Çin gömrükçüləri 40 ilin ətini müsadirə edib!

Çin Xalq Respublikasında (ÇXR) daha bir ərzaq qalmaqalı qızışır. Bu dəfə ət qalmaqalı! Yayılan xəbərlərə görə, Çin gömrükçüləri ölkənin bir neçə vilayətində 100 min tondan çox dondurulmuş ət aşkarlayıb. Saxlanılan partiya ətin dəyəri 3milyard yuandan (483 milyondollar) artıqdır. Maraqlısı burasıdır ki,  donuz və quş ətindən olan bu partiya ətin nə az, nə çox... 40 «yaşı» var! Gömrükçülərin sayıqlığı olmasaydı, 40 yaşlı ət ölkə əhalisinin mətbəxinə gedib çıxa bilərdi...

Bu tarixçədə, adəti üzrə həmişə Çində olduğu kimi, «saxta»nın həcmi heyrətləndirir. Bu dəfə «Göyaltındakı ölkə»də populyar ərzaqlardan sayılan donuz ayağı və quş qanadının nəhəng partiyası – 100 min tondan artıq ət məhsulu müsadirə olunub!

Ötən əsrin 70-80-ci illərində dondurulmuş həmin ət məhsulu Vyetnamdan Çinə 10-dan artıq qaçaqmalçı dəstə tərəfindən gətirilib. Sosial şəbəkə istifadəçiləri bu unikal ət məhsulunu «zombi ət» adlandırıb.

Çinin hər yerində polis 40 yaşı olan əti yığışdırıb. Xuanan vilayətində gömrükçülər ümumi dəyəri 10 milyon yuan təşkil edən, vaxtı çoxdan ötmüş 800 ton donuz ayağı və quş qanadı müsadirə ediblər. Məsələ burasındadır ki, ət məhsullarını müasir referijiratorlarda daşımaq baha başa gəldiyindən, qaçaqmalçılar onu ölkəyə adi «fura»larda gətiriblər. Maşınlardan birini açan gömrükçülər üfunət qoxusundan az qala huşunu itirəcəkmişlər!

On iki saatlıq «səyahət» müddətində ətin donu açılmağa və iylənməyə başlayıb. Məhsulu dükan və restoranlara paylamazdan əvvəl, işbazlar onu təkrarən dondurmaq fikrində imişlər.

Dələduzlar böyük ehtiyatla hərəkət ediblər. Onlar müxtəlif sosial şəbəkələr vasitəsilə əlaqə saxladıqlarından, hərəkət marşrutlarını izləmək çətin olub. Hal-hazırda 22 qaçaqmalçının, o cümlədən, iki dəstənin başçısının – Linin və Çjunanın həbs olunduğu bildirilir. Həbslər davam edir. Mütəxəssislər hesab edirlər ki, böyük həcmdə keyfiyyətsiz ət məhsulunun müsadirə olunmasına baxmayaraq, bu, hələ aysberqin görünən tərəfidir.

Redaksiyadan: Şükürlər olsun Böyük Yaradana ki, bizim ölkəmizdə belə hallar olmaz, çünki gömrükçülərimiz qazdan ayıq, standartçılarımız hamıdan peşəkar, baytarlarımız hamıdan fədakar, səhiyyəçilərimiz isə hamıdan obyektivdirlər. Ona görə də, restoranlarımızda, dükan-bazarlarımızda belə zay məhsula yer yoxdur – arın-arxayın yeyib, içib, kef eliyə bilərsiniz...

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar