«MÜĞƏNNİ» EFİRDƏN «AĞIL ÖYRƏDƏNDƏ»... - «Çələb»lə «cələb»i fərqləndirən bircə hərf itib gedər! + VİDEO

Ümumiyyətlə, çağdaş Azərbaycan televiziyalarının efiri (Az.Tv-ni çıxmaq şərtilə) üfunət saçır! Adına studiya, efir deməyə də normal tamaşaçının, tərbiyəli-mədəni insanın «ağzı ağrıyır». Lap ağ eləyiblər - utanmaqdan adlayıb, «oynayırlar». Məlum atalar məsəlini («Utanmasan, oynamağa nə var?..») təcrübədə təkrar-təkrar təsdiqləyirlər. Məsələn, birisi studiyada qəflətən necə bir «şpaqat» qayırırsa, mübarək «razvilka»sı şappıltı ilə döşəməyə çırpılır - hamı bu «lirik» şappıltıdan xoşhal olub, xanımın «istedadı»na əhsən deyir...

Digəri beyqafıl, bu dəfə mübarək ağzına bir dolça su alır və... studiyanın «hörmətli qonaq»ı olan «müğənni»nin suratına (yəni ki, sifətinə) «çiləyir»! Surat sahibi də onu «mübarək ağuşu»na alıb, kameradan uzaq xəlvət küncə çəkir. İndi daha demək çətindir - bu «aparıcı-gətirici» ilə müğənni xəlvətdə nə yapır? Həm də daha burası maraqlı deyil, çünki «ifaçı»lar bu marağa dəyməzlər...

Bir başqası studiyaya dəvət etdiyi qonaqla davaya çıxır. Qonaq da tənbəllik eləmədən, vurub «aparıcı-gətirici»ni yerə sərir!..

Çoxlu misallar gətirmək olar, amma fikrimcə bunlar da kifayət edər ki, ölkəmizdə kök salmış «efir bataqlığı» haqqında müəyyən təssəvvür yaransın. Bu tendensiya həm dövləti nəzarətin itib getməsinin, həm də ictimai nəzarətin «dərəcə Kelvin»lə ölçülməsinin birbaşa və dolayı nəticəsidir. Başqa sözlə, Azərbaycan efirində yaşanan total biabırçılıq xəstə cəmiyyətin yetişdirdiyi «azar»dan başqa bir şey deyil...

Belə bir deyim var - əsnək, əsnək gətirər. Bu gün həmin bataqlıq olaylarından daha birisi barədə məlumatla tanış oldum (

Bu dəfə «Space» televiziyası «fərqlənib». Xəbərə görə, studiyada yazar qonaqlarla, müğənni qonaq arasında «dava-qırğın» düşüb. Tərəf-müqabil qonaqlardan biri (Əziz adlı yazar) müğəninin libasından (daha doğrusu, libasın yaratdığı erotik mənzərədən) necə məst olubsa, özünü necə itirbsə, başlayıb onun paltar-pultarına «lağ eləyib», yəni ki, tənqidə-irada məruz qoyub. Bu da cüvanəzən müğənninin xoşuna getməyib. Hirslənən cüvanəzən yeriyib yazarın üstünə ki, vurub çənəsini çıxartsın. Ətrafdakılar imkan verməyiblər. Belədə, müğənni yazara tərəf bir «söz fuşəngi» buraxıb - fəxrlə deyib: «Mən müğənniyəm, bəs, sən kimsən?». Bu məqamda, Əziz müəllim lap gül vurub - bir «söz fuşəngi» də o, buraxıb: «Mən aliməm, sən q..bəsən!». Lap elə bil, «dom terpimosti» deyilən tikilidə iki... qədim peşə sahibi saçtutmadan əvvəlki mərhələdə atışır...

Deyə bilmərəm ki, belə gözəl, mədəni atmosferdə cərəyan edən belə «müalicəvi» prosesdən tamaşaçılar nə qədər zövq ala biliblər. Alanlar olubsa, təbrik edirəm! Zövq ala bilməyənlərə isə təskinlik verib, könüllərini almaq üçün məşhur qazax şairi Oljas Süleymanovdan xırdaca bir misal gətirmək istəyirəm. «Az-Ya» kitabında şair «alim» və «fahişə» məsələsinə toxunub, yazır ki, qədim türklərdə alimə «çələb» deyərmişlər. Ərəb dilində isə bir «cələb» sözü var - «fahişə» deməkdir. Yəni ki, alimlə fahişəni bircə hərf fərqləndirir...

Xəbəri oxuyan kimi, düşündüm - axı müğənninin studiyada nə işi var ki, insanlara dərs keçib, ağıl öyrətsin? Qoy, gedib orda-burda oxuyub-çalsın - sənəti ilə məşğul olsun.

Alimin müğənni ilə yanaşı oturub, onun çərənləməsinə qulaq asmasına nə ehtiyac var ki? Alimdirsə, qoy elmi ilə məşğul olsun. Müğənni ilə alimi bir masa arxasında oturdub döyüşdürən televiziya isə lap həpənddir ki, durub!

Bu cızmaqaramı mərhum şairimiz, rəhmətlik Qabilin məşhur şerindən bir misra ilə bitirmək istəyirəm:

«Muğan həsrət yağışa,

Buludlar xəsis...

Yağış tökür Talışa,

Hey-hey gərəksiz...

Gərəksiz oluruq biz,

Səhv düşəndə yerimiz.»

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar