HACI İBRAHİMDƏN ŞOK ETİRAF - "430 milyon borcum var"!

Bir müddət əvvəl tanınmış iş adamı, “Avesta” konserninin prezidenti, Hacı İbrahim Nehrəmlinin “Beynəlxalq Bank olayı” ilə bağlı ətrafında baş verən qalmaqal hər kəsə məlumdur.

Belə ki, onun Beynəlxalq Bankdan külli miqdarda (təxminən 57 milyon dollar) aldığı krediti geri qaytara bilməməsi barəsində həbs qətiimkan tədbiri seçilməsinə səbəb olmuşdu.

Ölkə medıasının yaydığı xəbərlərdə iş adamının 2015-ci il 12 may-27 may tarixləri arasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanıldığını bildirilirdi. May ayının 27-də isə Hacı İbrahim Nehrəmlinin azadlığa buraxıldığı məlum oldu.

Biznesmen elə həmin gün mətbuata verdiyi açıqlamada bütün borcunu ödədiyini və ona görə də sərbəst buraxıldığını bildirmişdi. Modern.az saytının əldə etdiyi məlumata görə, vəziyyət heç də Nehrəmlinin açıqladığı kimi deyil.

Belə ki, o, Beynəlxaq Banka olan borcunu tam şəkildə ödəyə bilməyib.

Borcunu qaytara bilməyən iş adamı ona məxsus “Xəzər Adaları”nı borcunun bir hissəsi kimi banka təklif edib.

Qiymətləndirmədən sonra “Xəzər Adaları” layihəsi üzərində Hacı İbrahim Nehrəmlinin mülkiyyətçiliyi ləğv edilib.

Qeyd edək ki, “Xəzər Adaları” hal-hazırda tikilən, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb.

Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Burada eləcədə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq). Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır.

Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir.

***

Hacı İbrahim Publika.az-a açıqlamasında deyib yayılan məlumatlar tamamilə yalan və cəfəngiyatdır. Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankında “Xəzər adaları” ilə bağlı elə böyük girovu yoxdur: “İndiyədək Azərbaycan Beynəlxalq Bankı kimin əlindən nəyi alıb ki, mənim də əlimdən nə isə alsın? Əgər Azərbaycan Beynəlxalq Bankına girov qoyulursa, o zaman bu banka ödəniləsi olan pul lazım olur, hər hansı obyekt deyil. Bank obyekti nə edəcək? Bütün bunların hamısı boş-boş söhbətlərdir, şayiədir.

Bankla heç bir problemimiz yoxdur, kreditləri vaxtında ödəyirik. Ümumiyyətlə, mən “Xəzər adaları”nı heç zaman satmaq niyyətində olmamışam. Bu şəhəri satmaq olar? “Xəzər adaları” Azərbaycan dövlətinin gələcək sərvətidir. Bu şəhəri heç zaman satmaram”.

İş adamı bildirib ki, bəzi şəxslər ona qarşı qərəzli kampaniyaları aparır: “Yalandan yazırlar ki, guya “Xəzər adaları” və digər obyektlərimi əlimdən alıblar və sairə. Bütün bunlar yalan məlumatlardır. Mənim heç bir obyektimi əlimdən almayıblar. Ölkəmizdə qanunlar işləyir. Əgər bir iş adamı banka olan borcunu vaxtı-vaxtında qaytarırsa, əksinə, bank o adama şərait yaradır. Mən isə qoyulan şərtlər çərçivəsində banka olan borclarımı vaxtı-vaxtında qaytarıram. Hələ mənim 2019-cu ilin sonunadək vaxtım var, o vaxtda qədər banka olan 430 milyon ümumi borclarımın hamısını qaytaracağam. Hazırda Azərbaycan Beynəlxalq Bankına təkcə yeni şəhərlə bağlı 50 milyon manatlıq girov qoymuşam, əlavə girovlar da tələb olunarsa, yenə də qoymağa hazırıq. Hazırda da heç bir problemim yoxdur, yüksək səviyyədə çalışırıq. Mən ötən əsrin 90-cı illərin əvvəllərində çox problemlərlə qarşılaşmışam, ancaq mən heç zaman bankrot olmamışam və bundan sonra da inşallah olmaram. Mən alnıaçıq adamam və özümə inanıram. İnşallah “Xəzər adaları” şəhərini də zamanında tikib təhvil verəcəyəm, kreditləri isə qaytaracağam və dövlətimizə faydalı olacaq. Mən dövlətini sevən, cənab Prezidentin siyasətini dəstəkləyən, bu siyasətin arxasınca gedən adamam. Biz bu yola Heydər Əliyev siyasəti ilə gəlmişik və bu siyasətlə də doğru yolda gedəcəyik”.

Hacı İbrahimin sonuncu fikirlərində bir etiraf diqqəti çəkir. O, banka 430 MİLYON (!) BORCUNUN OLDUĞUNU bildirir. Halbuki, indiyədək dəfələrlə bəyan edib ki, Beynəlxalq Banka cəmi, faizlərlə birlikdə 78 milyon kredit borcu var. Mətbuatda banka 850 milyon borcu olduğu haqda gedən məlumatları isə qətiyyətlə təkzib edirdi.

Hacı İbrahimin artıq 430 milyonu etiraf etməsi onun növbəti ifşasıdır və indiyədək ortada olan sualları bir daha aktuallaşdırır ki, Beynəlxalq Bank bu qədər böyük həcmdə krediti, heç bir girov qoyulmadan Hacı İbrahimə necə verə bilib. Bunu kim və hansı haqla təşkil edərək dövlətin 100 milyonlarla pulunu faktiki olaraq, göyə sovurub. Axı hamıya aydındır ki, "Xəzər adaları" layihəsinin həyata keçməsi qeyri-mümkündür və deməli Hacı İbrahimin mənimsədiyi 100 milyonlarla kreditin geri qayıtmasından söhbət gedə bilməz.

BƏS BU CİNAYƏTƏ GÖRƏ KİM CAVAB VERƏCƏK?

Rasim ƏLİYEV

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar