HƏBSDƏKİ HAKİMDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT - "O məmurun adını söyləməyə hazıram"

Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi prezidentə açıq məktub ünvanladı

Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi, hazırda həbsdə olan Həsən Əkbər oğlu Əliyev ölkə başçısı İlham Əliyevə açıq məktub ünvanlayıb. Məktubun bir nüsxəsi də Meydan TV-yə göndərilib. Sabiq hakim məktubunda göstərir ki, o, prezidentin apardığı daxili və xarici siyasəti dəstəkləyir. Məktubda deyilir:

"Siz güclü, əqidəli və iradəli bir Prezident olmaqla yanaşı, eyni zamanda öz vətənini, millətini, xalqını sevən prinsipial, adil və ədalətli bir dövlət başçısısınız" cümləsi ilə başlayan məktubda daha sonra problemlər sadalanır: "Cənab Prezident, mən, 2000- ci ildə Ulu Öndərimiz Heydər Əliyev cənablarının sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin sədri təyin olunmuşam. 2007- ci ildə sizin sərəncamınızla Azərbaycan Respublikasının Ağır Cinayətlərə dair Məhkəməsinin hakimi, 2012- ci ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunmuşam. İşlədiyim dövrlərdə dövlətimə və dövlətçiliyə sadiq olmuşam, ölkə Prezidentinin ətrafında sıx birləşərək, apardığınız siyasəti dəstəkləmişəm, onun qorunub saxlanması və inkişaf etdirilməsi yolunda bir hakim kimi üzərimə düşən vəzifələri layiqincə yerinə yetirmişəm, bacarıq və qüvvəmi əsirgəməmişəm. Bir sözlə, dövlətçilik prinsiplərini qoruyub saxlamışam.

Cənab Prezident! Hazırda mən böyük bir haqsızlıqla üzləşmişəm. Çox yüksək vəzifəli bir məmurun göstərişi ilə qondarma bir ittiham əsasında 01 aprel 2015-ci il tarixdə haqsız olaraq həbs olunmuşam. Həmin məmurun yaxın qohumu olan Nərimanov rayonunun sabiq prokuroru Fikrət Mahmudov və onun sabiq müavini Cavid Əliyevin cinayət əməlləri barədə Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edib bildirdikdən sonra bu hərəkətim yüksək çinli məmurun xoşuna gəlmədiyindən məni cəzalandırmaq üçün göstəriş vermiş, məhkəmədə fəaliyyətimi yoxlatdırmış, heç bir səbəb olmadan hakimlik fəaliyyətimə vaxtından əvvəl xitam vermək haqqında sərəncam imzalatdıraraq, 11.02.2014- cü il tarixdə, siz xarici səfərdə olduğunuz zaman elektron imza vasitəsi ilə rəsmiləşdirmiş, qondarma ssenari qurduraraq verdiyim şikayət ərizəsini və onunla bağlı toplanmış materialı Milli Təhlükəsizlik Nazirliyindən aldıraraq, araşdırılmasını Baş Prokurorluqda apartdırmaqla, mənə əsası şər və böhtanlarla qurulmuş ittiham verdirmişdir".

Sabiq hakim daha sonra deyir ki, saxta diplomlar əldə etməklə dövlət strukturlarında qulluğa düzəlmiş və bu faktın üstu açıldıqdan sonra 1998- 2000- ci illərdə vəzifədən qovulmuş, həmin vaxtdan bu günədək heç bir strukturda işə qəbul olunmayan, 2005-ci ildə Xətai Rayon Məhkəməsinin hökmü ilə dələduzluğa görə məhkum olunmuş, heç bir yerdə işləməyən Səlimov Ramazan Babaəli oğlu adlı şəxsi üzünə qoydurmaqla, ona şər və böhtan atılıb, əsassız olaraq dələduzluqda günahlandırılıb.

"Guya mən həmin yalançı biznesmeni, “görkəmli iş adamını” icra başçısı təyin etdirmək adı ilə aldadaraq, külli miqdarda pulunu əlindən almaqla, ona qarşı dələduzluq etmişəm.

Aparılan istintaq zamanı həmin şəxsin icra başçısı vəzifəsinə təyin olunmağa layiq olmadığını, əvvəllər məhkum olunduğunu, saxta diplomlara malik olduğunu, Bakının şəhərinin Əzizbəyov, Xətai, Yasamal rayon polis idarələrində onun barəsində ifşaedici materialların olduğunu, onun külli miqdarda pulunun olmadığını və təbii ki, belə halda mənə heç bir pul vermədiyini, imkansız bir şəxs olmaqla kirayələrdə yaşadığını, daimi yaşayış yeri olmadığından polisin inzibati binasına qeydiyyata salındığını, özünün təsadüfi gəlirlər hesabına, həyat yoldaşının, qızının isə daimi kreditlər almaqla dolandıqlarını, yəni ittihamda göstərilən pul mənbəyinə malik olmadığını, ittihamın qondarma olduğunu təsdiq edən hüquqi sənədləri, sübutları və faktları məhkəməyə təqdim etsəm də, məhkəmə omları nəzərə almayaraq mənə ittiham verilmə göstərişinin yüksək çinli məmurdan gəldiyini bildirməklə, mənə qondarma, heç nə ilə təsdiq olunmayan, sübuta və fakta söykənməyən, mənbəyi və təsdiqi olmayan hökm çıxarmışdır" - deyə sabiq hakim qeyd edir.

Məktubda daha sonra yazılır: "Ramazan Səlimov pulunun mənbəyini göstərə bilməyib. Məhkəmə araşdırması zamanı, o, pulunun mənbəyini 4 dəfə dəyişsə də, mənbələrin həqiqiliyi və mötəbərliyi məhkəmə tərəfindən yoxlanılmayib və kor-koranə hökm çıxarılıb. Təbiidir ki, mənbələr yoxlanılsaydı, icra başçısı getmək üçün “milyon dollar pul verən” , “imkanlı şəxs” utopyası puça çıxardı. Belə olan halda, Həsən Əliyevi nəyin bahasına olursa-olsun ləkələmək, həbs etdirmək barədə məmurun verdiyi göstəriş icra olunmamış qalardı.

Cənab Prezident! Həmin məmurun qorxusundan nə prokurorluq, nə də məhkəmə orqanları obyektiv araşdırma aparmır, faktsız və sübutsuz, 1937- ci illəri xatırladan ədalətsiz və qanunsuz qərarlar çıxarır, Cinayət Prosessual və Mülki Prosessual qanunvericiliyinin, Konstitusiyanın tələblərinə zidd olan, insan hüquq və azadlıqlarının pozulması sahəsində məhkəmə təcrübəsində analoqu olmayan qərarlar qəbul edirlər.

Respublikanın Baş Prokuroru, Ali Məhkəmənin sədri bütün bu qanunsuzluqlara göz yumur, yüksək vəzifəli məmura itaət edir, ona yararlanmaq mövqeyindən çıxış edir, onun qanunsuz və ədalətsiz göstərişlərini yerinə yetirməklə, məmuru razı salan addımlar atırlar. Onları insan hüquqları yox, respublikada söz sahibi olan, çətin məqamlarda onların köməyinə çatan özlərinə “ağsaqqal” qəbul etdikləri məmurun onlardan razı qalması maraqlandırır.

Cənab Prezident! Məni qanunsuz olaraq həbs ediblər, ailəmi, övladlarımı əsassız təqib edirlər. Onların barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən əsası olmayan müxtəlif xarakterli ədalətsiz qərarlar qəbul etdirib, icra etdirirlər. Bütün bunların məmur göstərişinə əsasən edildiyini bildirməkdən çəkinmirlər.

Sual oluna bilər: Nə üçün mən indiyədək susmuşam, Sizə, ölkə başçısına baş verən qanunsuzluqlar barədə müraciət etməmişəm?

Hamıya məlum olduğu kimi, ölkəmiz Sizin rəhbərliyinizlə respublikamızda İlk Avropa Oyunları kimi möhtəşəm, dünyəvi tədbirin keçirilməsi ərəfəsində idi. Gərgin və məsuliyyətli hazırlıqlar aparılırdı, xarici ölkələrdən qonaqlar gəlməkdə idi, bütün dünyanın diqqəti bizim respublikamızda idi. Belə bir zamanda, möhtəşəm tədbirqabağı mənim informasiya orqanları vasitəsilə sizə müraciət edib respublikamızda insan hüquqlarının kobud surətdə pozulması və məmur özbaşınalığı kimi halların olması barədə açıq şəkildə bildirməyim düzgün olmazdı. Belə bir addım atmaq Azərbaycanın uğurlarına kölgə salmaq, düşmənin dəyirmanına su tökmək, sizin apardığınız siyasətə, çəkilən əziyyət və zəhmətlərə xor baxmağa bərabər olardı. Bu xüsusiyyətlər isə mənə yaddır, mən onlardan uzağam. Ona görə də İlk Avropa Oyunları ərəfəsi mənim hüquqlarım pozulsa da, qanunsuz və əsassız həbs edilsəm də, ailəm təqiblərə məruz qalsa da, mən susdum və gözlədim, elə bir addım atmadım. Çünki qarşıda mənim şəxsi mənafeyimdən qat- qat yüksəklərdə duran Vətənin, xalqın mənafeyi var idi, hamımızın canından çox sevdiyi müstəqil Azərbaycan Respublikasının mənafeyi var idi. O ali mənafelər naminə susaraq öz problemlərimi arxa plana keçirdim. Onsuz da Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan, yüksək inkişafımızı gözü götürməyən xarici qüvvələr, insan hüquq və azadlıqlarının pozulmasını əllərində bayraq edən Avropa Şurası Parlament Assambleyasının parlamentləri əsassız olaraq Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirməkdədirlər.

İndi isə İlk Avropa Oyunları uğurla keçirilmiş, artıq qələbə qazanılmışdır. Bütün dünya Sizin apardığınız uğurlu siyasətdən və Azərbaycanın nəaliyyətlərindən danışır.

Mən də Azərbaycan Respublikasının bir vətəndaşı kimi qazanılan nəaliyyətlərə sevinirəm və həmin sevincləri xalqımla bölüşürəm. Bu sevincləri xalqıma bəxş edən şəxsiyyətə, Ölkə başçısına öz dərin minnətdarlığımı bildirməklə, Sizdən artıq dərəcədə xahiş edirəm: Mənim barəmdə bir məmur göstərişi ilə qondarma ittiham əsasında təşkil edilmiş cinayət işini xüsusi nəzarətə götürəsiniz. Cinayət işinin qanuni və obyektiv araşdırılmasını, qanunla qorunan hüquq və azadlıqlarımın pozulmasının qarşısının alınmasını, haqqın və ədalətin bərpa olunmasını təmin edəsiniz. Barəmdə olan cinayət təqibinin xitam olunmasına və qanunsuz həbsdən azad olunmağıma köməklik göstərəsiniz. Məni məmur haqsızlığından və məmur özbaşınalığından xilas edəsiniz. Yüksək cinli məmurun kimliyini sizin nəzarətiniz altında müraciətimi araşdıran şəxsə söyləməyə hazıram.

Mən əminəm ki, sizin kimi prezidenti olan ölkədə məmur özbaşınalığı bu həddə davam edə bilməz, haqsızlıq və ədalətsizlik hökm sürə bilməz".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar