Bakıdan 10 milyon manatla qaçan iş adamı haqda ŞOK MƏLUMATLAR

Xəbər verdiyimiz kimi, “Birlik-İnşaat” MMC və “Hayan-E” MMC-nin rəhbəri Elman Tağıyev barəsində axtarış elan edilib. 1963-cü il təvəllüdlü E.Tağıyev Cinayət Məcəlləsinin 178-ci - dələduzluq, 308-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 318-ci - Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə və 213-cü - vergidən yayınma maddələri ilə təqsirli bilinir. E.Tağıyevin adı “Yeni Müsavat” oxucularına 2013-cü ildən tanışdır. Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin əmisi oğlu olan E.Tağıyevin 210 mənzili 543 nəfərə təkrar satdığını 3 il əvvəl yazmışdıq. Vətəndaşlara ümumilikdə 10 milyon manatdan çox ziyan vuran E.Tağıyev və onun ətrafında olan şəxslərin qanunsuz hərəkətləri ilə bağlı başlanmış cinayət işinə 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı.

Qeyri-obyektiv, qanun pozuntuları ilə keçirilən məhkəmə proseslərində zərərçəkənlərin haqlı mövqeyi hakimlər tərəfindən süngü ilə qarşılanırdı.

“Yeni Müsavat” 15 dekabr 2013-cü il tarixli sayında “Məhkəmə vətəndaşlara 10 milyon ”atan" sahibkarı müdafiə edir" sərlövhəli yazı dərc edilmişdi.

Birlik İnşaat” rəhbəri Elman Tağıyevin əməllərindən zərərçəkən vətəndaş Şaiq Aqil oğlu Həsənov redaksiyamıza müraciət edərək bildirmişdi ki, məhkəmə Elman Tağıyev barəsində seçilən həbs-qətimkan tədbirini müəmmalı şəkildə ev dustaqlığı ilə əvəzləyib. Ş.Həsənov iş üzrə təqsirləndirilən Eyvaz Fərəcovun saxlanıldığı təcridxanada müəmmalı şəraitdə öldüyünü də qeyd etmişdi.

Həmin yazıdan sitat: “İttiham aktından və məhkəmə prosesinin gedişatından da tam sübuta yetirilir ki, 543 nəfərin MMC-yə ödədiyi pulların təxminən 95-96 faizi birbaşa Elman Tağıyevə, 3-4 faizi baş mühasib işləmiş Roza Maniçayevaya, təxminən 1 faizi isə barəsində həbs-qətimkan tədbiri seçilmiş digər 3 nəfərə verilib. Elman Tağıyevin daşınan və daşınmaz əmlakları təxminən 3 milyon 500 min manat civarında dəyərləndirilib. Elman Tağıyevin doğma qardaşı Məhərrəm Məhərrəmov Baş Prokurorluğa Abşeron rayonu, Xırdalan şəhəri, Axundov küçəsi 39 ünvandakı çoxmərtəbəli yaşayış binasının tikintisi ilə bağlı zaminlik ərizəsi ilə müraciət edərək, binanın 18-24 ay müddətində yüksək keyfiyyətlə tikib 210 nəfər zərərçəkmiş şəxslərə verilməsini öz üzərinə götürüb. Lakin 24 ay müddəti bitsə də, binada heç bir iş görülmədi.

Elman Tağıyev də 24 ay müddətində zərərçəkmişlərə dəymiş maddi və mənəvi ziyanın yalnız və yalnız 0,5 faizini ödəməklə işini bitmiş hesab etdi. 112006054 saylı cinayət işi istər Baş Prokurorluqda, istərsə də Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-obyektiv aparılıb, təqsirləndirilən Elman Tağıyevin daşınan və daşınmaz əmlakları tam qeydiyyata alınmayıb, məhkəmə prosesi zamanı zərərçəkmişlərdən mənimsənilən 7 milyon manat pulun qaranlıq taleyinə aydınlıq gətirilmir. Hətta 7 milyon manatla bağlı Elman Tağıyevə suallar verildikdə hakim Novruz Kərimov hər dəfə narahatçılıq hissi keçirdi. Çünki onun savadsız və çılğın olduğunu bilirdi və deyirdi ki, Elman ağzına gələn sözü deyə bilər, amma bütün bunlar nəzərə alınmayacaq və protokola qeyd olunmayacaqdır!

Mən də dəfələrlə bildirmişəm ki, əgər bu sualla bağlı Elman Tağıyevin verdiyi cavab nəzərə alınmırsa və protokola qeyd olunmursa, onda nə üçün ona bu sual verilir, çox yaxşı olardı ki, bu sual onun doğma qardaşı, məmur Məhərrəm Məhərrəmova verilsin. Çünki Məhərrəm müəllim Baş Prokurorluqda yaşayış binasının tikintisi ilə bağlı zaminlik vərəqəsinə imza atmaqla faktiki olaraq zərərçəkmişlərə dəymiş 7 milyon manat pulun altına girib. Lakin həmin ünvanda iş görmək əvəzinə Bakı şəhərinin müxtəlif ərazilərində yüksək mərtəbəli binalar tikdirir”.

Ş.Həsənov bildirmişdi ki, hakim zərərçəkmişlərin uzunmüddətli və qətiyyətli tələbindən sonra nəhayət ki, 18 noyabr 2013-cü ildə M.Məhərrəmovu məhkəməyə çağırıb. Lakin hakim Novruz Kərimov onun qonaq qismində çağırıldığını bildirməklə suallara cavab verməsini əngələmişdi.

Hazırda aktual olan suallardan biri də ölkədən qaçaq düşən E.Tağıyevin əvəzinə binaların tikintisini başa çatdırmaq öhdəliyini götürən M.Məhərrəmliyə qarşı istintaq orqanlarının hərəkətə keçməsi ilə bağlıdır. Mövzuya qayıdacağıq. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar