Rəşad Məcidin “O” şeirlər kitabı Milanda təqdim olunacaq

Rəşad Məcidin italyan dilində nəşr olunan “O” şeirlər kitabı Milanda təqdim olunacaq.

APA-nın məlumatına görə, şeirləri İtaliyan dilinə şair, bəstəkar, Milan Konservatoriyasının professoru Davide Qualtieri İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf Mais Nuriyevin sətri tərcüməsi əsasında çevirib.

Kitabda şeirlərin mövzusuna uyğun olaraq tanınmış Azərbaycan rəssamlarının əsərləri də yer alıb. Yeni nəşr Davide Qualtierinin Rəşad Məcidə həsr etdiyi “Körpü salırıq” şeiri ilə açılır. Daha sonra müəllif haqda geniş məlumat və Qualtierinin şeirlər haqda essesi verilib.

İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası 11-12 iyulda Milan şəhərində kitabın təqdimatını təşkil edəcək. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi tədbirlər 11 iyulda Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasında, 12 iyulda isə Milanın Palazzo Marino konfrans zalında keçiriləcək.

Tədbirlərə Azərbaycanın İtaliyadakı səfirliyi ilə bərabər Milan Konservatoriyasının tələbələri, İtaliyada yaşayan həmyerlilərimiz, ali məktəblərin professor heyəti dəvət edilib.

Təqdimat mərasiminə xalq yazıçısı Anar, akademik İsa Həbibbəyli, kitabın müəllifi Rəşad Məcid, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli, gənc yazıçılar Günel Anarqızı, Pərvin, xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi sənətçilər qrupu da qatılacaqlar.

Qeyd edək ki, ötən ilin fevralında xalq şairi Fikrət Qocanın italyancaya tərcümə olunmuş şeirlərindən ibarət kitab Milanda italyan oxucularına təqdim edilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar