gərək məhv edilsin! Müddəti - 1941-ci ilin yazı!”.

Bundan sonra “Barbarossa” adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi.

İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da Sovet xalqının Böyük Vətən müharibəsi başlandı. SSRİ-nin müharibəyə girməsi ilə II Dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə Sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı.

Sonda Almaniya və onun müttəfiqlərinin məğlubiyyəti ilə nəticələnən bu müharibənin bir çox sirləri, üzərindən onilliklər keçməsinə baxmayaraq, hələ də açılmamış qalır.

İkinci Dünya Müharibəsinin ən çox maraq doğuran səhifələrindən biri də Alman və ona müttəfiq olan ölkələrin kəşfiyyatlarının Sovet lideri Stalinə qarşı həyata keçirə bilmədikləri sui-qəsd planlarıdır. Bu yazıda həmin planlardan bəhs edəcəyik.

STALİN NECƏ QORUNURDU?

Hitler Almaniyası və digər ölkələrin kəşfiyyat orqanları Stalinə qarşı sui-qəsd təşkil edib, Ali Baş komandanı sıradan çıxarmaqla, Sovet İttifaqına ciddi siyasi zərbə vurub, müharibənin gedişinə təsir göstərə biləcəklərinə inanırdılar. Çox geniş hakimiyyətə malik Stalini ciddi təhlükə gözləyirdi. Üçüncü Reyxin xüsusi xidmət orqanları bu işi həyata keçirmək üçün bir neçə casus qrupu üzərində işləyirdi. Sonralar məlum olub ki, Moskvaya göndərilən alman terrorçuları Stalini və Dövlət Müdafiə Komitəsinin digər üzvlərini Kremlə gedən yolda məhv etməliydilər. Alman casusları Dövlət Müdafiə Komitəsinin üzvlərinin istifadə etdikləri avtomaşınlar və onların hərəkət marşrutları barəsində yaxşı məlumat toplamışdılar. Sözsüz ki, bütün marşrutlar üzrə Xalq Daxili İşlər Komissarlığının (NKVD) xarici müşahidə qrupunun ən yaxşı əməkdaşları Moskvada gecə-gündüz patrul xidməti göstərirdilər. Onlar Arbat küçəsi, sonra isə Kutuzov prospektindən Stalinin daçasına qədər olan yolu xüsusi nəzarətdə saxlayırdılar. Bütün bunlarla yanaşı, digər küçələrdəki evlərdə müşahidəçilər növbə çəkirdilər və bu müşahidəçilər evlərin damında yerləşdirilmiş snayperlər və qərargah ilə birbaşa əlaqə qurmaq imkanına malik idilər. Əlbəttə ki, bütün bunların hamışı çox gizli aparılırdı.

Həm də sonralar aydınlaşıb ki, Siyasi Büronun və Dövlət Müdafiə Komitəsinin üzvlərinin iclas keçirmək üçün axşamlar yığışdıqları Stalinin daçasına hücum etmək də planlaşdırılıbmış. Lakin burada düşmən heç nə edə bilməzdi. Kunsevodakı bu meşəlik rayonu Vnukovo və Kubinsk aerodromunda bazalaşmış qırıcı aviasiya tərəfindən havadan daimi olaraq qorunurdu. Bundan başqa, Krılatskdakı indiki yeni yaşayış massivinin yerində isə zenit artilleriya batareyası yerləşdirilmişdi. Moskvanın müdafiəsinin ən çətin günlərində Stalinin daçası qəfil hücumlar və düşmənin desant qruplarına qarşı, tank birləşmələri tərəfindən qorunurdu. Almanların Stalini ortadan götürməyə hazırlaşmaları təəccüb doğurmurdu. Ancaq Sovet rəhbərinin məhv edilməsinə, militarist Yaponiyanın hazırlaşması barəsində də məlumatlar var idi. Həmin məsələ Sovet İttifaqı tərəfindən Uzaq Şərq beynəlxalq hərbi tribunalının əməkdaşı, Tokioda işləmiş diplomatik xidmət veteranı Anatoli Nikolayev tərəfindən hərtərəfli şəkildə tədqiq edilmişdir. Bizim günlərdə bu barədə söhbət açan Anatoli Nikolayev deyir ki, ”Yaponiyanın Sovet ittifaqına qarşı təcavüzü” ittihamı sənədindəki bölümlərin birində Yaponiya kəşfiyyatının SSRİ-yə qarşı nəinki diversiya fəaliyyətləri həyata keçirməsi təkzibedilməz faktlarla sübut olunub, həmçinin onların Stalini öldürmək üçün xüsusi əməliyyat hazırladıqları da ortaya çıxıb. Uzun illər ərzində bu barədə danışmaq istənilməyib.

YAPON KƏŞFİYYATININ UĞURSUZ SUİ-QƏSD CƏHDİ

Bu gün yalnız çox məhdud sayda mütəxəssislərə məlumdur ki, Stalinə qarşı terror aktını həyata keçirməkdən ötrü Yaponiya xüsusi xidmət orqanları, düşmən tərəfinə qaçan Lyaşkovu bu işə cəlb etmək niyyətində olublar. Xasan gölü yaxınlığında baş verən sərhəd münaqişəsindən əvvəl, 1938-ci il 13 iyun tarixində Xalq Daxili İşlər Komissarlığının Uzaq Şərq idarəsinin rəisi və Yejov ilə Arqanovun inanılmış adamı olan Henrix Lyaşkov Mancuriyaya qaçmışdı. Lyaşkov Kirovun öldürülməsi işini və Stalinə qarşı planlaşdırılan ”sui-qəsdlər”in təhqiqatında iştirak etmiş bir şəxs olub. Lyaşkov bildikləri sirlərin hamısını Yaponiyanın baş hərbi qərargahına açmışdı. O, əsasən dərin şəkildə konservləşdirilmiş hərbi kəşfiyyatçılar qrupunun işi barəsində məlumat vermişdi. Bu Rixard Zorgenin qrupu idi. Lakin xoşbəxtlikdən satqın Lyaşkov onun adını bilmirdi. Bunlardan əlavə, Lyaşkov Əlahiddə Uzaq Şərq Ordusunun dezinformasiya tədbirləri və hərbi hissələrin dislokasiya planları barəsində yaponları geniş məlumatlandırmışdı.

”Stalinə qarşı sui-qəsd” kitabının Yaponiyalı müəllifi Hiyamo, imperator ordusunun baş qərargahının 5-ci bölməsinin zabiti Koidzumi Koitiroya istinadən yazır: ”Lyaşkovun bizə verdiyi məlumatlar hədsiz dərəcədə qiymətli idi”.

Ancaq Tokio Stalinə qarşı törədiləcək terror aktının icrasıçısı kimi Lyaşkovun namizədliyindən vaz keçdi. Lyaşkov çox məşhur fiqur idi deyə onu tanıya bilərdilər. Bu məqsədlər üçün xaricdə yaşayan ağ qvardiyaçılardan istifadə edilməsi nəzərə alınmışdı. Yaponiya baş qərargahı SSRİ-yə qarşı yönəldiləcək təxribat əməliyyatlarında Mancuriydakı rus emiqrantlarının rəhbəri, ataman Semyonov və ağ qvardiyaçıların Mancuryadakı “Rus vətənpərvərlər ittifaqı” təşkilatının başçısı Rodzayevskiyə ümid bağlayırdı. Onu da bildirək ki, SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının hökmünə əsasən, 30 avqust 1946-ci ildə onların hər ikisi edam olunublar. Hələ 1929–cu ildə Berlindəki Yaponiya hərbi attaşesində keçirilən yığıncaqda mümkün müharibə zamanı SSRİ-yə qarşı yönəldiləcək diversiya planı müzakirə olunmuşdu. Həmin toplantıda Tokio kəşfiyyat orqanlarının SSRİ-yə qarşı xarici ölkələrdə də casus fəaliyyətləri göstərməsi məsələsi müzakirə edilib. Nəzərdə tutulan bu diversiya-təxribat proqramının həyata keçirilməsi işində xüsusi aktivliyi general-leytenant Xirosi Osimo göstərib. 1936-1938-ci illərdə o, Yaponiyanın Almaniyadakı hərbi attaşesində yüksək vəzifə tuturdu. 1938-1939, 1941-1945-ci illərdə isə Berlində Yaponiyanın səfiri vəzifəsində işləmişdi. Berlin və Tokio xüsusi xidmət orqanlarının Sovet İttifaqına qarşı birgə təxribat fəaliyyətləri göstərməsini, səfir Osimo ilə Himlerin 31 yanvar 1939-cu ildəki görüşü zamanı imzalanmış memorandum da sübut edir.

Həmin sənəddə yazılır: ”Mən bu gün general Osimonu ziyarət etdim... Biz Almaniya-İtaliya-Yaponiya üçbucağının möhkəm forma alması üçün mühüm müqavilənin imzalanmasını müzakirə etdik. O, həmçinin mənə Almaniya hərbi əks kəşfiyyatı (abver) ilə birgə Qafqaz və Ukraynada böyük işlər görmək barəsində danışdı. Amma belə bir təşkilat yalnız müharibə zamanı effektli ola bilər. Bunun üçün Osimo on nəfəri bomba ilə Rusiya sərhədinə göndərə bilib. Göndərilən həmin ruslar Stalini öldürmək əmrini almışdılar. Onun göndərdiyi digər çoxsaylı rusları sərhəddə güllələyiblər...”

Tokiyodakı məhkəmə prosesində Osimo ora-bura vurnuxaraq, məhkəməni dolaşdırmağa cəhd edirdi. General Stalinin öldürülməsinə hazırlıq görülməsi məsələsindəki iştirakını xüsusi inadkarlıqla inkar edirdi. Bununla yanaşı o, etiraf edirdi ki, Sovet rəhbərinə qarşı sui-qəsd həyata keçirmək çox riskli bir işdir. Belə bir məlumat var ki, Stalini Maçestada, vanna qəbul edərkən öldürmək planlaşdırılıbmış. Onu dağıdıcı güllə ilə öldürəcəklərmiş. Bu əməliyyat o qədər riskli hesab edilirmiş ki, hətta terrorçu qrupun əməliyyatdan sonra necə geriyə qayıdacaqları məsələsi plana daxil olmayıb. Həmin əməliyyata “Ayı” kod adı verilmişdi. Sui-qəsd planını “Rus vətənpərvərlər ittifaqı”nın altı mühacir üzvü həyata keçirməliydi. Həmin şəxslərin bunlardı: Bezemenski, Lebedenko, Malxak, Smirnov, Surkov, Zelenin. Onlar SSRİ sərhəddini keçərək, Soçi şəhərinə qədər gəlməli idilər. Stalin Maçestada müalicə vannası almağı xoşlayarmış və vanna otağında tək olarmış. Vaxtilə Lyaşkov Daxili İşlər Xalq Komissarlığının Azov-Qara dəniz idarəsinin rəisi işləmişdi və Stalinin vanna qəbulu ritualını, bütün incəliklərinə qədər bilirdi. Elə ona görə də, sui-qəsd planının həyata keçirilməsi üçün, bu məkan seçilmişdi. Gecə vaxtı vanna otağına verilən suyun təzyiqi azaldılırdı və nəticədə onun səviyyəsi aşağı düşürdü. Beləliklə də su borusu ilə yeraltı su yığılan mənbəyə gedib çıxmaq olardı. Onun hündürlüyü təxminən 3 metr idi. Bu yerin tavanının küncündə təsərrüfat binasına keçmək üçün çıxış qapağı vardı. Təsərrüfat binasından vanna qəbulu korpusuna keçmək mümkündü. Qazanxanada iki nəfər texniki işçi çalışırdı ki, onları lazımı anda terrorçular əvəz etməliydi. Çançundakı düşərgədə yaponlar vanna qəbulu korpusunun maketini hazırlamışdılar. Terrorçular oradakı mexanizmlərlə necə davranmağı öyrənirdilər ki, onların texniki işçi olmadıqlarına kimsə şübhə ilə yanaşmasın. Stalinin gəlişindən sonra texniki işçilərin xalatını geyinmiş iki nəfər həmin qapağın ağzını açaraq, digərlərini də korpusa buraxmalıydılar. Onlar mühafizəçiləri aradan götürdükdən sonra Stalini öldürməliydilər. Hər şey ən incə detallarına qədər düşünülmüşdü. Repetisiya zamanı on dəfədən doqquzunda şərti mühafizə dəstəsi, reaksiya göstərməyə belə macal tapmamışdı. 1939-cu il yanvarın əvvəlində terrorçu qrup, ”Asiya-maru” gəmisində İtaliyanın Neapol şəhərinə yollanır. Və daha sonra İstanbula keçirlər. 25 yanvarda terrorçular SSRİ sərhəddindəki Borçka kəndinə yaxınlaşırlar. Lakin onlar sərhəddi keçmək üçün nəzərdə tutduqları yarğana çatan kimi Sovet ərazisindən pulemyot atəşi ilə qarşılaşırlar. Üç nəfər öldürüldükdən sonra, digərləri geriyə qaçırlar. Yaponlar əməliyyatın baş tutmamasının səbəblərini müəyyənləşdirə bilməyiblər. Lakin bir fakt həqiqəti ortaya qoya bilərdi.

ZİREHLİ SOVET LİMUZİNLƏRİ

Hələ terror qrupunun yaşadığı Dayrendəki mehmanxananın yaxınlığında hansısa şübhəli çinlini saxlayırlar və axtarış zamanı onun cibindən ”Bizi izləyin. Leo” sözləri yazılmış kağız tapılır. Çox qəribədir ki, çinli qaça bilmişdi və Leonun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdı. Amma güman etməyə əsas var ki, terror qrupunun içində sovet casusu da olub. Yapon təhqiqatçısı Hiyamo Esikakinin əldə etdiyi məlumatlara görə, bu şəxs Mançjoudakı Xarici İşlər Nazirliyinin tərcüməçisi Boris Bezimenski olub. Çox güman ki, bu Lyaşkovun ələ verə bilmədiyi adam, həmin Leo imiş.

Stalinin təhlükəsizliyi üçün daimi olaraq, texniki tədbirlər görülürdü. Hökümət maşınları təhlükəsizlik məqsədi ilə tək-tək deyil, həmişə qrup halında gedirdilər və hərəkət zamanı tez-tez kolondakı yerlərini dəyişirdilər. SSRİ-nin o dövrdəki ən yeni limuzinləri olan “ZİS-101” avtomobillərinin xarici görünüşlərində bir-birlərindən fərqli əlamətləri yox idi və onların hamısı qara rəngdəydi. Ona görə də, bu avtomobillərin hansında Stalinin, hansında mühafizəçilərin əyləşdiyini müəyyənləşdirmək çox çətin idi.

Stalinin avtomobilinin korpusu zirehdən, şüşəsi isə gülləkeçirməz materialdan hazırlanmışdı. Bundan əlavə bu avtomobil müdafiə qurğusu kimi ətrafa zəhərli qaz yaya bilirdi. Onun sərnişinsiz kütləsi 7 tona çatırdı. Bu cür zirehli maşın üçün avtomat tüfəngdən açılan atəş və ya əl qumbarası təhlükə törədə bilməzdi. Stalinin şəxsi avtomobilinin hərəkətinə ciddi şəkildə, yalnız böyük dağıdıcılıq gücünə malik fuqas bombası və ya avtomobilin altına yerləşdirmək şərti ilə tank əleyhinə mina təsir edə bilərdi. Ancaq o zaman bunu etmək, sadəcə olaraq, qeyri-mümkün idi. 1943-cü ildə Almaniya ordusu 82 milllimetrlik kalibrli reaktiv əl qumbaraları ilə təchiz olunmağa başlamışdı. Reaktiv əl qumbarası 150 metrlik məsafədən, qalınlığı 200 mm olan zirehi deşə bilərdi. Tokio məhkəməsində general Osimo özünün günahkar olduğunu boynuna almırdı. Sözsüz ki, belə təcrübəli kəşfiyyatçı asanlıqla hər şeyi etiraf etməzdi. Sübut üçün çox əsaslı dəlillər gərəkdi. Nəhayət böyük zəhmət bahasına generalın günahını sübuta yetricək faktlar tapıldı. Bu faktlar içərisində Yaponiyalı zabitlərin şahid ifadələri, Semyonov və Rodzeyevskinin məktubla yazdıqları etiraflar, həmçinin də alman hərbi cinayətkarlarından biri olan German Hessin istintaq materialları da yer alırdı. Əlbəttə, onları toplamaq, heç də asan olmamışdı. 2 senyabr 1945 –ci il tarixində Yaponiya təslim olmaq aktına imza atmışdı və həmin vaxt Tokionun bombalanmamasına baxmayaraq, şəhər səmasını tüstü bürümüşüdü. Yaponlar kəşfiyyat materialları da daxil olmaqla, öz arxivlərini yandıraraq məhv edirdilər. Onlar bütün izləri itirmək istəyirdilər. Amma belə bir şəraitdə lazımı sənədləri tapmaq mümkün olmuşdu. Beynəlxalq tribunal toplanmış sübutlar əsasında imperator ordusunun keçmiş general-leytenantı Osimoya qarşı ittiham irəli sürə bilmişdi. Həmin ittihamda deyilirdi: ”Müttəhim Osimo Berlində olan zaman, gizli şəkildə Sovet dövlətinə və onun rəhbərliyinə qarşı təxribatçı fəaliyyətlərlə məşğul olmuş və bu məsələləri Himlerlə müzakirə etmişdir”.

SUİ-QƏSDÇİLƏRİ ƏLƏ VERƏN DƏRZİ

1943-cü ildəki Tehran Konfransına qarşı almanlar tərəfindən hazırlanan ”Uzun atlayış” əməliyyatının təfərrüatları yaxşı bəlli olduğuna görə, bunun üzərində dayanmayacağıq. Alman xüsusi xidmət orqanları 1943-cü ildə SSRİ ərazisinə iki terrorçu yollamışdılar. Onlardan birinin ləqəbi “Şilo” idi. Şilo (əslində Politov) 1932-ci ildə soyadını dəyişərək Pyotr İvanoviç Tavrin olmuşdu. 1942-ci il 30 may tarixində kəşfiyyata göndərilən zaman, almanların tərəfinə keçmişdi. Tavrin 1943-cü ildə alman kəşfiyyatına işləməyə razılıq vermişdi.

Almanlar Tavrini xüsusi əhəmiyyətlı tapşırıq yerinə yetirməyə yollayırlar. Tavrinə tam inanmaları üçün onu Pskovdakı cəza əməliyyatlarında iştirak etməyə göndərirlər. Sonra Tavrin Riqada mayor Krausun rəhbərliyi altındakı ”Zeppelin” adlı xüsusi təyinatlı dəstədə hazırlıq kursu keçir. Bunlardan əlavə, bu terrorçunu almanların ən bacarıqlı diversant-kəşfiyyatçısı Skorçenin özü üç dəfə təlimatlandırır. Onu, birinci Pribaltika cəbhəsinin 39-cu ordusunun SMERŞ əks-kəşfiyyat bölüyünün rəis müavini Tavrin Pyotr İvanoviç adı altındakı sənədlərlə və iki ədəd ”İgidliyə görə” medalı, beş müxtəlif ordenlə təmin edirlər. Hər şey düşünülmüşdü. Bunun üçün almanlar xüsusi olaraq, “Pravda” və “İzvestiya” qəzetləri çap etmişdilər. Qəzetlərdə təltif olunanlar sırasında mayor Tavrinin də adı yazılmışdı. Terrorçunun qadın ortağı kimi əməliyyata yollanan radist Adamiçevanı, diviziyanın xüsusi bölməsinin katibəsi kiçik-leytenant Lidiya Yakovlevna Şilovanın adına hazırlanmış sənədlərlə təmin edirlər. Moskvaya çatan “mayor”, hazırlanmış iki plandan birinə əsasən Stalini öldürməliymiş. İlkin olaraq, Stalinin avtomobilinin marşrutu müəyyənləşməli, sonra isə ona zireh dağıdan mərmi ilə atəş açılmalı idi. Bunun üçün abverin gizli laboratoriyasının mütəxəssisləri “pançerknakke” (zireh gəmirən) adlandırdıqları nadir silah hazırlayırlar. Mərmilər yığıla bilən və kiçik həcmli xüsusi topdan atılacaqdı. 30 millli metr kalibrli, kiçik həcmli həmin top elə hazırlanmışdı ki, onu kəmərlə sağ qola bağlamaq mümkündü. Atılacaq mərmilər 300 metrlik məsafədən 45 mm zirehi deşmək qabliyyətinə malikdi. Bundan əlavə, terrorçuların əlində böyük dağıdıcı gücə malik maqnit mina da vardı. Tavrin hökümətin hər hansı bir yığıncağına və ya Stalinin də olduğu tədbirlərin birində iştirak etməyə cəhd göstərərək, terror aktını həyata keçirməliydi.

Almanların hazırladıqları əməliyyat barəsində ilk siqnal Sovet xüsusi xidmət orqanlarına işləyən Riqadakı dərzidən gəlir. Ona hansısa bir şəxs qəribə sifarışlə müraciət edir. Dərzidən sovet tərzində olan, böyük cibli və sağ qolu geniş olan dəri palto tikilməsi istənilmişdi. Deməli, Tavrini hələ Riqadaykən nəzarət altına götürmüşdülər.

Terrorçuları 1943-cü ilin 5 sentyabr gecəsi “Arado-232” təyyarəsi ilə cəbhə xəttinin arxasına aparırlar. Amma burada da hər şey qaydasında getmir. Tavrini aparan təyyarənin enişini təşkil etmək üçün, SSRİ ərazisinə desantla aerodrom komandası atırlar. Həmin komanda Sovet kəşfiyatçıları tərəfindən tutulur. İstintaq zamanı aerodrom komandası bildikləri hər şeyi danışırlar. Beləliklə, oyun başlayır. ”Arado-232” təyyarəsinin lazımı eniş etməsinə bilərəkdən imkan yaradırlar. Lakin burada da təsadüfi bir hadisə baş verir. ”Arado” zenit artilleriyası tərifindən vurulur və təyyarə başqa rayonda eniş etmək məcburiyyətində qalır. Tezliklə əməliyyatçılar hər tərəfi axtarmağa başlayırlar. Səhərə yaxın patrullar motosikletdə gedən kişi və qadını saxlayır. Haradan gəldikləri barəsindəki suala cavab verərkən, Tavrin məcburi eniş etdiklərini bilmədiyi üçün, dayandıqları yerdən 200 kilometr uzaqlıqdakı ilkin düşəcəkləri məntəqənin adını çəkir. Burada terrorçuları həm də yağış ələ verib. Beləki, onlar dörd saat yolda olduqları halda, paltarları quru idi. Patrul rəhbəri özünü ağıllı apararaq, şübhələndiyini büruzə verməyərək, Tavrin və Şilovanı ezamiyyət vərəqələrinə imza atmaq adı altında yaxınlıqdakı komendaturaya gətirir. Terrorçular komendaturada olan zaman, onların motosikletlərində axtarış aparılır. Axtarış zamanı dörd çemodanda 7 ədəd tapança, 5 ədəd qumbara, mina, ”pançerknakke” və onun mərmiləri, həmçinin də 116 ədəd müxtəlif möhür və 400 min rubl tapılır. Beləliklə də Stalinə qarşı su-qəsd planı uğursuzluğa düçar olur.

STALİNİ AMERİKANLAR DA ÖLDÜRMƏK İSTƏYİB

Onu da bildirək ki, Stalini təkcə Almaniya və Yaponiya xüsusi xidmət orqanları aradan götürmək istəməyiblər. Amerikan tarixçisi Berton Herş yazır ki, müharibədən sonra Stalini öldürmək üçün, onun keçmiş müttəfiqləri amerikanlar da plan hazırlayıblar. Stalinin öldürülməsi planı 1952-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini tərəfindən təsdiq olunub. Ancaq MKİ direktoru bunun siyasi nəticələrini nəzərə alaraq, planın reallaşdırılmasını durdurub.

Maraqlıdır, İkinci Dünya Müharibəsinin gedişində Stalinə qarşı çoxsaylı sui-qəsd planlarından biri baş tutsaydı, nə baş verərdi? Dahi rəhbərini itirmiş Sovet dövləti, yenə də bu müharibədə qalib gələrdimi?

Bu suallara üstündən 70-75 il keçəndən sonra da birmənalı cavab vermək çətindir. Hər halda, şübhə yoxdur ki, müharibənin gedişi zamanı Stalinin öldürülməsi Sovet İttifaqına çox böyük zərbə olacaqdı.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar