ABBAS ABBASOVA QARŞI TOTAL HÜCUM BAŞLAYIB - Qardaşı həbs olunub, yaxınları işdən çıxarılıb

Nadir Abbasov “Bandotdel”də saxlanılır

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasovun həbs olunduğu barədə məlumat yayılıb. Onun da adı Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda hallanır. Nadir Abbasovun da Beynəlxalq Bankdan külli miqdarda kredit götürdüyü iddia olunur.

Dünən “Təzadlar” qəzeti məlumat yayıb ki, Nadir Abbasov artıq həbs olunub. Bildirilir ki, o, bir müddət əvvəl Gəncədə keçmiş “Yeyinti Ticarəti İdarəsi”nin bazasında soyuducular tikmək üçün kredit götürüb. Bir neçə gün əvvəl onu DIN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar və krediti dərhal qaytarması tələb olunub. Məlumatda deyilir ki, Nadir Abbasov hələ də bu idarədə saxlanılır.

Məlumatda o da vurğulanır ki, bir neçə gün əvvəl Abbas Abbasovun digər qardaşı Həmid Abbasovun isə həyat yoldaşı Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən bağça müdiri vəzifəsindən azad olunub. Onun qızı da işdən çıxarılıb. Bağçanın işçiləri iki gün əvvəl Elmar Vəliyevlə görüşmək istəyiblər. Lakin görüş baş tutmadığından etirazlarını yazılı şəkildə bildiriblər.

Xatırladaq ki, Abbas Abbasov “Milyarderlər Ittifaqı” yaranandan sonra Azərbaycan hakimiyyətinin hədəfinə gəlib. Hazırda Rusiyada olan Abbas Abbasovun ölkəyə gəlməsi onun üçün təhlükəyə çevrilib. Bildirilir ki, baş nazirin sabiq birinci müavini Azərbaycana gələcəyi təqdirdə həbs oluna bilər. Hakimiyyət mediasında ona qarşı aparılan kampaniya da Abbas Abbasovun qələminin qırıldığını deməyə əsas verir. Bundan başqa onun Azərbaycandakı biznesinin çökdürüldüyü, yaxınlarının isə təqib olunduğu barədə məlumatlar var.(Azadliq.info)

Abbas Abbasovun qardaşının həbsi ilə bağlı məlumatları Gəncədəki mənbələr “Yeni Müsavat”a xəbəri təsdiqləyiblər. “Abbasovlar qonşularla təmaslardan qaçırlar, hər hansı açıqlama vermirlər. Lakin eşitdiyimizə görə, Nadir Abbasovun banka 10 milyon dollar borcu olduğundan həbs edilib və hələ də nəzarətdədir” deyə, adının çəkilməsini istəməyən mənbə bildirib.

A.Abbasovun deputat oğlu Aydın Abbasov isə qəzetə açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib. Bildirib ki, Strasburqdan yenicə qayıdıb, odur ki, yazılanlardan xəbərsizdir. A.Abbasov məsələləri araşdırandan sonra ətraflı açıqlama verəcəyini desə də, sonrakı cəhdlərdə telefon zənglərinizə cavab verməyib.

O, AzNews.az-a isə başqa bəhanə gətirərək, hansısa məlumat verməkdən boyun qaçırıb: "İndi xəstəxanadayam, heç cür danışa bilmirəm. Birazdan danışarıq".  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar