PUTİNİN YENİ MƏXFİ SİLAHI - Qərb bundan qorxmalıdırmı?

“Moskva seçdiyi hədəfi yüksək dəqiqliklə tək-tək zərbələrlə vurub sıradan çıxara biləcək”

Yayılan məlumatlara görə, bu ilin fevral ayında Rusiyada yeni hipersəs (yəni səsdən qat-qat sürətli) uçuş aparatı sınaqdan çıxarılıb. Həyata keçirilən bu sınaq, Moskvanın strateji və taktiki nüvə silahı planının tərkib hissəsi hesab edilir. Aylıq “Janes Intetelligens Review” jurnalının hazırladığı məruzəyə əsasən, Rusiya artıq bir neçə il ərzində məxfi layihə kimi “Yu-71”(Ю-71) aparatının yaradılması üzərində işləyib. (The Diplomat)

Bu yaxınlarda Rusiyanın şərqində yerləşən Dombarovski poliqonunda həyata keçirilən sınaqlardan biri də 100 kilometr hündürlükdən qitələrarası ballistik “UR-100H” (NATO təsnifatına görə SS-19) raketinin gövdəsindən hipersəs uçan aparat buraxılması olub.

“Janes İntellegence Review”-in məlumatına görə, hələlik bu sınaq uğursuz alınıb. Lakin məruzədə o da deyilir ki, belə bir sistemin işləyəcəyi təqdirdə hipersəs aparatları hal-hazırda mövcud olan istənilən raket əleyhinə müdafiə sistemini tamamilə yarıb keçə biləcək. Belə güman olunur ki, 2020-2025-ci illərdə Rusiya öz ordusunu 24 ədəd hipersəs uşuş aparatları ilə təchiz etmək niyyətindədir.

Sözügüdən məruzədə bildirilir: “Görünür ki, Rusiya həm nüvə başlıqları və həm də adi başlıqlı mərmilər daşıya biləcək hipersəs sistemlərini hazırlamağı planlaşdırır. Bu isə onlara kiçik ölçülərə malik mərmiləri daha uzaq məsafələrə apara bilmək imkanı verəcək. İstənilən mövcud raket əleyhinə müdafiə sistemlərini susdurmaq qabliyyətinə malik silahın yaradılması nəticəsində, Moskva seçdiyi hədəfi yüksək dəqiqliklə tək-tək zərbələrlə vurub sıradan çıxara biləcək”.

Gələcəkdə “YU-71”-ləri daşıya biləcək raketlər kimi qitələrarası ”Sarmat” ballistik raketlərindən istifadə etmək nəzərdə tutulur. Bu strateji komplekslərin köməyi ilə 10 ədəd ağır, 15 ədəd isə yüngül döyüş başlığının daşınması mümkün olacaq.

Rusiya KİV-lərinin məlumatına görə, bu tip startejli qitələrarası ballistik raketlərin 2020-ci ilədək Rusiya raket qoşunlarının sıralarına təhvil verilməsi qarşıya məqsəd qoyulub.

Bəs, ”YU-71”-i bu cür potensial təhlükəli ölümcül silah edən səbəb nədir?

Əgər bu suala qısaca cavab vermək olarsa, onda deyə bilərik ki, həmin silahın təhlükəli tərəfi onun sürəti, uçuş məsafəsinin uzunluğu və uçuş trayektoriyasının çətin müəyyənləşdirilməsidir. Daşıyıcı raket lazımı hündürlüyə çatandan sonra, ”Yu-71” hədəfə doğru buraxılmalıdır. Buraxılışdan sonra isə “Yu-71” uçuş aparatı səsdən on dəfədən artıq sürətlə (təxminən saatda 12360 kilometr) uçmağa başlayır. Xüsusi proqram üzrə hazırlanmış “YU-71”, nəinki aerodinamik manevrlər etməklə onu yaxalmaq istəyən raketlərdən qaça bilmək özəlliyinə malikdir, həmçinin onun daha uzaq məsafələrə uçmaq xüsusiyyəti də var.

Ümumiyyətlə isə, uçuş zamanı trayektoriyasını tez-tez dəyişən hipersəs uçuş aparatlarının yaxalanması olduqca müşkül məsələdir. Beləki, atmosferə çıxan zaman ballistik raketlərin və adi döyüş başlıqlarının hədəfi vurması üçün, onların əvvəlcədən hansı trayektoriya üzrə uçacaqları bəlli olur. Lakin onlardan fərqli olaraq, hipersəs uçüş aparatlarını nə kosmik peyklər, nə də ki, dənizdə və quruda yerləşdirilmiş müasir raket əleyhinə müdafiə sistemləri vasitəsilə izləmək mümkündür.

Ancaq bu cür texnologiyaların işlənib hazırlanmasında Rusiya, hələlik Çinin gerisində qalır. Çinlilər yaxın vaxtlarda özlərinin “WU-14” aparatlarını sınaqdan çıxararaq, bu məsələdə müəyyən irəliləyiş əldə ediblər. Yuxarıda deyildiyi kimi Moskvanın apardığı sınağın uğursuz alınması bu yöndəki işlərin tam həyəta keçirilməsi istiqamətində problemlər yaşayan Pentaqon üçün yaxşı xəbərdir. Pentaqon da öz növbəsində hipersəs aparatlarının hazırlanması ilə ciddi məşğul olur.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar