Bakıda məscid yandıran PKK üzvü: “...biganə qala bilməzdim”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxur qəsəbəsindəki məscidə parlayıcı vasitə atmaqda təqsirləndirilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq zərərçəkmiş şəxs qismində tanınan Samir Yusubov ifadə verib. O, ifadəsində taksi sürücüsü olduğunu bildirib. “Həmin gün gecə saat 2 radələrində yolda iki nəfər mənə əl edib saxladı. Cavan olanı (Elnur) maşına mindi, qoca olanı (Namiq) isə yerdə getdi. Mənə dedilər ki, məscidin qabağında bir balaca işimiz var. Gözləyərsən. Fırlandım məscidin qabağına. Elnur mənimlə maşında oturdu. Namiq isə məscidə getdi. Bir müddətdən sonra səs-küy başladı. Mən Elnura dedim, düşək, görək nə məsələdir. Elnur mənə “sən maşında otur” dedi. Səs çoxalmağa başladı. Mən də düşdüm. Gördüm, nəsə əngəlli məsələdir. Mindim maşına, istəyirdim ki, gedəm. Elnurla Namiq qaça-qaça gəldi. Maşına əyləşdilər. Namiq bıçağı belimə dirədi ki, tez ol, sür. Məcbur oldum. Şübhələndim. Amma belimə bıçaq dirədiyindən səsimi çıxartmadım. Onları “Koroğlu” metrosunun yaxınlığında düşürdüm. Pul da vermədilər. Geri qayıdıb polisə müraciət etdim. Məlum oldu ki, artıq maşınım axtarışdadır. Hadisəni təfərrüfatı ilə bölmədə danışdım. Mənə dedilər ki, sənin apardığın adamlar məsciddi yandırıblar. Səhərə qədər bölmədə qalıb ifadə verdim. Onları harada düşürdüyümü göstərdim. Möhtərəm hakim, mən bunlara görə çox əziyyət çəkmişəm”.

Zərərçəkmiş şəxs kimi tanınan taksi sürücüsü Samir Yusubov hakim və dövlət ittihamçısının suallarını cavablandırıb.

Ondan sonra kürsüyə zərərçəkmiş şəxs qismində Qafqaz Müsəlmanlar İdarəsinin hüquq şöbəsinin əməkdaşı Əlişa Əliyev gəlib. O, ifadəsində hadisə zamanı namaz otağının yandırıldığı, ümumi olaraq məsciddə 9187 manat ziyan vurulduğunu deyib. “Vurulan ziyanı biz qarşıladıq. Şeyxin əmri ilə tez bir zamanda yenidən qurma işlərini başa çatdırdıq. İlk olaraq məhkəmədən bizə dəyən maddi ziyanının ödənilməsini istəyirik”.

Hadisə ilə bağlı da bildiklərini deyən Əlişa Əliyev məscidin gözətçisinin də döyüldüyünü bildirib.

Bundan sonra hakim Rauf Əliyev ifadə vermək üçün sözü təqsirləndirilən Namiq Nəsibova verib. N. Nəsibov ifadəsində Elnur Ələkbərova 2014-cü ilin əvvələrindən tanıdığını və yaxın dostluq münasibətlərinin olduğunu bildirib: “Özüm ali təhsilli həkiməm. İlk əvvəl onu demək istəyirəm ki, mən psixoloji problemlərimlə əlaqədar olaraq hər fəsil dərmanlar qəbul edirəm. Bu dərmanları təbii ki, həkim məsləhəti ilə qəbul edirəm. Hadisə günü dostlarla görüşmüşdük. Biz kürd əsilli olaraq Azərbaycan vətəndaşı olaraq fəxr edirik. Son zamanlar Suriya və onun kənarındakı hadisələr bizə pis təsir edirdi. Qəbul edə bilmirdik. Hadisə olan günü Elnur mənə dedi ki, Hövsanda işim var, dostlar oturub bizi gözləyir. Mən də getdim. Məclisdə Azər, Manaf, Elnur və mən iştirak edirdik. Bu zaman mən Elnura dedim ki, işimizi tez bitirib, şəhərə qayıdaq. Nəsə oldu, biz spirtli içki qəbul etdik. Sonra mən psixoloji problemlərimə görə dərman qəbul etdim. Çölə çıxdıq siqaret çəkdik. Ondan sonra nələr baş verdiyini hələ də yadıma sala bilmirəm. Özümə gələndə şəhərdəydim. Elnur nələrsə dedi, amma xatırlaya bilmədim. Sonra bizi hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıq. Milli Təhlükəsizlik Nazirliyinə gətirdilər. İfadə alan zaman heç nəyi xatırlamadığımı, bunun da səbəbinin dərmanlar olduğu bildirdim. Rus dilli bir müstəntiq məndən ifadə alırdı. Nə dedisə, mən də onu yazdım. Sonra kameralardan baxdım, bildim ki, məscidi yandırmışam. Psixoloji problemlərim olmasaydı, təsir altında olmasaydım, mən bu hərəkəti edəcək adam deyildim. Heç zaman xəyalıma belə gətirməzdim ki, mən belə bir əməl tutum”.

Təqsirləndirilən şəxs bundan sonra hakim və dövlət ittihamçısının suallarını cavablandırıb. O, çıxışında Suriyaya öz hesabına gedərək orada tibbi yardım xidməti göstərdiyini də dilə gətirib. “Baş verən hadisələrə biganə qala bilməzdim. Orada mənim kimi kürd milli kimliyi olan şəxslər yaralıydı. Onlara kömək etməliydim”.

Hakim Rauf Əliyev Namiq Nəsibovun hadisə zamanı olan çantasını niyə Masazır gölünə atdığının səbəbini soruşub. O, isə bunun səbəbini bu cür açıqlayıb: “Artıq o çanta mənə lazım deyildi. Həm də ki, özümə gələndən sonra Elnur bir-iki söz dedi. Çantam benzin iylənirdi. Atmalıydım”.

Sonda təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər. Onlar müdafiə etdikləri şəxslərin MTN-nin təcridxanasında Bakı şəhər Təcridxanasına köçürülməsini istəyiblər. Hakimlər yerində müşavirə edərək vəsatəti təmin edib.

Məhkəmə prosesi iyulun 13-də davam edəcək.

Qeyd edək ki, ötən il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nəsibov Namiq və Ələkbərov Elnur saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə “PKK” terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar