İLHAM ƏLİYEVİN BÖYÜK PLANI - Prezident risqə gedir!

Dövlət başçısı azad seçki öhdəliyi götürüb və əməl edir, prosesin təminatçısı Səfər Əbiyevdir!

«Bu il Azərbaycada prezident seçkiləri tamamilə fərqli şəkildə keçiriləcək. Dövlət başçısı İlham Əliyev növbəti dəfə prezident olmaq üçün nə inzibati resurslardan, nə də ənənəvi üsullardan istifadə edəcək. Bununla bağlı Qərbin bir sıra dairələri ilə, xüsusən də ABŞ Administrasyası ilə hələ seçki prosesinə start verillməzdən xeyli əvvəl başlayan və son aya qədər davam edən uzunmüddətli müzakirələrdə konkret öhdəliklər müəyyənləşdirilib. İlham Əliyevin bu öhdəliklərə əməl edəcəyi isə şübhə doğurmür».

Bu sensasion məlumat «AzPolitika.info»-ya kifayət qədər ciddi dairələrdən sızdırılıb.

İLHAM ƏLİYEV GERİ ÇƏKİLMƏK İSTƏYİB, AMMA...

Mötəbər qaynağımızın məlumatına görə, Azərbaycandakı siyasi proseslərə müəyyən təsir gücü olan beynəlxalq dairələr, xüsusən ABŞ uzun müddət İlham Əliyevin ücüncü müddətə prezident olmaq üçün seçkiyə namizəd kimi qatılmasına müsbət yanaşmayıblar. Hətta sabiq dövlət katibi Hillari Klintonun Bakıya Ağ Evin nə İlham Əliyevin özünün, nə də ailə üzvlərindən kiminsə seçkiyə qatılmasını istəmədiyi mesajını çatdırmaq üçün gəldiyi bildirilirdi. Klintonun prezidentə ABŞ-ın onun fəaliyyətindən razı qaldığını söyləməklə yanaşı, üstüörtülü şəkildə hakimiyyəti dinc və demokraik yolla «xalqdan səs ala biləcək istədiyi birinə» ötürməyi təkif etdiyi də verilən məlumatlar sırasında idi. İlham Əliyevin özünün və ailəsinin təhlükəsizliyinə, eləcə də gələcək ictimai-siyasi fəaliyyətinə isə beynəlxalq təminat vəd edilib.

Mənbə İlham Əliyevin də bu təklifə «yox» demədiyini bildirir. Namizədliyi irəli sürülən günə qədər İlham Əliyevin seçkilərdə iştirak edəcəyini bircə dəfə də bəyan etməməsi, hətta YAP-ın qurultayında verilən qərardan o qədər də məmnun qalmadığını nümayiş etdirməsi də bununla bağlanır. Yəni, belə iddia olunur ki, son günlərə qədər İlham Əliyev hakimiyyəti ətrafından demokraik yolla «xalqdan səs ala biləcək birinə» ötürmək niyyətində olub...

«KÖHNƏ QVARDİYA»NIN İSRARI VƏ HƏDƏSİ

Ancaq bu zaman heç bir halda mövcud status-kvonun dəyişməsində maraqlı olmayan «köhnə qvardiya»nın müqaviməti ilə rastlaşıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılığı ilə «köhnə qvardiya» (Bəylər Əyyubov, Vasif Talıbov, Ramil Usubov, Kəmaləddin Heydərov və digərləri) İlham Əliyevdən israrla hakimiyyətin namizədi olmağı tələb ediblər. Əks halda oliqarxlardan birinin (onun kim olduğu təxminən məlumdu-müəl.) hakimiyyətin namizədi olaraq seçkiyə qatılacağını və ənənəvi üsullarla onun qalib elan olunacağını bəyan ediblər. Yəni, «köhnə qvardiya» Qərbin təklif etdiyi, İlham Əliyevin də razılaşmağa meyilli olduğu hakimiyyətin demokratik yolla indiki iqtidara yaxın şəxslərdən birinə ötürülməsi «proyektini» qəbul etməyib. Onlar prezident «bizim içimizdən bir olmalıdır» mövqeyindən çıxış ediblər. Bununla açıq mesaj veriblər ki, «prezidenti ənənəvi üsullarla biz secməliyik, o da bizim mövqelərimizə toxunmamalı, bizimlə işləməlidir».

Yeri gəlmişkən, Fransada məskunlaşan Elşad Abdullayevin birdən-birə videolar və müraciətlərlə meydana çıxmasının da, Mehdiyev və ətrafına təzyiq məqsədi daşıdığı ehtimal edilir. Bu yolla onları siyasi proseslərə müdaxilədən kənarlaşdımaq, ən azı Mehdiyevi təkləmək hədəfi düşünülsə də, «köhnə qvardiya» «xaç atasının» təlimatları əsasında hərəkət etməyi davam etdirib.

BRÜSSEL SƏFƏRİNİN PƏRDƏARXASI

Belə bir vəziyyətin yaranması isə, həm İlham Əliyevin, həm də Qərbin planlarının dəyişməsinə səbəb olub. Prezident Qərbə özünün çəkilməyə hazır olduğunu, ancaq bu halda seçkilərin demokratk keçəcəyinə təminat verə bilməyəcəyini bildirib. İlham Əliyev özünün namizəd olmayacağı halda poseslərə təsirinin azalacağını, mühafizəkarların ənənəvi yolla oliqarxlardan birini prezident edəcəyini söyləyib.

Məhz bundan sonra Qərbdən İlham Əiyevin preziden seçkilərində iştirakına razılıq verilib. Ancaq bu dəfə onun üzərinə başqa öhdəliklər qoyulub. İddiaya görə, İlham Əliyevin namizəd olduqdan az sonra Brüsselə çağırılmasının əsas səbəblərindən biri də orda yeni situasiyanın müzakirəsi zərurəti olub.

Qərbin İlham Əiyevdən əsas tələbi isə seçkilərin demokratikliyinin maksimum təmin edilməsi, özünün inzibati resurslardan istifadə etməməsi və müxalifətin namizədlərinə heç bir problem yaratmaması olub.

Belə şərt qoyulub ki, səsvermənin nəticələrinə görə, əgər müxalifətin namizədi qalib gələrsə İlham Əliyev onu təbrik edib hakimiyyəti təhvil verməlidir.

Yox, əgər İlham Əliyev özü qalib gələrsə, demokratik seçkiləri udmuş prezident olaraq, qısa müddətdə ciddi kadr dəyişikliklərinə, geniş siyasi və iqtisadi reformalara getməlidir. Əsas məqsəd siyasi hakimiyyəti oliqarxiyanın təsirindən qurtarmaqdır.

İLHAM ƏLİYEV DEMOKRATİK SEÇKİLƏRƏ GEDİR!

Mənbə məhz bu səbəbdən «köhnə qvardiya» təmsilçilərinin seçki prosesindən kənarda saxlanıldığını bildirir. Prezidentin tapşırğı ilə Ramiz Mehdiyevin, eləcə də oliqarxların seçki ilə bağlı icra hakimiyyətlərinə və seçki komissiyalarına hər hansı şəkildə tapşırıq verməsi qadağan olunub.

Seçkidə müxalifətdən olan namizədlərin iştirakına da ciddi maneələrin yaradılmadığı müşahidə olunur. Yerlərdəki məmurların bəzi özfəaliyyətini nəzərə almasaq, nə Cəmil Həsənlinin, nə də İlqar Məmmədovun imzatoplama kampaniyasına maneçilik törədilmədi. Təsadüfi deyil ki, Milli Şuranın üzvü Mehman Əliyev imzatoplama kampaniyasının problemsiz keçdiyini bildirib: “Birinci dəfə idi ki, Azərbaycanda seçki ilə bağlı imzatoplama kampaniyası normal şəkildə həyata keçirildi və heç bir maneçilik törədilmədi. Demək olar ki, Azərbaycan hakimiyyəti indiki halda dediyi sözə əməl edib”.

Yeri gəlmişkən, kifayət qədər məlumatlı insan olan M.Əliyev də ABŞ-ın hakimiyyətin (oxu prezidentin-müəl.) qarşısında bir sıra tələblər qoyduğunu və onların bəzilərinin həll olunduğunu, digərlərinin də həllinin vəd edildiyini bildirib.

Yəni, lham Əliyev şəffaf mübarizəyə dair götürdüyü öhdəliklərə, hələ ki, əməl etməkdədir.

Proseslərin bu istiqamətdə getməsinə «köhnə qvardiya»nın ciddi müqavimət göstərəcəyi də istisna olunmur. Xüsusən, səsvermə günü müxalifətin namizədinin qalib gələcəyi elan olunarsa, «köhnə qvardiya»nın buna reaksiyasının necə olacağını proqnozlaşdırmaq çətindir.

SƏFƏR ƏBİYEV PROSESİN TƏMİNATÇISI ROLUNDA!

Buna görə də demokratikləşmə prosesinin təminatçısı rolunda çıxış etməsi nəzərdə tutulan ordu rəhbərliyi ilə də ciddi təmaslar qurulur. Səfər Əbiyevin ABŞ-a dəvət olunması, yüksək səviyyədə qarşılanması da bununla bağlanır. Əbiyevin üzərinə ordu daxilində səsvermənin şəffaflığını təmin etmək, lazım gələrsə İlham Əliyevi və ya yeni seçilən prezidenti müdafiə etmək öhdəliyinin qoyulduğu da verilən məlumatlar sırasındadır.

Qeyd edək ki, hadisələrin bu istiqamətdə inkişafı artıq «köhnə qvardiya» daxilində narahatçılığa səbəb olub. Bir müddət əvvəl Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin Qəbələdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, fövqəladə hallar nazir Kəmaləddin Heydərovun və onlara yaxın bir neçə şəxsin (Bir qədər də konkretləşdirsək, hakimiyyətdəki “Naxçıvan klanı”nın rəhbərlərinin-red) qatıldığı məclisdə işlətdiyi ifadələr də bunu təsdiqləyir. Xatırladaq ki, məclisin gedişində əhval-ruhiyəsi yüksələn Elçin Quliyev, Mehdiyevin şərəfinə uzun tost deyərək, onu xeyli təriflədikdən sonra bildirib ki, «Gərək prezident Ramiz müəllimə qarşı haqsızlıq etməyəydi. Ramiz müəllim bizim hamımızın ağsaqqalıdı...»

Elçin Quliyev daha sonra ayağa duraraq məclisdəkilərə «mən təklif edirəm bu badələri ayaq üstə Ramiz müəllimin sağlığına içək» deyə müraciət edib. AzPolitika.info-ya mötəbər mənbələrdən daxil olan məlumata görə, MTN başçısı Eldar Mahmudov Sərhəd Xidməti komandanının bu senzurasız tostunun stenoqramını prezidentə təqdim edib, nəticədə sərhədçilərin peşə bayramı günü «matəm əhval-ruhiyyəsində» keçib.

«KÖHNƏ QVARDİYA»NIN İNTENSİVLƏŞƏN MƏSLƏHƏTLƏŞMƏLƏRİ

Bizə verilən məlumatlara görə, son vaxtlar «köhnə qvardiya» təmsilçilərinin intensivləşən ikili, üçlü görüşləri də hadisələrin onlar üçün arzuolunmaz istiqamətdə inkişaf etməsi ilə bağlıdır. Bu görüşlərin bir çoxu isə gizli və təkbətək olur. Məsələn, bu yaxınlarda, bir qədər də konkretləşdirsək, sentyabrın 7-də «köhnə qvardiya»nın iki aparıcı şəxsinin (onların adları bizə məlumdur, ancaq müəyyən səbəblərdən ad çəkmirik-müəl.) helikopterlə rayonlardan birinə uçaraq, heç kimi, hətta mühafizəçilərini belə yaxına buraxmadan meşənin dərinliyində yerləşən villada 3-4 saata yaxın söhbət etdikləri haqda dəqiq məlumatlar var. Onların bura niyə gəldiklərini heç yaxın ətrafları da bilməyib. Ehtimal olunur ki, söhbət məxfi olduğundan, dinlənməmək üçün xəlvətə çəkiliblər.

Qeyd olunanlara əsasən, İlham Əliyevin Qərblə birlikdə «köhnə qvardiya»nı pat vəziyyətində qoyan Böyük Planı həyata keçirdiyini söyləyə bilərik. Bu plana görə, son sözü xalq deyəcək; ya İlham Əliyevi yenidən prezident seçəcək, ya da prezidentini dəyişəcək!

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar