Cahangir Hacıyevin çeçen şərikindən 319 milyonluq iddia

Beynəlxalq Bankın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) nümayəndəliyinin rəhbəri Adil Hüseynov həbs olunarkən bəlli oldu ki, onun faktiki vəzifəsi BƏƏ-nin Fuceyrə əmirliyində inşa edilən "İntertekstil" fabrikinə və "İnterstell" poladtökmə zavodunun fəaliyyətinə nəzarətdir.. O da aydın oldu ki, bu müəssisələrin sahibi "İntermet" şirkətidir. Bu şirkətin də 50 faizi çeçen əsilli Rusiya vətəndaşı Hüseyn Marayev adl şəxsin 100 faizli sahibi olduğu "Golden Bat" şirkətinə, digər 50 faizi isə Fransa vətəndaşı Xəqani Bəşirovun 100 faiz sahibi olduğu Böyük Britaniyada qeydiyyatdan keçmiş "Camelot Oil and Gaz" şirkətinə məxsusdur.

Qeyd edək ki, mayın 13-də həbs edilən Adil Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə ittiham irəli sürülüb. Onun ailə üzvləri və vəkilinin mətbuata verdiyi açıqlamalardan bəlli olur ki, Adil Hüseynov 319 milyon manat vəsaiti mənimsəməkdə suçlanır. İddia olunur ki, həmin məbləğ Beynəlxalq Bankdan kredit şəklində götürülüb. Adil Hüseynovun yaxınları və vəkili isə bildirib ki, həmin məbləğ "İntertekstil" fabrikinin və "İnterstell" zavodunun inşasına sərf olunub. Lakin bu halda da krediti götürən şəxs Adil Hüseynov olmayıb.

Bu açıqlamalardan sonra Hüseyn Marayevin vəkili mediaya açıqlamasında deyilənlərin əsassız olduğunu iddia etdi. Onun sözlərinə görə, adıçəkilən fabrik və zavodların inşası üçün ümumiyyətlə kredit götürülməyib. Guya tikinti Hüseyn Marayevin şəxsi vəsaiti hesabına baş tutub.

İstiqlal.az-a bu məsələ ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatda bildirilir ki, əslində Hüseyn Marayev fürsətdən istifadə edərək həmin zavod və fabriki ələ keçirmək üçün onların inşasına Beynəlxalq Bankdan kredit götürülmədiyini iddia edir. İş adamı düşünür ki, Azərbaycan hökuməti Adil Hüseynovdan tələb etdiyi 319 milyon manatın qarşılığında həmin zavod və fabriki ala bilər.

Elə Adil Hüseynovun yaxınları da deyir ki, hökumət 319 milyon manatı geri istəyirsə, buyursun, zavod və fabrikləri götürsün. Axı həmin pullar "İntertekstil" və "İnterstell"in inşasına sərf olunub. Hüseyn Marayev isə bir qəpik xərcləmədən şərik olduğu bu müəssisələri əldən vermək istəmir. Bu yerdə sual oluna bilər ki, ümumiyyətlə Hüseyn Marayev bu müəssisələrə necə şərik olub? İstiqlal.az-a bilgi verən mənbənin sözlərinə görə, çeçen iş adamı hakim ailə ilə qohumluq əlaqələrindən istifadə edərək sözügedən fabrik və zavodda pay sahibi olub.

Bildirilir ki, Hüseyn Marayevin hökumətin üst qatı ilə qohumluq münasibətləri olsa belə, çox da yaxın məsafəyə buraxılmadığını bilsələr də, yenə də müəyyən güzəştlər edirlər. Çeçen iş adamı isə bundan sui-istifadə edir. Məlumatlarda həmçinin deyilir ki, Hüseyn Marayev hələ "kredit qalmaqalı" ortaya çıxmamışdan əvvəl də "İntertekstil" və "İnterstell"ə sahib olmaq üçün çabalar göstərib. Onunla Cahangir Hacıyev arasında 11 məhkəmə çəkişməsi olub. Bu prosesdə Cahangir Hacıyevin nümayəndəsi kimi Adil Hüseynov iştirak edib.

Məlumatlarda o da bildirilir ki, Hüseyn Marayev hazırda Moskvada yaşayır. Onun Çeçenistanda ciddi problemləri olduğundan ora gedə bilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar