Ermənistan-İran dostluğunun anatomiyası

Replikasayağı

Mirzə Yusif

“Bacılıq, ay bacılıq, gəl birləşib qardaşımıza acıq verək..."

(Qədim xalq oyunlarımızdan)

Hələ də şokdayam. Belə baxanda aradan neçə gün keçib. Amma o müdhiş xəbəri oxuyan gündən indiyəcən özümə yer tapa bilmirəm.

Söhbət xalis müsəlman qonşumuz İranın bədnam xaçpərəst qonşumuz Ermənistanla qardaşlığından (daha doğrusu, "bacılıqlığından") gedir.

Çox intizarda qoymayım sizi. Qarabağ ermənilərinə məxsus olan bir üzdəniraq internet saytı var: artsakh.tv.ru! Sayt öz oxucularını miştuluqlayır ki, bəs Ermənistan işğal olunmuş Azərbaycan ərazisində bir film çəkilişinə start verib - özü də İran kinematoqrafçılarının yaxından, fəal iştirakı ilə!

Hələ harasıdır?! Üstəlik, dönə-dönə vurğulanır ki, bu "ekran şedevri"nin əsas süjetlərinin... Şuşada çəkilməsi planlaşdırılıb...

Ermənistana elə bir sözüm yox, çünki bu əldəqayırma ölkə, sadə dillə desək, ta binədən özünü vurub arsızlığa; necə deyərlər, arı yeyib, namusu da bağlayıb belinə. Halalca torpaqlarımızda - Qərbi Azərbaycanda özlərinə dövlət düzüb-qoşduqları bəs deyil, gözəl Qarabağımızı da qamarlayıb keçiriblər əllərinə. Bu dırnaqarası qəhrəmanlığı necə, kimin vasitəçiliyi ilə etdikləri məlum məsələ olsa da, başqa bir mövzunun söhbətidir. İndilikdə belə bir fakt ortalıqdadır ki, bu köpəkuşağı Şuşada kamera-mikrofon quraşdırıb film çəkməklə bizə yanıq verir, əsəb damarlarımızı yoxlayırlar, bir növ...

Məni yandıran İrandır, bizim qanımıza, canımıza susamış Hayastanla onun cici-bacı olmasıdır. Axı, nəyə görə dünyanın bir sıra nəhəng dövlətlərinə diş qıcayan İran belə bərk-bərk yapışıb bu dığaların ətəyindən: "Getmə məndən, gedərəm özümdən."

Mən, əlbəttə ki, politoloq-filan deyiləm. Bu kiçik yazıda da məqsədim müsəlman fars qardaşlarımızın bostanına daş atmaq deyil. Sadəcə, mədəniyyət mövzusunda, xüsusən də teatr və kinodan az-çox yazıb-pozan bir qələm sahibi kimi istəyirəm anlayım: İranın rejissor və aktyorları Qarabağda, Şuşada neyləyirlər, nə gəzirlər?!.

"Torbada pişik" məsələsinə oxşamırmı bu?

İran ilə Ermənistan arasında isti münasibətlərin olması bu günün söhbəti deyil. Bu mehribançılıq SSRİ-nin dağıldığı dönəmlərdən başlayıb və son zamanlarda daha geniş vüsət alıb. Ələlxüsus, ticari-iqtisadi əlaqələr durmadan güclənməkdə... Nə deyirik, Allah bazarlarını versin!

Lap elə, tutalım, bu müsəlman qardaşlarımız işvəli-nazlı erməni gözəlçələrinə bərk aşiq olduqları səbəbindən bir ayaqları Yervandadır. Ya bəlkə... Xub, başa düşdük. Özləri bilən məsləhətdir, bizim onların daxili işlərinə qarışmağa nə haqqımız var, nə də həvəsimiz.

Amma söhbət bu bacılıqların Qarabağ ərazisində, Şuşada işbirliyi qurmalarından gedirsə, qoy bizi bağışlasınlar, bu məsələdə susmağın heç yeri yox!

Axı, İran İslam Respublikasının rəsmiləri Qarabağ münaqişəsindən söz düşəndə daim Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, dövlətimizə, millətimizə əlahiddə hörmətləri olduqlarını bəyan edirlər. Elə isə bu nə komediyadır, göstərirlər belə?!

Bu yerdə bir haşiyə çıxmağı lazım bilirəm: Qeyri-rəsmi məlumata əsasən, 80 milyondan artıq əhalisi olan İranda 35 milyona yaxın azərbaycanlı, 8 milyon kürd, 1,3 milyon ərəb və 1 milyona yaxın erməni yaşayır. Bu etnik azlıqlardan yalnız ermənilərin ana dilində məktəbləri var (?!).

İrandakı ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır, ali məktəblərdəki erməni dili fakültələrində oxumaqlarını davam etdirirlər.

Halbuki İran konstitusiyasının 15-ci və 19-cu maddələrinə uyğun olaraq ölkədə yaşayan bütün etnik azlıqlar öz ana dillərində təhsil almalı, farslarla eyni vətəndaşlıq hüquqlarına malik olmalıdırlar.

Qonşu İranın Ermənistanla ifrat dərəcədə bacılıqlığı ən yaxın qonşu ölkələrdə haqlı olaraq birmənalı qarşılanmır. Di gəl ki, obrazlı şəkildə desək, hər şey gün kimi aydındır. İran gecə-gündüz Azərbaycanın əleyhinə işləyir, onun regionda qüdrətli dövlət kimi qəbul edilməsini həzm edə bilmir.

İranın Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti heç bir bəhrə verməyib, verə bilməz də! Ona görə ki, dünya kimin kim olduğunu yaxşı bilir və yeri gəldikcə hər kəcə öz layiq olduğu yerini göstərir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar