Bu baş verərsə, Türkiyə ordusu Suriyaya girəcək

Türkiyə-Suriya sərhədində gərginliyin artması, ağır zirehli texnikanın sərhədə cəmlənməsi, orduya qarşı tərəfdə istənilən hərəkət edən hədəfi məhv etmək əmri verilməsi Türkiyənin yaxın vaxtlarda Suriyaya qoşun yeridəcəyi fikirlərinə yol açıb.

ABŞ mediasında Türkiyənin Suriyaya qoşun yeridəcəyi ilə bağlı xəbərlərin yayılmasından sonra bütün gözlər rəsmi Ankaraya dikildi. ANS PRESS-in məlumatına görə, baş nazir Əhməd Davudoğlu isə "Türkiyə qoşununun Suriyaya girəcəyini heç kim gözləməsin" açıqlamasını verdi. Amma Davudoğlu zirehli ağır hərbi texnikanın Türkiyə-Suriya sərhədinə göndərilməsini və qırıcılara hədəfə "vur" əmri verilməsini təsdiqləyib.

Əhməd Davudoğlu

Habertürk-ün hökumət və təhlükəsizlik orqanlarından əldə etdiyi məlumata görə, son günlər Türkiyə və ABŞ hökumətləri arasında Yaxın Şərqdə baş verən hadisələrlə, xüsusən də Suriya məsələsi ilə bağlı çox ciddi müzakirələr aparılır. Müzakirələrdə ən çox diqqət çəkən məqam Vaşinqtonun Ankaradan Adanadakı "İncirlik" hərbi bazasını istəməsidir. Məlumata görə, ABŞ Suriyada hərbi əməliyyatlar keçirmək üçün Türkiyədən Diyarbəkir vilayətini və "İncirlik" bazasını istəyib. bununla bağlı Türkiyə tərəfi hələlik qərar verməyib. Vaşinqton Türkiyə sərhədinin təhlükəsizliyi üçün bu ölkədəki hərbi bazalardan istifadəni şərt sayır.

Hazırda regionun İŞİD terrorçu qruplaşmasından təmizlənməsi üçün 3 variant nəzərdə tutulub.

1. PKK-nın qanadı olan PYD-nin əli ilə

2. Bəşər Əsəd rejiminə qarşı çıxan müxaliflər qüvvələrin vasitəsilə

3. Türkiyə ordusunun Suriyaya girməsi ilə

Suriyanın Hələb şəhərinə bağlı Cerablus şəhərinə kimin nəzarət edəcəyi isə Türkiyənin qırmızı xəttidir. Bütün müzakirələr burada düyünlənir. Çünki PYD Cerablusu ələ keçirərsə, Afrinə (Suriyada kürtlərin yaşadığı şəhər) qədər dəhlizin önü açılır və nəticədə Türkiyə sərhədinin böyük hissəsi PYD-nin nəzarəti altına keçir. Rəsmi Ankara isə buna razı deyil. Türkiyə PYD-nin Fərat çayının qərb hissəsinə keçməsini istəmir. PYD döyüşçüləri Cerablusa hücuma keçərsə, Türkiyənin hər şeyi gözə alaraq qoşunu şəhərə yeridəcəyi bildirilir.

Türkiyə sərhədi boyu qüvvələrin balansı

Türkiyə-Suriya sərhədində son günlər yaşanan gərginlik səbəbindən hərbi bazalarda atəş açmaq əmri ilə bağlı bütün qadağalar ləğv edilib. Türkiyə Milli Müdafiə Nazirliyndən bildirilib ki, İraq və Suriya sərhədi boyunca kəşfiyyat uçuşları həyata keçirən F-16 qırıcılarının çəkdiyi fotolar Ankarada Hava Qüvvələri Komandanlığında anbaan izlənilir. Qırıcılardan başqa Pilotsuz Uçan Aparatlar da Suriya və İraq sərhədlərində kəşfiyyat uçuşları həyata keçirirlər. Milli Müdafiə Nazirliyi bəyan edib ki, istər Suriya, istərsə də İraq sərhədində növbə çəkən əsgərlərə, uçan qırıcılara Türkiyə sərhədinə tərəf irəliləyən istənilən hədəfi dərhal məhv etmək əmri verilib.

Türkiyə Ordusunun tankları Suriya sərhədində

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar