ANS PRESS-in məlumatına görə, bu kredit əlverişli şərtlər əsasında yeni silahların həm də Rusiyadakı yerli qiymətlərlə alınmasına imkan verəcək. Müqavilənin lehinə parlamentin 98 deputatı səs verib, yalnız müxalifətdə olan "İrs" partiyasından olan deputat Zaruhi Postanyan əleyhinə səs verib.

Bu müqavilə Ermənistan və Rusiya hökumətləri arasında iyunun 26-da İrəvanda imzalanıb. 200 milyon dollarlıq kredit ancaq faiz ödəməklə üç illik lütf müddəti əsasında verilməlidi və sonrakı 10 ildə hissə-hissə qaytarılmalıdı.

Ermənistana silah almaq üçün 200 milyon dollar kreditin ayrılmasına dair saziş Rusiya-Ermənistan hökumətlərarası komissiyasının iyunun 26-da İrəvanda keçirilən iclasında imzalanıb.

“Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclası Ermənistana 200 milyon dollar kreditin ayrılmasına dair sazişlə yadda qalıb. Bu kredit erməni silahlı qüvvələrinin arsenalındakı müasir silahların və hərbi texnikanın assortimentini xeyli ölçüdə genişləndirəcək”, - deyə Sərkisyanın mətbuat xidmətinin açıqlamasında bildirilir.

Hökumətlərarası komissiyanın iclasına Rusiya tərəfdən nəqliyyat naziri Maksim Sokolov başçılıq edib. Ermənistana ayrılan kreditin şərtləri və detalları haqda məlumat verilmir.

Qeyd edək ki, Ermənistan son illər Rusiyanın Azərbaycana milyardlarla dollarlıq müasir silah və hərbi texnika satmasından çox narahat və narazı idi. Erməni ictimai rəyi bunu Rusiyanın Ermənistana xəyanəti kimi qəbul edirdi.

Sarkisyan və digər erməni rəsmiləri də dəfələrlə Rusiyanın Azərbaycana silah satmasından narazılıqlarını yumşaq da olsa ifadə ediblər.