AZƏRBAYCANDA 50 MİN AİLƏ NEFT MİLYONÇUSUNA CEVRİLİB- Bunlar kimlərin ailələridir?
Neft pullarından qidalanan təbəqələrin sensasion sxemi
Azərbaycana 2005-ci ildən axmağa başlayan böyük neft pullarının xərclənməsi həmişə müzakirə mövzusu olub. Bu müzakirələrdə bir fikir dominantlıq təşkil edir ki, neft dollarları məhdud bir qrupun cibinə axır, əhalinin əhəmiyyətli kəsimi isə bu bölgüdən kənardadır. Təbii ki, bu fikirlər havadan götürülməyib, bəzi hallarda rəsmi statistikaya, təhlil və alternativ hesablama mənbələrinə əsaslanır. Bu mövzuda iqtisadçı ekspert Rövşən Ağayevin “Yeni Müsavat” qəzetinə təqdim etdiyi araşdırması öz orjinallığı baxımınan diqqəti çəlb edir.
Neft pulları 4-5 min ailəni ultramilyonçuya cevirib
Rövşən Ağayevin araşdırmasında maraqlı rəqəmlər təqdim edib: "2005-ci ildən Azərbaycana axan böyük neft pulları 4-5 min ailəni ultramilyonçuya, 10-15 min ailəni milyonçuya, 25-30 min ailəni isə “pula-pul deməyən”, hər ay bir neçə mindən bir neçə on minədək pul qazanan ailələrə çevirdi. Söhbət ən yaxşı halda ölkədə mövcud olan 1,9 milyon ailənin təxminən 3 faizindən - 50 min ailədən gedir."
Demokratik təsisatların oturuşmadığı, seçkili institutların yaranmadığı (və ya formal fəaliyyət göstərdiyi) təbii ehtiyatlarla zəngin ölkələrdə hakimiyyətin və cəmiyyətin davranışı “Tanrı payı” adlandırılan havayı, heç bir zəhmət sərf etmədən qazanılmış pulların təsiri altında formalaşır. Ağlın, innovasiya və texnologiyaların, bir sözlə “bilik iqtisadiyyatı”nın da deyil, müftə qazanılmış resurs pullarının hökm etdiyi cəmiyyətlər üçün fərqləndirici davranış tüfeyli və dəbdəbəli istehlakın sürətlə genişlənməsidir.
Hakimiyyətdə təmsil olunan ultramilyonçular, onların yaxın qohumları...
1. Ölkədə 1,9 milyon ailədən 4-5 min ailə - bilavasitə hakimiyyətdə təmsil olunan ultramilyonçular. Əmlaklarının həcmi təxminən yüz milyondan milyardadək olan təbəqə.
2. Birinci qrupdakı ailələrin biznesini yönəldən çox yaxın qohumlar (qardaş, yeznə, kürəkən, əmi, dayı, xala və s.) - təxminən 10-15 min ailə. Bu təbəqənin əmlakı bir neçə milyondan yüz milyon manata qədərdir.
3. Yaxın qohumların dost-tanışları, bu dost-tanışların yaxınları kimi bilavasitə qurduqları biznesdə konkret işləri görməyə cəlb olunan təxminən 25-30 min ailə. Bu təbəqə hər ay 5-10 min manatdan 100 min manatadək qazana bilir.
Hakimiyyətdə təmsil olunmayan, bilavasitə onların biznesində iştirak etməyən, amma neft pulları hesabına milyonçulara çevrilən ailələr də var. Düzdü, onların sayı çox deyil və təxminlərimə görə, onların maddi və əmlak durumu aşağı-yuxarı bir neçə yüz mindən 5-10 milyonadək ola bilər. Özünü media maqnatı adlandıran şəxslər, ictimai əsaslarla formalaşan mərkəzlərin təmsilçiləri, gerçəkdə siyasi hakimiyyətin PR-na məsul olan qruplar bura aiddir.
Azərbaycana bahalı avtomobil markaları 2005-ci ildən sonra gətirilməyə başlayıb
Bu markalardan isə 2013-cü ilin əvvəlinə olan məlumata görə, ölkədə cəmi 18 min maşın olub. Bu markaların qiyməti isə 70-80 min dollardan 700 min dollara qədər yüksəlir.
Bahalı maşınların əsasən neft pulu ilə alınmasını təsdiqləyən elə rəsmi statistikadır. Azərbaycana böyük neft pulları 2005-ci ildə daxil olmağa başlayıb. Məhz 2005-ci ildən də Azərbaycana yuxarıda adını sadaladığım bahalı avtomobil markaları gətirilməyə başlayıb:
- 2005-ci ilədək Azərbaycanda “Jaguar” olmayıb, məhz həmin il bu markadan 43 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə olan statistikaya görə, ölkədə 150 “Jaguar” markalı minik avtomobili var;
- 2006-cı ilədək Azərbaycanda “LAND-ROVER ” olmayıb, məhz həmin il bu markadan 577 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə olan nəticələrə görə, ölkədə 3100 “LAND-ROVER” markalı minik avtomobili var;
- 2006-cı ilədək Azərbaycanda “İnfiniti” olmayıb, məhz həmin il bu markadan 130 ədəd gətirilib. 2013-cü ilin əvvəlində ölkədə 1600 “İnfiniti” markalı minik avtomobili var idi;
- 2006-cı ilədək Azərbaycanda “Lexus” çox məhdud sayda olub. Məhz həmin il bu markadan 470 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə olan nəticələrə görə, ölkədə 6100 “Lexus” markalı minik avtomobili var;
- 2006-cı ilədək Azərbaycanda “Porsche” olmayıb, məhz həmin il bu markadan 2 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə olan nəticələrə görə ölkədə 958 “Porsche” markalı avtomobil var.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.