Telekanallardakı hüştürüngülük

Nurəddin İSMAYIL

Televiziya kanallarında baş alıb gedən yaramazlıqlar, tamaşaçı zövqünü, istirahətini pozan, evlərə girib ailələrin əsəbi ilə oynayan verilişlər istər onu izləyən çoxsaylı aiditoriya, istərsə də KİV üzrə mütəxəssislər tərəfindən ciddi narahatlıqla qarşılanır. Təbii ki, baş verən anormallıqların, efirdəki tərbiyəsizliklərin, əxlaqsız hərəkətlərin köklü səbəbləri var və iyrənc nəticələr doğuran bu səbəblər aradan qalxmayınca teleizləyiciləri diskindirən, onların yaddaşında sağalmaz yaralar buraxan bu naqisliklərdən can qurtarmaq barədə danışmaq absurd olar.

Diqqət yetirsək, məsələnin kökündə milli mənlik şürunun deqradasiya olunması, KİV haqqında qanunun tələblərinin yerinə yetirilməməsi, televiziyanın siyasi hakimiyyətin monopoliyasında qalması, sağlam rəqabətin cılız küçə savaşları ilə əvəzlənməsi, alternativ informasiya kasadlığı, milli teleradio şurasının bu cür verilişlər üzərində monitorinq aparmaması, arxasında hansısa məmurun dayandığı qeyri-peşəkarların telefirdə at oynatması, aparıcılar arasında məsuliyyətsizliyin, savadsızlığın hökm sürməsi kimi faktlar əsas yer alır.

Əgər hər hansı bir veriliş ictimai qınağa çevrilibsə, tamaşaçıda hiddət doğurubsa və teleradio şurası bu veriliş barədə ölçü götürmür, aparıcı və ya səhnəyə dəvət olunan müğənni nümayiş etdirdiyi yaramazlıqlara görə cəzalanmırsa, təbii ki, onların ayağı növbəti ədəbsizliyə yer alır. Milli mənlik şüurunun daşıyıcısı olan kəs heç vaxt on minlərlə tamaşaçı qarşısında millətin heysiyyətinə toxunan, milli adət-ənənələrimizlə bir araya sığmayan əxlaqsız hərəkətlər etməz. Milli mənlik şüurunun hakim olduğu toplumda milli mənliyi şübhə altında olan insanlar teleməkana buraxılmaz. Lakin təəssüflə qeyd edilməlidir ki, Azərbaycan telekanallarının əksəriyyəti savadsız, məsuliyyətsiz, yüngül-çəkisiz, nitq mədəniyyətindən uzaq aparıcıların, müğənnilərin, şou-biznes oyunbazlarının rahat oylağına çevrilib və onlar ar, namus bilmədən istədikləri yaramazlıqları etməkdən çəkinmirlər.

Çoşqun ehtirasla şpaqat atan, efir vaxtı ağzına su doldurub müğənni R.Rəhimlinin üzünə püskürdən, ət tökən verilişini Xocalı soyqırımından üstün tutub tamaşaçıya Xocalı soyqırımını yaddan çıxarmağı tövsiyyə edən ATV-nin məşhur aparıcısı M.Əliverdiyevanın hərəkətlərinə səviyyəsizlikdən, məsuliyyətsizlikdən başqa nə ad vermək olar? Milli matəmlər unudulmaq üçün deyil, ibrət götürmək, sənə bu matəmi yaşadan düşməndən qisas almaq üçündür. Sonradan səhnəyə çıxıb, timsahın göz yaşları qaydasınca yaş axıtmağa yer yoxdur və kimliyindən asılı olmayaraq bu cür hüştürüngü hərəkətlərə görə layiqli cəzasını almalıdır ki, başqalarına görk olsun.

Son günlər ən çox müzakirə obyektinə çevrilən, çoxsaylı televiziya tamaşaçılarında hiddət doğuran xoşagəlməz hadisələrdən biri “Spase” kanalında yayımlanan “Günaydın” verilişində alim adı ilə çıxış edən Ə. Musa ilə müğənni M.Əsədova arasında yaranan ədəbsiz savaşdır. On minlərlə tamaşaçı qarşısında müğənniyə üzünü tutaraq ona fahişə deməklə özünü kişilər sırasına qoşmaq istəyən Ə.Musa “nəslində mənim kimi qeyrətli kişi yoxdur” deyən müğənni Manafın təpkisi ilə qarşılandığını görüb üzürdə bulunur və daxil olduğu kişilər sırasından dərhal da xaric olmaq zorunda qalır. Sanki Azərbaycan insanının bunların səviyyəsiz, tərbiyəsiz verilişlərini, atışmalarını, bir-birilərinə təhqir yağdırmalarını izləməkdən başqa bir dərdi yox imiş.

İyirmi beş ildir müstəqil dövlətik. Müstəqil dövlətin digər sahələrdə olduğu kimi televiziya sahəsində də müstəqil siyasəti olmalıdır. Elə bir siyasət ki, orada əksini tapan hər bir veriliş millətin simasını, istiqlal tarixini, azadlıq duyğularını, qədim mədəniyyətini, çağdaşlığınlı, şənliyini, incə yumor hissini, ciddiyyətini, tarixi keçmişini, vətəndaşlıq ləyaqətini, qanuna bağlılığını, ədalət hissini, döyüşkənliyini, mübarizə ruhunu və nəhayət milli və demokratik dəyərlərə sadiqliyini aşılaya bilsin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar