“AQROLİZİNQ" ASC-nin SABİQ SƏDRİNİN HƏBSİ YENİDƏN GÜNDƏMDƏ - Audit materialları Baş Prokurorluğa verildi

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-də mənimsəmə ilə bağlı epopeya məntiqi sonluğa çatır. "Turan"ın məlumatına görə, uzun illər törəmə qurumun əməllərini gizlədən Kənd Təsərrüfatı Nazirliyinə Hesablama Palatasının keçmiş sədri Heydər Əsədov başçı təyin olunandan sonra, bəzi aqroservis filiallarında kütləvi yoxlamalar başlayıb. Hazırda ciddi auditdən sonra cinayət işi üzrə bütün materiallar Baş Prokurorluğa verilib.

Görünür, Masallı və Salyan filiallarında, həmçinin Güzdək qəsəbəsində qoyunçuluq müəssisəsində maliyyə-təsərrüfat fəaliyyətinin auditinin yekunları üzrə yoxlamaların nəticələri hay-küylü olacaq.

Qeyd edək ki, “Aqrolizinq” ASC-nin bundan əvvəlki rəhbərliyinin fəaliyyətində ciddi korrupsiya faktlarının olduğuna dair mətbuatda dəfələrlə məlumatlar gedib. Həm də bu məlumatlar rəsmi sənədlərdə öz əksini tapıb. Hələ 5 il əvvəl – 2010-cu ildə Prezident Administrasiyası nəzdindəki Dövlət Nəzarəti Şöbəsi (Prezidentin verdiyi fərman və sərəncamların dövlət strukturlarında icra vəziyyətini yoxlayan şöbə) “Aqrolizinq” ASC-nin fəaliyyətini araşdıraraq, ciddi korrupsiya faktları üzə çıxarmışdı.

Dövlət Nəzarət Şöbəsinin həmin hesabatından sitat: “Məhsuldarlığın artırılması üçün texnika və aqrokimyəvi maddələrin alınmasına dövlətin milyon manatlarla pulu xərclənib. Amma nəticə nədir? 2004-cü ilə baxanda 2009-cu ildə taxıl üzrə məhsuldarlıq cəmi 0,1 sentner artıb. Hətta 2008-ci illə müqayisədə 2009-cu ildə bu sahədə məhsuldarlıq 4,7 faiz azalıb.

Alınmış texnikanın yalnız 38,9 faizi lizinqə verilib. 46,5 faizi istifadə üçün aqroservislərə paylanıb. 13,6 faizi (1293) bazalarda istifadəsiz qalıb”.

Şöbənin araşdırması müəyyən edib ki, cəmiyyət alınmış texnikanı lizinqə vermək əvəzinə “Aqroservis” (“Aqrolizinq”in rayonlarda yaratdığı strukturlar -red.) müdirlərinə, onlar da cəmiyyətin yaratdığı mexanikləşdirilmiş dəstələrin rəhbərlərinin istifadəsinə vermiş, həmin şəxslər texnikanı öz təsərrüfatlarında istifadə edib, istifadə haqqının bir hissəsini ödəməyiblər.

Nəzarət şöbəsi yazırdı: “2008-ci il avqustun 26-da “Xəzər Sənaye Quraşdırma” müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən, kombaynların təmirinə 52 274 manat pul köçürülüb. Sənədlərdən belə məlum olur ki, həmin müəssisə 33 rayonda 250 kombaynı cəmi üç günə təmir edib. Bu hal və təmirə dair aktların telefon məlumatları əsasında ASC-də tərtib edilməsi onların doğruluğuna şübhələr yaradır”.

Həmin hesabata əsasən, “Aqrolizinq” 2005-2009-cu illərdə Azərbaycana 100,1 milyon manat dəyərində 8085 ədəd texnika gətirdiyini bildirir. Qanuna əsasən, ölkəyə gətirilən mallar gömrükdən keçməlidir. Lakin Gömrük Komitəsi həmin dövrdə ölkəyə 84,9 milyon manatlıq 6089 ədəd texnika gətirilməsi haqqında rəsmi məlumat verir.

Yəni ASC rəsmi élan etdiyindən 15,2 milyon manatlıq 1996 ədəd az texnika gətirib. “Aqrolizinq” ümumilikdə son 5 ildə ölkəyə 207,6 milyon manatlıq mal gətirdiyini bildirir. Amma Gömrük Komitəsindən həmin dövrdə keçirdiyi malların dəyəri 174,5 milyon manat olub. Beləliklə, ortada 33,1 milyon manat fərq yaranır.

2005-2009-cu illərdə 254,8 min ton gübrə, 294,3 min litr pestisidin alınması haqqında müqavilələrə 72,7 milyon manat xərclənib. Amma faktiki olaraq ölkəyə 5,3 min ton az gübrə gətirilib.

2008-ci ildə alınmış gübrənin böyük hissəsi satılmadığı halda birinci müqavilədən təxminən iki ay sonra “gübrəyə təcili tələbat yaranması” əsas gətirilib. Bu əsasla da tonu 550 manata (əvvəlki müqavilədən 123 manat baha) 18162 ton gübrə alınması haqqında eyni şirkətlə birbaşa müqavilə bağlanıb, şirkətin hesabına 10 milyon manat köçürülüb.

Beləliklə, dövlətin kəndliyə güzəştlə gübrə verilməsi üçün ayırdığı puldan kəndli deyil, gübrəsatan xarici şirkət qazanc götürüb.

2008-ci ildə 1000 baş cins inək alınmasına dair Böyük Britaniyanin “Rista Alliance” şirkəti ilə 3 milyon manatlıq müqavilə imzalanıb. Amma ölkəyə 770 baş inək gəlib çıxıb.

ASC 2005-2010-cu illərdə 127,7  milyon manat məbləğində 91 tendersiz müqavilə imzalayıb. Satınalmalar üzrə 140 milyon manat məbləğində 66 müqaviləni isə birbaşa texnika, avadanlıq, damazlıq mal-qara, gübrə, toxum istehsalçıları ilə yox, Marşal, Virciniya adaları, Panama, Beliz, Yeni Zelandiya, Dominikan və başqa ölkələrdə qeydiyyatda olan vasitəçi firmalarla bağlayıb. Təkcə Virciniya adalarında qeydiyyatda olan “Aqroinvest Sl” şirkətindən 61,7 milyon manatlıq gübrə alınması üçün 7 müqavilə imzalanıb”.

O vaxt Dövlət Nəzarət Şöbəsinin “Aqrolizinq”də üzə çıxardığı çoxsaylı ciddi korrupsiya faktlarına dair arayışın Prezident Administrasiyasına təqdim olunduğu bildirilsə də, bu hesabat əsasında hansı addımların atıldığı məlum olmadı.

Hər halda 2007-ci ildən “Aqrolizinq” ASC-nin idarə heyətinin sədri vəzifəsində çalışan Əli Bayramova toxunulmadı. Keçmiş kənd təsərrüffatı naziri, indi baş nazirin müavini İsmət Abbasovun onu qoruduğu bildirildi.

2013-cü ilin oktyabrında kənd təsərrüffatı naziri dəyişdikdən, nazir vəzifəsinə Heydər Əsədov gəldikdən sonra da uzun müddət Əli Bayramova toxunulmadı. Əvəzində “Aqrolizinq” ASC-də əvvəllər Heydər Əsədovun rəhbərlik etdiyi Hesablama Palatası ciddi yoxlamalara başladı. Hesablama Palatasında may ayının sonlarında keçirilən kollegiya iclasından sonra yayılan məlumatdan isə məlum oldu ki, “Aqrolizinq” ASC-də ciddi qanunsuzluqlar aşkarlanıb. Məlumatda bildirilirdi ki, “Aqrolizinq” ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq, nəzarət tədbiri üzrə yoxlama materiallarını Baş Prokurorluğa göndərmək qərara alınıb.

Hesablama Palatasının “Aqrolizinq” ASC-də konkret hansı talama və korrupsiya faktlarını üzə çıxardığı barədə məlumat verilməsə də, söhbətin hər il 10 milyonlarla manat vəsaitin mənimsənilməsindən, təyinatından yayındırılmasından getdiyi məlumdu.

Təsadüfi deyil ki, bu məlumat yayıldıqdan az sonra “Aqrolizinq” ASC-nin sədri Əli Bayramovun öz ərizəsi ilə işdən getdiyi, hətta müalicə adı ilə ölkədən çıxdığı məlum oldu. Onun, haqqında tezliklə cinayət işinin qaldırılacağını və həbs olunacağını bildiyi üçün ölkədən qaçdığı bildirildi.

Düzdür, bir müddət sonra Əli Bayramovun qaçması barədə xəbərlər təkzib edildi. Ancaq vəzifəsindən çıxarıldığı təsdiqləndi.

“Aqrolizinq” ASC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin talanması ilə bağlı Hesablama Palatasının üzə çıxardığı faktlar isə Baş Prokurorluqda araşdırılmağa başlandı. İlk həbs olunan “Aqrolizinq” ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri oldu. Cavanşir Qurbanovun “Aqrolizinq” ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edib, təxminən 1 milyon manata yaxın dövlət vəsaitini mənimsədiyi məlum oldu.

Bundan sonra "Aqrolizinq" ASC-nin müxtəlif rayonlar üzrə filiallarında ciddi qanunsuzluqların aşkarlandığına dair məlumatlar yayıldı, həbslər aparıldı. Ancaq nə qədər qəribə də olsa, Əli Bayramov istintaqa cəlb olunmadı. Hər halda bu barədə hər hansı məlumat verilmədi. Halbuki “Aqrolizinq” ASC-nin sədri kimi, Əli Bayramov həmin filialların və digər struktur bölmələrin fəaliyyətinə birbaşa cavabdeh olub. Onun əmri ilə filiallar hər il yoxlamaya, yəni auditə cəlb olunub, yekun akt yazılıb. Həmin aktlar Əli Bayramova təqdim olunur, o isə müvafiq qərar verib.

Yəni, filiallarda baş verən qanunsuzluqlardan Əli Bayramovun xəbərsiz olması faktiki olaraq mümkünsüzdür. Bu baxımdan onun istintaqa cəlb edilməməsi sual doğururdu.

Ancaq indi məlum olur ki, nə Baş Prokurorluq istintaqı yekunlaşdırıb, nə də Heydər Əsədov "Aqrolizinq" ASC-dən əl çəkmək niyyətindədir. Hər halda Kənd Təsərrüfatı Nazirliyinin Masallı və Salyan filiallarının, həmçinin Güzdək qəsəbəsində qoyunçuluq müəssisəsənin maliyyə-təsərrüfat fəaliyyətinin ciddi yoxlanmasından sonra cinayət işi açmaq üçün bütün materialları Baş Prokurorluğa göndərməsi belə deməyə əsas verir.

Görünür Heydər Əsədov işin filial direktorlarının həbsi ilə bağlanması ilə razılaşmaq niyyətində deyil. Daha ciddi fiqurların məsuliyyətə cəlb olunmasını istəyir. Onun bu addımı ölkə rəhbərliyindən xəbərsiz atması da inandırıcı görünmür. Ötən 10 il ərzində kənd təsərrüfatının inkişafı üçün büdcədən külli miqdarda vəsait ayrılsa da, ortada ciddi bir nəticənin olmamasına görə kiminsə cavab verməsi lazımdır. İndiki halda bunun üçün ən real namizəd kimi Əli Bayramov görünür.

Rasim Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar