İcra başçısının oğlunun cəzası azaldıldı - Oğlu ölən ata ETİRAZ etdi

Ötən il sentyabrın 27-də paytaxtın Səbail rayonunun icra başçısı Asif Əsgərovun 17 yaşlı oğlu İlham Əsgərli tərəfindən törədilən və “Mc Donalds’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzası baş vermişdi.

13 may 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə çıxarılan hökmə əsasən, İlham Əsgərli 5 il 6 ay, onunla birlikdə mühakimə olunan, yük maşınının sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onların hər ikisi məhkəmə zalında həbs olunmuşdu.

Azadliq.info xəbər verir ki, iyunun 29-da isə Bakı Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2015-ci ildə İlham Əsgərli haqda çıxarıdığı 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasını dəyişərək, onun 3 il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edib.

Əhliman Süleymanova verilmiş 6 il müddəti isə dəyişdirilmədən saxlanılıb. Prosesə Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov sədrlik edib.

“McDonalds Azərbaycan"ın rəhbəri Maqsud Mirzəyevin hüquqlarını müdafiə edən vəkil Afət Qazıyeva Modern.az saytına açıqlamsında məhkəmə qərarına münasibət bildirib: “İyunun 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə məhkəmə prosesi oldu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə dəyişiklik elədi. Məhz İlham Əsgərli barəsində təyin olunan 5 il 6 ay cəzasını 3 ilə salındı. Biz hesab edirik ki, bu qanunsuz və ədalətsiz bir qərardır. Məhkəmə üçün heç də hamı qanun qarşısında bərabər olmadı. Digər təqsirləndirilən Əhliman Süleymanovun təqsiri İlham Əsgərlinin təqsirindən yüngül idi. Baxmayaraq ki, Əhliman Süleymanova 6 il iş kəsilib. İlham Əsgərli haqda verilən ittiham isə ağır cinayətlərə aid idi. 5 ildən 8 ilə qədər cəza nəzərdə tutulduğu halda məhkəmə onun cəzasını 3 ilə endirdi. Bu da onu göstərir ki, hamı qanun qarşısında bərabər deyil. Məhkəmə İlham Əsgərli haqda verdiyi qərarla hamının qanun qarşısındakı bərabərlik prinsipini pozdu.

Biz bu qərardan kassasiya şikayəti verəcəyik. Hansı addımlar atmaq lazımdırsa, onu edəcəyik. Çünki bu çox qanunsuz və ədalətsiz bir qərardır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar