"GENERAL ŞƏKİNSKİ ELƏ DÜŞÜNÜR Kİ..." - "Nazir Sabir bəyə deyib ki..."

Əlövsət Əliyev: “Mən burdan ona zəng etdim, amma danışmaq istəmədi...”

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İttihama görə, Namiq Camalov Gülnarə Şəkinskayanın, eləcə də sonuncunun övladları - Nadiya, Həmidə, Məryəm və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrindən ötrü rəsmi sənədlərin qanunsuz hazırlanması üçün Pənah Dadaşov, Zeynəb Cəfərova, Saçlı Həsənova, Əlövsət Əliyev və qeyriləri ilə özgənin külli miqdarda əmlakını talama barədə razılığa gələrək cinayət əlaqəsinə giriblər.

İstintaq zamanı məlum olub ki, G.Şəkinskaya qeyd olunan cinayətlərin törədilməsində Əlövsət Əliyev, Namiq Camalov, Şəfiqə Bağırova və digərləri ilə yanaşı həm də doğma qardaşı Fərid Yusubla əlbir olub.

Cinayət işində adı hallandırılan, ötən həftə bu olaya aydınlıq gətirən Ə.Əliyev musavat.com-a açıqlamasında son durum barədə danışdı. Müsahibimiz öncə yaydığı bəyanatdan sonra nələrinsə dəyişməsi ilə bağlı sualı cavabladı.

-Nəyinsə dəyişməsini belə qısa müddətdə gözləmirəm. Ölkə başçısına da müraciət göndərmişəm. Ümid edirəm ki, mənim müraciətlərimə baxılacaq və haqqımda olan bu iş xitam ediləcək.

-Sizinlə bu məlum hadisədən, açıqlamadan sonra əlaqədar strukturlardan hər hansı əlaqə yaradılıbmı?

- Mənimlə heç bir əlaqə yaradılmayıb. Daha bir məqam var. Şəkinskinin ölkədən gedən qızları kifayət qədər ağıllı uşaqlardır. Əgər Şəkinski onlara münasibətdə özünü ata kimi aparsa idi, uşaqlardan heç olmasa biri ona zəng edər və ölkədən getmələrini xəbər verərdi. Hamısının mobil telefonu vardır.

- Qardaşınız Sabir Rüstəmxanlı ilə danışmışıq. Qəzetimizə açıqlamasında Sabir bəy bildirdi ki, daha öncə bu məsələ ilə bağlı daxili işlər naziri ilə danışıb. Belə danışıq və görüş yenidən mümkündürmü?

- Nazir Sabir bəyə deyib ki, mən Şəkinski ilə görüşüm. Mən də buna heç zaman razılıq verə bilmərəm. Mən hər gün onlarla insana məsləhət vermişəm. Bu, mənim işim olub. Mənim işimdə heç bir məhdudiyyət və ya siyahı olmayıb ki, kiminlə işləmək olar, kiminlə yox. Mən burdan ona zəng etmişəm, lakin o, mənimlə danışmaq istəməyib. Özü bilsin.

- Sizə qarşı bundan sonra hansısa təzyiq ola bilərmi?

- Mən atası icazə verməyən çox analara məhkəmə qaydasında ölkədən çıxmaq haqqında qərar almışam. Mənə desə, bu xanıma da yardm edərdim. Əlbəttə məhkəməyə vermişik və məhkəmə qərarı ilə ölkədən getməsinə nail olmuşuq. Bu xanımın uşaqları aparmaq icazəsinin olub-olmadığını bilməmişəm. Getmək istədiyini bilmişəm və bununla bağlı ona məsləhət də vermişəm. İnanıram ki, o xanım yaxın gələcəkdə özündə güc tapıb, mətbuata çıxa biləcək hər şeyə aydınlıq gətirəcək. Təzyiqə gəlincə, mənə qarşı hər gün təzyiqlər var. Bu prosessual normalara uyğun istintaq edilən cinayət işi deyil. Hətta "təqsirləndirilən” şəxslərin vəkilləri işdən imtina ediblər. Deyiblər ki, heç bir prosessual qaydaya əməl olunmur. Vəkil özünü təhqir olunmuş və alçalmış hesab edir. Hətta facebookda hər gün öyrədilmiş insanlarla üzləşirəm. Azərbaycan polisinin generalı elə düşünür ki, mən hüquqi məsləhət verdiyim şəxsin Azərbaycana qaytarılmasına kömək edə bilərəm. Amma mən bunu heç zaman etməyəcəm. Şəkinski deyir ki, nə qədər mənim qızlarım qaytarılmayıb, bu iş davam etməli və insanlar həbsdə qalmalıdır. (Musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar